Rusiyanın Qarabağ şərti - 5 rayon əvəzinə Azərbaycan

7-07-2016, 15:43   
Rusiyanın Qarabağ şərti - 5 rayon əvəzinə Azərbaycan
Moskva danışıqlarda ikibaşlı oyununu davam etdirir; təhlilçilər Rusiyanın təkliflərini Bakı üçün də təhlükəli sayır...

Prezidentlərin Vyana görüşünün ardınca baş tutan Sankt-Peterburq görüşündə Qarabağa dair konkret təkliflərin müzakirə edildiyi, hətta işğal altındakı 5 rayonun azad edilməsi istiqamətində müzakirələrin aparıldığı barədə ilkin məlumatlar yayılsa da, hələlik vasitəçi tərəfdən hər hansı rəsmi təsdiq gəlməyib.

Növbəti görüşlərin Fransa və ABŞ-da keçirilməsi barədə ümumi razılaşmaların olduğunu nəzərə alsaq, deyə bilərik ki, Qarabağla bağlı bir zamanlar mövcud olan ziddiyyətli yanaşmalar aradan qaldırılıb və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri arasında ümumi anlaşma mövcuddur.

İstənilən halda Vaşinqton və Paris Qarabağda atəşi kəsməyə nail olan Rusiyanın bu hərəkətini təqdir edir və hətta ATƏT-ə sədrlik edən Almaniyanın rəhbərliyi də Kremlin Qarabağ məsələsinin həllində “açar” rolunu oynaya biləcək ünvan kimi nişan verirsə, demək, ümumi anlaşma mövcuddur. İndi qalır Rusiyanın ortaya ədalətli mövqe qoyaraq bölgədə sülhə nail olmaqla bağlı prinsipial addımlar atması.

Ancaq müşahidələr göstərir ki, Kremlin əsas hədəfi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deyil, hətta bununla bağlı müəyyən addımlar atacağı halda Bakıdan nələrisə qoparmaqdır. Hansı ki, xarici işlər naziri Sergey Lavrov da bir müddət öncə Azərbaycanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulmasını istədikləri barədə eyham vurmuşdu. Rusiya ən azı öz hərbi birləşmələrini “sülhməramlı” adı altında münaqişə zonasına yerləşdirmək istəyir ki, bu da Azərbaycan üçün Qarabağın birdəfəlik itirilməsi anlamına gəlir. Çünki ortada Gürcüstandakı münaqişə zonalarının acı taleyi var.
Digər tərəfdən, Rusiyanın bir sıra davranışları onun “sülhpərvərliyinə” dəlalət etmir. Bu sırada Rusiyanın işğalçı Ermənistanda hərbi təlimlərə başlaması, həmçinin Xəzərdəki hərbi donanmanın təlimlərinə start verməsi dolayısı ilə Azərbaycana da təhdid hesab olunur. Üstəlik, Ermənistandakı Rusiya hərbi bazasının snayper atıcı bölüyünün 100-dən artıq hərbçisi “Kamxud” yüksək dağlıq poliqonunda hərbi təlimlərə başlayıb ki, bu da ölkəmizə yaxşı perspektiv vəd etmir. Hərbi təlimlərdə işğalçı ölkənin hərbçilərinin olmadığını demək mümkün deyil.

Müşahidələr onu deyir ki, Rusiya daha çox münaqişənin dondurulmuş saxlanılmasına çalışır, nəinki onu həll etməyə. Ermənilər isə hansısa variantın masa üzərində olduğundan narahatdır. Ancaq məlumdur ki, Rusiya bircə kəndin belə şərtsiz qaytarılmasına razılaşmaz. Bu mənada Rusiyanın ölkəmizdən Qarabağın əvəzində nələri istədiyi barədə suala cavab axtarmaq lazım gəlir.

