Rusiyaya qarşı yeni təhlükə, Türkiyənin Cənubi Qafqazda möhkəmlənmək istəyi

8-07-2016, 15:45   
Rusiyaya qarşı yeni təhlükə, Türkiyənin Cənubi Qafqazda möhkəmlənmək istəyi
Polşada NATO-nun ikigünlük sammiti keçirilir. Avropa.info xəbər verir ki, sammitdə Latviya, Litva, Estoniya və Polşada 4 NATO batalyonunun yerləşdirilməsi ilə bağlı qərarın qəbul olunacağı gözlənilir. Belə gedişatdan narahat olan Rusiya hesab edir ki, qərar regiondakı güc balansını dəyişə bilər. Maraqlıdır ki, sammit ərəfəsində Polşa paytaxtında anti - Rusiya əhval-ruhiyyəsi sürür. Polşa siyasətçiləri NAT sammitini mühüm adlandırırlar və hesab edirlər ki, dünya liderləri Avropa və onun şərq sərhədlərinin təhlükəsizliyini necə gücləndirmək barədə razılığa gəlməlidirlər.

Rusiyan XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən deyib ki, NATO-nun sərhədlərində aktivliyi NATO-nu narahat edir. O, Rusiyanın alyans üçün heç bir təhlükə yaratmadığını bildirib.

Qeyd edək ki, Varşavada keçirilən NATO sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Vurğulayaq ki, Azərbaycan öz hərbçilərinin iştirakı ilə və alyansın yüklərinin nəqlinə yardım etməklə Əfqanıstanda sülhməramlı əməliyyatlara böyük töhfə verir. Bu baxımdan, Azərbaycan dünyanın siyasi şahmat löhvəsində mühüm oyunçu olaraq qalmaqdadır. Ermənistanın Rusiyanın forpostluğundan xilas olmaq cəhdləri fonunda Azərbaycan və Gürcüstanı NATO-ya daha açıq ölkələr kimi səciyyələndirirlər. Bölgədə elə proseslər baş verir ki, siyasi müstəvidə kimin hansı gedişləri edəcəyini təxmin etmək qəlizləşir.
Son vaxtlar Türkiyə bölgədə möhkəmlənmək üçün Cənubi Qafqaza nəzarəti ələ keçirmək istəyir. Gürcüstanla münasibətlər baxımından ciddi bir böhran yaşamayan Ankara İrəvan ilə “Sürux protokolları” çərçivəsində əməkdaşlığı inkişaf etdirmək istəyir. Lakin bu məsələdə Bakının da maraqlarını nəzərə alan Türkiyə bölgədə əməkdaşlığın əsas vektorunun Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan münasibətləri olduğunu da anlayır.

Cənubi Qafqazdakı etnik münaqişələr SSRİ-nin dağılmasına səbəb olub. Odur ki, bölgə dünya üçün önəmli bir məkana çevrilib. Regionun mühüm oyunçusu kimi Türkiyə proseslərə daha fəal müdaxilə etmək niyyətini gizlətmir. Rəsmi Ankara rəsmi Bakı ilə əməkdaşlığa da sırf öz maraqları prizmasından yanaşır.
Təsadüfi deyil ki, Türkiyənin Cənubi Qafqazda rolu xeyli artıb. Həm Türkiyə ərazisində hərbi təlim və təkrar təlim komponentindən, həm də Azərbaycan və Gürcüstanın hərbi təhsil sisteminin NATO standartlarına uyğunlaşdırılmasından ibarət olan hərbi kadr hazırlığında Ankaranın fəallığını xüsusilə qeyd etmək lazım gəlir. Ankara güc mərkəzinə çevrilir. Həmçinin, formalaşan hərbi alyansın postsovet məkanında öz maraqlarının müdafiəsi üçün açıq-aşkar hərbi alətdən istifadə edən Rusiyaya qarşı yönəldiyini də hesab edənlər az deyil.

Türkiyənin Cənubi Qafqazdakı tərəfdaşları ilə inkişaf etməkdə olan hərbi əməkdaşlığını, Bakı və Tiflisin NATO ilə genişlənməkdə olan münasibətlərini hələ ki, Qərb və Rusiya neytral izləyir. NATO-nun planları bir sıra hallarda Türkiyə ilə ziddiyyət təşkil edir. Odur ki, bu mərhələdə Ankaranın rolu NATO-nun rəqibi olan Moskvanı qane etməyə bilməz. Rusiyanın cənub sərhədlərində və bütünlükdə Qafqazda radikallığın güclənməsi fonunda Ankara və Moskva əməkdaşlığı da aktuallığını artırıb. Moskvanın səssiz razılığı olmadan Türkiyə - Azərbaycan – Gürcüstan arasında üçtərəfli hərbi format yaratmaq imkansız olardı.
Digər tərəfdən, Rusiya və NATO-nun regionda status-kvosunun müvəqqəti xarakter daşıması və gələcəkdə gərginliyə gətirib çıxara biləcəyi ehtimalı azdır. Rusiyanın İranın nüvə proqramı üzrə danışıqlarda konstruktiv iştirakı, marşrutların diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyi sisteminin formalaşdırılması və neft qiymətlərinin ucuzlaşmasından irəli gələrək, Rusiyanın qlobal iqtisadiyyata cəlb olunması prosesinin sürətləndirilməsi, xarici kapitalın geniş iştirakı ilə daxili islahatlara hazırlıq təhlükəsizlik sahəsində Kremlin Qərblə əməkdaşlığını vacib edir. Yəni, Moskva Qərb qarşısında geri çəkilmək zorundadır. Ankara və Bakı isə bu fürsətdən yararlanmaq istəyir...

Avropa.info-nun ekspert qrupu
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar