Lidiya çarı Kryozu antik dövrdə ən varlı adam sayırdılar. Bizdən 2600 il əvvəl yaşamış və tonqalda yandırılmış bu şəxsdən Plutarx və Herodot öz əsərlərində bəhs edib.
Plutarxın yazdığına görə, müdrik Solon Lidiyanın paytaxtı Sardaya gələndə Kryoz onun qarşısında öz ölçüyəgəlməz sərvəti ilə öyünür. Solon isə ona “Heç kəsi sağlığında xoşbəxt adlandırmaq olmaz” deyir.
Herodot isə öz “Tarix”ində Solonun sözlərini bu cür ifadə edir: “İnsanı sağlığında xoşbəxt adlandırmaq yarış hələ bitməmiş atleti qalib elan etməyin eynidir”.
Solon haqlı çıxır. Lidiyanı farslar işğal edir, Böyük Kir əsir alınan Kryozu tonqalda yandırmaq əmri verir. Və alov hələ onu məhv etməmiş Kryoz “Solon haqlı imiş” deyir. Bədnam sonluq. Saysız-hesabsız sərvətlər çarı xoşbəxt edə bilmir.
***
İnanmaq olardı ki, acgözlüyün və var-dövlət hərisliyinin ümumiləşmiş obrazı sayılan Kryoz sonrakı nəsillər üçün nümunə və dərs olacaq. Xeyr, olmadı. Əvəzində sərvət xəstəliyi təkcə çarları yox, bütünlükdə ictimai xarakteri özünə tabe etdi.
İnsanın həyatında mənəvi-əxlaqi dəyərlər nə qədər az əhəmiyyət kəsb edirsə, onun Yer mənşəli sərvətlərə və maddiyyata meyli bir o qədər güclənir. Kapitalizm cəmiyyətində isə bu totallaşır - çünki istehlak kultu fasiləsiz reklam və təbliğ olunur. Tələbatlar isə bitib-tükənməz elan edilir. Kapital dünyası obıvatelləri süni tələbatlarla yemləyir. Süni tələbatlar isə o qədər çoxdur ki, onlara heç vaxt sona qədər nail ola bilməsələr də (axı tələbatlar daim yenilənir və çoxalır), dominantlıq təşkil edən meşşan psixologiyasında dərin kök atır.
O Henri Toro idi ki, çıxıb meşəyə yollanmışdı, noxud əkirdi və xoşbəxt idi. İndi nail olmaq hərisliyi fərdin ömrünü heç bir praktik rolu, dəyəri və funksionallığı olmayan əşyaların dalınca dəlicəsinə qaçmağa vadar edir. Birisinin iyirmi yerdə evi varsa, digəri onu sayda və ölçüdə ötməyə çalışır. Əksəriyyətin evi yoxdur, ancaq onlar da zənginlərin arzuları ilə yaşayır və içlərində gizlətməyə məcbur olduqları sərvət hərisliyinin nə vaxtsa reallaşa biləcəyi anı gözləyir. Halbuki, adi danışıqda sərvəti olmayanlar sərvəti çox olanları lənətləyir, pisləyir, ədalətə və bərabərliyə çağırır. Reallıqda isə sərvət uğrunda yarışda bütün vasitələr məqbul sayılmağa başlayır.
Sosial xarakter meşşanlığı təbliğ edir. O isə dibsiz quyudur - paxıllıq və hərislik hissləri sərvət uğrunda savaşı sonsuz edir.
***
Prezident məmurların ələ keçiirdiyi torpaq sahələrini misal çəkir: “Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir...”
Artıq siyahılar hazırlanır və məmurların sahibləndiyi o ərazilər əllərindən alınmalıdır. Deputat Vahid Əhmədov öz şərhində “məmurların əl-ayağa düşdüyünü” söyləyir. Ən kiçik kənddə belə istənilən vətəndaş istənilən hasarlanmış boş ərazinin əsl sahibinin kim olduğunu söyləyə bilər (Əsl sahibinin, çünki əksərən sənədləşmə işləri başqalarının adına aparılır).
Xalqın sərvəti olan meşələr, çaylar, otlaqlar belə min cür fırıldaqla özəlləşdirilir və ya icarəyə götürülür. Yaxından izlədikdə, paradoksal situasiya yaranır - müasir kryozlar əllərinə o qədər maddi sərvət toplamağa çalışır ki, əsl Kryoz təəccüblənərdi. Axı o çar idi, səltənətinin vahid sahibi idi, indiki kryozlar isə vur-tut məmurlardır. İndiki kryozların real tələbatlarını yüz dəfələrlə arxada qoyan sərvətlərə çeşidli taktikalarla yiyələnməyini təmin edən yeganə səbəb onların məmur olmasıdır. Sərvətlər onlara nə miras qalıb, nə də istehsalla məşğul olaraq pul toplayıblar.
Odur ki, vəzifədən uzaqlaşan kimi onlar da Kirin əmri ilə tonqalda acı sonluğunu gözləyən uduzmuş Kryoza bənzəyirlər.
***
Bizim illərimizdə ictimai rəydə ifrat neqativ imic qazanan personajlar elə də az deyil. Onlardan biri - Akif Çovdarov hələ məhkəməsi başlamamış, hökmü oxunmamış bu cür neqativ təəssürata nail olanlardan biridir.
Onun haqqında yazılan və yayılan məlumatlar elə təəssürat yaradır ki, elə bil illər uzunu təhlükəsizlik sistemində yüksək vəzifə tutmuş bu şəxs hər cür üsulla yeni Kryoz olmağa çalışıb. Və məntiqi sonluqla.
Bir qədər əvvəl vəkili onun xəstəliklərinin siyahısını açıqladı. Bəlli oldu ki, Çovdarov ürəyində şuntlama əməliyyatı keçirib. Üstəlik mədəsi də amputasiya olunub (yəni, rezeksiya da yox. Mədə hissəvi deyil, bütöv çıxarılıb). Bu diaqnozlarla onu əlil saymaq olar. Halbuki, əlil uzun illər yüksək vəzifədə oturub.
Reallığın ikinci üzü də var. Mütəmadi olaraq Çovdarovun şantaj etdiyi, soyduğu, sərvətini, işini və pulunu əlindən aldığı adamlar barədə saytlar yazırlar. Absurd mənzərə alınır: orta statistik azərinin nəzərində xoşbəxtliyin atributları siyahısında bir “kef çəkmək” anlayışı da var. Yəni, sərvət-pul toplayırsan, onları sevinc və fəxrlə tələbatların ödənilməsinə xərcləyirsən. Ürəyin müsbət emosiyalarla, mədən isə delikateslərlə dolu olur.
İndi baxın - adam fərli-başlı sevinə də bilmir. Ürəyi xəstədir, emosiya və həəyəcanlarına nəzarət etməlidir.
Adam yemək yeyə də bilmir - mədəsi yoxdur, sərt pəhriz saxlamalıdır.
Nə sevinə bilir, nə yeyə. Ancaq yenə də pul, dövlət toplamaqda, həm də ən mənfi yollarla toplamaqda davam edir. Dayana bilmir, “doyma mərkəzi”ni itirib. Və topladıqlarından yararlanmaq imkanı da yoxdur. Sonra da “xəstəyəm” adı ilə həbsdən qurtulmağa çalışır.
Kryoz kimi olmaqdırmı bizim yeni sosial xarakterimiz?!. Və inanırsınız ki, başqaları Çovdarovun karyerasını (bitmiş yox, davam edən formada) özü üçün arzulamır?
Mən inanmıram...
Məmməd Süleymanov
Virtualaz.org