Sosial şəbəkələr artıq sadə vətəndaşlarla yanaşı, tanınmış siyasətçilərin, məşhurların da həyatlarının bir hissəsinə çevrilib. Tanınmışların yazıb paylaşdıqları status və şərhlər digərlərindən fərqli olaraq, daha çox diqqət mərkəzində olur. Çünki tanınmışlar hansısa ictimai-siyasi, sosial məsələlərə əksər hallarda sosial şəbəkələr vasitəsi ilə mövqe və ya münasibət bildirirlər.
Məlumdur ki, yerli tanınmışlar daha çox Facebook sosial şəbəkəsində aktivdirlər. Bu baxımdan bir neçə siyasinin son günlərdə nələr paylaşıb, yazdıqlarını araşdırdıq.
Müsavat Partiyasının başqanı Arif Hacılı son olaraq maraqlı status paylaşıb. Partiya başqanı Facebook sosial şəbəkəsinin istifadəçilər arasında keçirdiyi “Kimin simasının daha çox sənə bənzədiyini bil” sorğusuna qatılıb və maraqlı nəticə alınıb.
Məlum olub ki, Müsavatın indiki başqanına simadan daha çox əvvəlki partiya başkanı İsa Qəmbər bənzəyir. Sorğunun nəticəsi olaraq İsa Qəmbərin M.Ə.Rəsulzadənin abidəsi önündə çıxış edərkən çəkilən fotosu çıxıb.
Arif Hacılı nəticəyə bu cür münasibət bildirib: “Belə çox maraqlı (gülümsəmək işarəsini qeyd edib). Facebook bənzərimi tapıb. Amma bilmədim, məni Rəsulzadəyə bənzədir, yoxsa İsa Qəmbərə... “
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər isə son statusunda güneyli yazar Eldar Qaradağlının kitab təqdimatındakı iştirakından yazıb: “Azərbaycanımızın fədakar aydınlarından biri, dəyərli dostumuz Eldar Qaradağlının "Sürgün umudlar" kitabının təqdimatında iştirak etdik, sözümüzü dedik. Qaldı kitabı oxumaq, o da olacaq”.
Bu statusundan əvvəl isə İsa Qəmbər ötən gün “Qarabağ” futbol komandasının Çempionlar Liqasındakı oyununu izləməsindən yazıb: “Əsl futbol başladı! Biz bitdi demədən bitməz (gülümsəmək işarəsini qeyd edib). Qarabağ komandası 2016 Çempionlar Liqasında: İlk oyun, ilk qol, ilk qələbə!
Müsavat partiyası və MSDM rəhbərləri kimi deyil, azarkeş olaraq Arif Hacılı, Elman Fəttah, Əbülfəz Sadıqov, bəndəniz və digər dostlarımız burdaydıq, dəstək verdik, bir az həyəcanlandıq və sevindik. “Qarabağ” fanlarının şəhid polkovnik Raquf Orucovun 44 illiyini onun portretini qaldırmaqla qeyd etmələri çox təsirli idi. Zaqatala futbol fanlarının lideri İnqilab Soltanovun Bakıya gəlib “Qarabağ”ı dəstəkləməsi xüsusən zövq verdi. Azarkeş belə olar! Hər zaman və hər yerdə qələbəyə inamla!”