Politoloq Arzu Nağıyev düşünür ki, ən azı Dağlıq Qarabağın ətrafındakı ərazilərin azad olunmasının qarşılığında Rusiyanın Azərbaycandan bir sıra istəklərinin olması mümkündür: “Buraya həm iqtisadi, həm siyasi, həm də hərbi istiqamətdə istəkləri daxil etmək olar. Yəni böyük layihələrdə təmsilçilik, bir sıra qurumlara üzv olmaq, hərbi cəhətdən suda, havada və quruda iştirak kimi istəklərin olduğunu deyə bilərik. Təbii ki, bunlar hamısı istək kimi də qalacaq. Çünki atılan hər bir addım bizim digər tərəfdaşların mənafeyi ilə uyğunlaşmalıdır. Bunu həm Azərbaycan, həm də Rusiya tərəfi başa düşür. Bundan başqa, bu gün regionda nüfuz sahibi olmaq üçün istər Qərb, istərsə də Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllindən bir siyasi rıçaq kimi istifadə etməyə çalışır. Təbii ki, bu, ən çox Rusiyaya lazımdır. Çünki bu, ən mühüm və demək olar ki, yeganə şansdır”.
A.Nağıyevin fikrincə, KTMT-nin İrəvan bəyanatı da Rusiyanın mövqeyini nümayiş etdirir: “Məlumdur ki, KTMT-nin üzvləri, o cümlədən Belarus, Qazaxıstan və digərləri də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və son aprel hadisələrində də biz bunun şahidi olduq. İkincisi də danışıqlar ərəfəsində bu, Rusiyanın ilk belə bəyanatlı deyil. Dəfələrlə belə olub, bu da son bəyanat olmayacaq. Biz öz ərazilərimizi müdafiə edirik və məqsədimiz beynəlxalq qanunlar çərçivəsində münaqişəni həll etməkdir, sülhün tərəfdarı olmaqla, buna görə də son variant kimi hərbi yol istisna edilmir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, aprel döyüşləri Dağlıq Qarabağ probleminə baxışı dəyişib: “İşğalçılar münaqişəni dondurduqları 20 ildə elə bilirdilər ki, Azərbaycan ordusu hərbi əməliyyata başlamayacaq, nə bilim böyük dövlətlər buna imkan verməyəcək, Rusiya seyrçi qalmayacaq və s. Ancaq bu amillərin heç biri Azərbaycan cəmiyyəti üçün əsas deyil. Xalqımızın yeganə vahid istəyi nə yolla olursa-olsun torpaqları azad etməkdir”. Siyasi şərhçi maraqlı bir detala da diqqət çəkdi: “Bugünlərdə qərbli diplomatlardan biri ilə söhbətdə tərəf müqabilim mənə açıq dedi ki, Azərbaycan xalqında torpaqları geri qaytarmağa olan ruh yüksəkliyinə valeh qalıb. Həmin diplomat Ukraynada da işləyib və dedi ki, Ukrayna orduya könüllü yığmaqda çətinlik çəkərkən, Azərbaycanda aprel ayında hamı döyüşə - ölümə atılırdı. Bunu ermənilər də anlayır. Ona görə zaman onların əleyhinə işləyir. Biz 10 milyonuq, onlar 2 milyon da deyillər. Biz torpaqların azadlığı uğrunda yüzlərlə, minlərlə şəhid verməyə hazırıq, onların isə buna hazır olduqları məndə ciddi şübhə doğurur. Ermənistanın gənc nəsli bizim gənc nəsildən fərqli olaraq onlara aid olmayan torpaqlar uğrunda ölmək istəmirlər”.

E.Şahinoğlu bildirdi ki, Kremlin Dağlıq Qarabağ münaqişəsini ədalətli həll edəcəyini düşünmür: “Çünki münaqişənin ədalətli həlli Azərbaycanın maraqlarına cavab verir. Kreml isə Azərbaycanı razı salıb, Cənubi Qafqazdakı yeganə strateji müttəfiqi Ermənistanı narazı salmaq istəmir. Kreml orta yol axtarışındadır. Bunu tapmaq isə praktik baxımdan mümkün deyil. Çünki Azərbaycanla Ermənistanın münaqişənin həllinə baxışları 180 dərəcə fərqlənir. Rusiya isə tərəf seçmək istəmir. Hələ ki Moskvanın yeganə istəyi tərəflərin atəşkəsə riayət etmələridir. Bu, Rusiya hakimiyyətinə həm də ona görə lazımdır ki, sakit başla bir neçə ay münaqişə ilə nə edəcəyini rahat düşünsün”.

Bu arada Rusiya XİN başçısı Sergey Lavrovun İrəvandan Bakıya gələcəyi barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Rusiya XİN başçısının müavini Qriqori Karasinin verdiyi məlumatın reallaşmaması, ümumiyyətlə, bu haqda açıqlama verilməməsi qəribə vəziyyət yaradıb. Belə çıxır ki, ya Lavrov Ermənistanı “ram” edə bilməyib, ya da ortaya qoyulan təkliflər Bakını qane etmədiyi üçün görüşə və müzakirələrə ehtiyac qalmayıb.

Ancaq o da mümkündür ki, Rusiya ilkin mərhələdə 5 rayonun geri qaytarılmasının qarşılığında Bakıdan istədiklərini ala bilmir. Çünki Azərbaycanda hər kəs yaxşı anlayır ki, Rusiya Qarabağın bir hissəsini qaytarmaqla Azərbaycanı tamamilə təsir dairəsinə keçirmək, üstəlik, konstitusiyaya zidd olaraq Dağlıq Qarabağda referendum keçirilməsinə nail olmaqla separatçı rejimin “müstəqilliyinə” hüquqi don geyindirmək istəyir. Azərbaycan prezidenti isə dəfələrlə bəyan edib ki, o, ölkə ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.


Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar