Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Binəqədidə çoxmərtəbəli binada baş verən yanğına səbəb olmaqda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısından sonra davam etdirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, gün ərzində ümumilikdə 26 zərərçəkən ifadə verib.
Bəzi iddialarda, vəkilərin fikirlərində şübhəli şəxs kimi adı çəkilən, bina yanan zaman özünü 15-ci mərtəbədən atan Yaşar Nəcəfovun yaşadığı mənzilin sahibi də ifadə verib.
O, Y.Nəcəfovun hərəkətlərində heç bir şübhəli məqam görmədiyini və onun binanı yandıraraq özünü atması iddiaları ilə bağlı heç bir fikir söyləyə bilməyəcəyini deyib: “Yaşar mənim uzaq qohumudur. Evi ona kirayəyə vermişdim. Özümüz Xırdalanda yaşayırıq. Hərdən telefonla danışırdıq. Bu zaman da evin problemləri ilə maraqlanırdım. Normal, sakit xasiyyətli insan kimi tanıyırdım. Heç bir roblem yaşamamışıq”.
Vəkillər zərərçəkəni dindirərkən Yaşar Nəcəfovla bağlı məqamı xüsusi araşdıraraq onun özünü niyə binadan atması barədə soruşublar.
Zaur Mustafayev həmkəndlisi olan Yaşarın niyə bu addımı atması haqda belə danışıb: “Yanğından sonra axşam saat 8-9 arası evə qalxdıq. Gördüyümüz dəhşətli idi. Dəmir qızdırıcılar belə ərimişdi. Divarların daşı qopmuşdu. Bəlkə mən də onun yerində olsaydım, özümü binadan atardım”.
Təqsirləndirilən Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva çıxış edərək Xətaidə binada baş verən yanğına görə həbs edilənlərdən birinin təcridxanada dünyasını dəyişdiyini xatırladaraq müvəkkilinin də eyni xəstəlikdən əziyyət çəkdiyini bildirib: “Ürəyində ciddi problem var. Fasilədə təcili yardım gəlib. İlkin yardım göstərilib. Növbəti məhkəmə prosesində bunu nəzərə almağınızı və müvəkkilimin ev dustaqlığına buraxılması məsələsinə baxılmasını xahiş edirəm”.
Prosesdə FHN əməkdaşları Rasim Ağayev və Mehdi Məsimli zərərçəkən kimi ifadə veriblər. Onlar yanğın zamanı yanıq xəsarətləri alıblar. Onlar FHN əməkdaşlarının səhlənkarlığı, qeyri-peşəkarlığı və s. kimi sakinlər tərəfindən səsləndirilən ittihamlarla razılaşmayıblar. Onlar bildiriblər ki, hadisə yerinə çağırışdan 15 dəqiqə sonra çatıblar, maşınlarda da su olub. Su vuran rezin boruların bəzilərini isə pəncərələrin sınmış şüşələri deşib.
Məhkəmə iclasında çıxış edən zərərçəkən Fariz Yusifov ona 368 min manat zərər dəydiyini, brilyantlarının yandığını deyib: “Hadisə yerinə gələndə evimin yanmadığını gördüm. Axşam saat 6-da gördüm ki, mənzilim alışdı. Saat 19:30-da söndürdülər. Mən hesab edirəm ki, saat 6-ya qədər mənim mənzilimə girib qiymətli əşyalarımı götürüb, sonra oranı yandırıblar. Mən evə axşam saat 11-də Hacıbala Abutalıbovla görüşəndən sonra buraxıldım. İki televizorum yox idi. Qiymətli əşyalar, gümüş qaşıqlar, bahalı paltarlar yox idi. Oğurluq olduğunu düşünürəm”.
Yanğın zamanı anasını itirən Murad Yəhyayev də ifadə verib.
Hadisə zamanı anasının, yoldaşının, iki qızının və bacısının evdə olduğunu söyləyən M.Yəhyayev yaxınlarından saat 15:30-da xəbər aldığını deyib: “Nə qədər gözlədik, ancaq xəbər ala bilmədik. Dedilər ki, gedin xəstəxanalara. Kiçik qızımı tapa bilmirdim. Yoldaşımı, bacımı, böyük qızı tapdım. Anamın vəfat etdiyini, tüstüdən boğulduğunu öyrəndim. Kiçik qızımı atam tapmışdı”.
Məhkəmə prosesi ilyun 19-da davam etdiriləcək.
Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
İlkin MURADOV,
Musavat.com