Deputat Fazil Mustafa isə Facebook vasitəsi ilə mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovu doğum günü münasibət ilə təbrik edib: “Bu gün Oqtay Qasımovun 50 yaşı tamam olur. Bu ad Azərbaycan Milli Azadlıq hərəkatında sözün bütün mənasıyla həmişə xüsusi hörmətlə xatırlanan, səmimiyyətinə və sədaqətinə sayğı duyulan bir Vətən övladını ifadə edir. Oqtay bəylə xalq hərəkatının ilk dövründən başlayaraq birlikdə olmuş, tələbə hərəkatında tədbirlərdə bir çox işlər görmüşük. Ardında AXC hakimiyyəti dövründə mərhum Əbülfəz Elçibəyin köməkçisi kimi çalışarkən dövlət işlərində yaxın əməkdaşlığımız olub. Tale elə gətirib ki, Kələkidə də mərhum liderimiz Əbülfəz Elçibəyin Aparatında birlikdə çalışmışıq, bir otaqda qalmışıq, ağır və sıxıntılı günləri cəbhəçi dostlarımızla çiyin-çiyinə verib atlatmışıq. Sonrakı illərdə də dostluğumuz davam edib və həqiqətən bu gün də güvənilir bir insan kimi bütün dostları tərəfindən sevilir. Qeyd edim ki, Oqtay bəy ikinci dönəmdir ki, Böyük Quruluş partiyasından Sabunçu bələdiyyəsinə üzv seçilib. Oqtay Qasımov obrazı bu gün də Azərbaycan cəmiyyətinin müxtəlif qütblərini öz səmimiyyəti, davasına bağlılığı ilə birləşdirən bir obrazdır. Allah onu, ailəsini qorusun, hər zaman uca insanlıq dəyərlərini yaşadan Oqtay bəyi ürəkdən təbrik edirəm, can sağlığı və mənalı ömrünün davamını arzulayıram”.
Bu günlərdə spiker Oqtay Əsədov ilə aralarında düşən mübahisə üzündən şifahi töhmət alan deputat Zahid Oruc sosial şəbəkələrdə o qədər də aktiv deyil. Deputat sonuncu dəfə 21 iyunda Möhlət qanunun imzalanması ilə bağlı geniş status paylaşıb.
Deputat Fərəc Quliyev sosial şəbəkədə aktiv olsa da daha çox açıqlama verdiyi yazıları paylaşır.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə sonuncu dəfə Müqəddəs Ramazan bayramı münasibəti ilə xalqı təbrik etməsindən yazıb.
AXCP sədri Əli Kərimli digər siyasi həmkarlarında fərqli olaraq sosial şəbəkədə çox aktivdir. Onun son yazdığı statusu olduğu kimi təqdim edirik: “Siz Çernoqoriyada iş yerləri açmağınızda, futbol çempionatlarına və klublarına sponsorluğunuzda, Vatikanı, Fransa muzeylərini abadlaşdırmağınızda olun, zəhmətkeş xalqımız da məhkəmələrdə “istiqlal savaşı” verməyində. Rəsmi statistikaya görə, yalnız 2014-2015-ci illərdə məhkəmələrdə kreditlərlə bağlı 267 min mülki işə baxılıb. Ölkədə 2 milyon yarım adamın krediti var, 1 milyon 200 min nəfər də kreditlərə zamin durub. 3 milyon 700 min nəfər azərbaycanlı analoqsuz kredit faizləri səbəbindən bu dünyada cəhənnəmi yaşayır. 18 yaşına çatmış əhalinin 70 faizindən artığı banklar tərəfindən girov götürülüb, bank – məhkəmə - məhkəmə icraçıları üçbucağında can vuruşdurur. Analoqsuz inkişaf həm də budur!”
Milli Şuranın sədri Cəmil Həsənlinin facebook səhfəsi olsa da aktiv deyil.
Müsavat Partiyası başqanının müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu isə son olaraq Cəmil Həsənlinin yazısını paylaşıb.
AĞ Partiyanın sədri Tural Abbaslı Türkiyədə şəhid övladlarının ödənişsiz təhsil aldığını əks etdirən fotonu paylaşaraq qeyd edib: “Dövlət şəhid ailələrinə etdiyi "güzəştləri" minnət kimi təqdim etməməlidir. Çünki o ailələr o "güzəştlərin" qarşılığını ən yüksək bədəllə - əzizlərinin həyatı ilə ödəyiblər! Dövlətlər şəhidlərin çiyinlərində dayanır. Bütün şəhidlərimizin ruhlarının və ailələrinin qarşısında baş əyirəm. Allah yerlərini cənnət etsin”.
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli isə aprel döyüşlərində şəhid olan polkovnik Raquf Orucovun doğum günü münasibəti ilə status paylaşıb: “Bu gün aprel döyüşlərinin qəhrəmanı, Şəhidimiz polkovnik Orucov Raquf İbrahim oğlunun ad günüdür. 44 yaşı tamam olur. Peyğəmbər süfrəsində yerin mübarək, Şəhidim! Nurlar içində yat, Vətənin İgid oğlu!”
Xalidə Gəray,
Musavat.com