Hələ 2009 – cu ildə Aleksey Baliev adlı müəllif “Stoletie” elektron nəşrində dərc edilmiş yazısında Dağlıq Qarabağ münaqişəsinin bu ərazinin təbii ehtiyatları və tranzit üstünlükləri ilə bağlı olduğuna diqqət çəkmişdi.
Maraqlıdır ki, həmin yazıda Azərbaycan təbii ehtiyatlar və ekologiya nazirliyinә istinadən A. Baliyev Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə 30 erməni qızılçıxarma şirkətinin fəaliyyət göstərdiyinə diqqəti cəlb edirdi. Yenə onun məlumatına görə 2001- 2008 –ci ildə təkcə bir şirkət 16 ton, 2008-ci ildə isə 4 ton qızıl çıxarmışdı. Yazıda qeyd edilirdi ki, Dağlıq Qarabağda aşkar edilmiş və əksəriyyəti də sənaye əhəmiyyətlinə malik 155 təbii ehtiyat mənbələri, o cümlədən 5 qızıl mədəni, 6 civə, 2 mis, 1 qalay, 1 sink, 14 təbii əlvan daş, 9 gips, 4 mərmər- tuf, 10 mineral su, 7 müalicə - palçıq qaynağı və s vardır. Dağlıq Qarabağda neft ehtiyatlarının da kəşf edilməsi ehtimalının Ermənistandan xeyli yüksək olduğundan bəhs edilirdi.
Tranzit imkanlarına gəldikdə isə, Dağlıq Qarabağ ərazisinin Türkiyə və İranla tranzit əlaqələri baxımından, habelə beynəlxalq neft-qaz kəmərlərinin keçməsi baxımından da da ən əlverişli məntəqə olduğu qəbul edilir. Təhqiqata cəlb edilən maraqlı faktlardan biri hələ keçən əsrin 60-70- ci illərində Dağlıq Qarabağdan keçməklə Bakı – Ermənistan- Naxçıvan neft kəmərinin layihəsini xatırladılmasıdır. 2016- cı ilin martında yuxarıda adı çəkilən A. Baluyev “Qarabağ əhalisi qızıl üstündə gəzir” başlıqlı başqa bir yazısında hələ 60 – 70- ci illərdə belə planların olmasını qeyd edərək, lakin Ermənistan rəhbərliyinin hələ o vaxt bu planların vaxtı çatmadığına SSRİ rəhbərliyini inandıra bildiyini yazırdı. Baluyev qeyd edir ki, bu siyasi səbəblərlə bağlı olub.
Hələ SSRİ dövrü mənbələrinə görə hazırda işğal altında olan ərazilərin yalnız bir hissəsində (Kəlbəcər və Laçın rayonları ərazisində) 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 milyon ton mis, 660000 ton qurğusun və digər metal ehtiyatları vardır.
Bu məlumatlarda diqqət cəlb edən məqamlardan biri Kəlbəcər və Laçında 1250 ton qızıl ehtiyatlarının olması və hazırda burda hər il tonlarla belə qızılın hasil edilməsidir. İstər-istəməz Qarabağa dair təklif edilən sülh layihələrində məhz Kəlbəcərin və Laçının qaytarılmasının sonrakı mərhələlərə saxlanmasının bu amillə bağlılığı varmı sualı meydana çıxır.
Onu da nəzərə almaq lazım gəlir ki, Laçına münasibətdə bu məsələ Qarabağ ermənilərinin Ermənistanla birbaşa əlaqəyə malik olması zərurəti ilə əsaslandırılırsa, Kəlbəcərin azad olunmasının nə üçün, həm də bütünlüklə sonraya saxlanmasının izahı ümumiyyətlə yoxdur. (Qeyd edək ki, layihələrdə Laçının 13 kəndi istisna olunmaqla digər hissələrinin qaytarılması nəzərdə tutulur.)
Sonradan bu mövzunu davam etdirən təhqiqat aparan erməni və rus təhqiqatçıları fransız mənbələrinə əsaslanaraq Dağlıq Qarabağa gətirilən qızıl hasilatı avadanlığının bütünlüklə Rusiya və Fransa mənşəli olmasına, fəaliyyət göstərən şirkətlərin də həmin olkələrə məxsusluğuna diqqəti cəlb edirlər.
Konkret müəssisələrin , məsələn "GeologixGroup", və digər müəssisələrin və sahibkarların adları çəkilir və bunun həmin ölkələrin rəsmi dairələrinin xəbəri olmadan edildiyinin qeyri mümkün olduğunu vurğulayırlar. Bəzi müəlliflər (məsələn Vagram Ağacanyan) bir sıra Moskva məmurlarının kabinetlərində 0,5 kq - lıq Qarabağ qızıl külçələrinin dekor kimi qoyulmasından bəhs edirlәr.
Doğrudur, təhqiqatlarda bütün bu işlərin arxasında dövlətlərdən daha qüdrətli hökümətlərüstü, transmilli bir orqanın da dayandığı barədə işarələr vardır. Lakin bu məchul qurumun adını çəkməkdən ehtiyat edildiyi hiss olunur.
2016- cı ilin aprel döyüşlərindən sonra Ermənistanda meydana çıxan hərbi – siyasi böhran kontekstində Qarabağ qızılı mövzusu yenidən aktuallaşdırıldı.
Erməni KİV- ləri aprel döyüşləri başlayan kimi qondarma “DQR” in baş naziri Araik Arutyunyanın başçılığı ilə hərbi təyinatlı xüsusi bank hesabı açılmasına diqqət çəkdi. Məsələn “Plyus 3-cü qüvvə” qəzeti yazırdı ki, “bu hesabın şübhəli şəkildə operativ, elə aprelin 2-i günü elan edilməsinin özü bəzi düşüncələrə yol açır.
Birincisi, cəbhədə ilk atəş açılan kimi həm hesabın açılması, həm də dərhal maliyyə daxil olmaları barədə məlumatların verilməsinə başlanmasından belə bir nəticə çıxarılırdı ki, döyüşlər barədə DQR rəhbərliyi əvvəlcədən bilirdi. Bununla işarə edilir ki, bu o halda mümkün ola bilərdi ki, erməni tərəfi özü bu əməliyyatı planlaşdırıbmış və məqsəd də varlı erməni diasporundan pul qopartmaq olub. Lakin plan baş tutmayıb. Cəmi 10 milyon dollar yığılıb. Erməni şərhçiləri bunu erməni diasporu, Ermənistan və Dağlıq Qarabağ ermənilərinin hakim rejimə və bu tipli dövlətçiliyə etibarının və etimadının, ümumiyyətlə DQR avantürasının gələcəyinə inamının itməsini kimi dəyərləndiribilər və Ermənistan Respublikası və qondarma DQR rəhbərliyinə rəsmi sorğularla müraciət ediblər:
Hesab edirik ki, Dağlıq Qarabağın və onun təbii sərvətlərinin həqiqi sahibi olan Azərbaycan xalqının işğalçı, quldur və oğrulara bu sualı verib cavabı da, sərvətlərimizi də alacağı bir gün mütləq olacaqdır. Olmalıdır.
Vaqif Hüseyn
Musavat.com