Azərbaycanda son illər poçt sahəsində xeyli islahat həyata keçirilib. Belə ki, MDB məkanında ilk dəfə ölkəmizdə bütün poçt məntəqələrinə müasir optik kabellər çəkilib, mobil operatorlar üzərindən yüksək sürətli xətlər təşkil olunub, poçt üzərindən bank maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılıb. Bura qoyulan xərclər mobil sahədən başqa heç bir rabitə sahəsinə qoyulmayıb. Bütün bunlara baxmayaraq, bəzi rayonlarımızda poçt xidmətləri sarıdan əhalinin əziyyət çəkdiyi müşahidə olunur. Gundelik-baku.com-a verilən məlumatlara görə, Şəkidə də rabitə xidmətləri bərbad vəziyyətdədir. Deyilənə görə, Şəki Poçt Filialının rəisi Seyran Abduləlimova ona tapşırılan işlərin öhdəsindən layiqincə gəlməyi bacarmır. Xatırladaq ki, bir müddət əvvəl rayon sakini Məmməd Məmmədov mətbuat vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək filial rəhbərliyindən şikayətini dilə gətirmişdi: «Mən qardaşımın oğlunun işlə təmin edilməsi üçün Şəki Regional Poçt Filialının rəisi Seyran Abduləlimova elektron poçt rabitəsi vasitəsilə müraciət etmiş və bu məsələ ilə bağlı köməklik göstərilməsini ondan xahiş etmişdim. Regional Poçt Filialının rəisi Seyran Abduləlimov “Vətəndaşların müraciətinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini bilmədiyi üçün mənə cavab vermədi. Heç olmasa o qanunu bilmədiyi üçün ən yaxşı yolu seçib cavab vermir. «Azərpoçt» MMC kimi mənasız cavab verməkdənsə cavab verməmək yaxşıdır ki, adam qıcıqlanmır onların məktubunu oxuyub. Bundan sonra «Azərpoçt» MMC-yə müraciət etdim. MMC-nin məsul işçisi İsaq Cəfərov heç cavab məktubumu araşdırmadan özü üçün super olan cavab məktubunda göstərmişdir ki, müvafiq vakant iş yeri olmadığı üçün işlə təmin edilməsi imkan xaricindədir. Seyran Abduləlimovun qohumu işlə təmin olunanda vakansiya olur, lakin mənim cavan qardaşımın oğlu işlə bağlı müraciət edəndə vakansiya olmur. Həmçinin Şəki Regional Poçt Filialında gözdən əlillər, habelə əlillər işləyə bilir, əmək qabiliyyəti tam olan qardaşımın oğlu poçtalyon da işləyə bilməz». Araşdırmalarımız göstərir ki, filial rəisinin barəsində bu cür şikayətlərin sayı-hesabı yoxdur. Belə ki, Şəki və regiona daxil olan rayonların sakinləri rəisin fəaliyyətindən narazıdırlar. Bizə çatan informasiyalara görə, bu şəxsin imza atdığı qanunsuzluqlar Şəki və ətraf rayonlarda poçt xidmətləri ilə bağlı ciddi problemlərin meydana çıxmasına səbəb olub. İddialara əsasən, bir müddət əvvəl filialda müəmmalı pul köçürmələri ilə bağlı faktlar ortalığa çıxıb. Amma rəis bunun üstünü dərhal ört-basdır etməklə məsələnin böyüməsinə imkan verməyib. Bu məsələnin təfərrüfatı barədə yaxın günlərdə araşdırma aparıb sizi də bilgiləndirəcəyik. Həmçinin Seyran Abduləlimovun sabiq rabitə naziri Əli Abbasovla münasibətləri haqda da bəzi məqamları açıqlayacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.