Moskvada şiə-sünni qarşıdurmasını kim və niyə törədib...

6-10-2016, 09:15   
Moskvada şiə-sünni qarşıdurmasını kim və niyə törədib...
Sabiq milli təhlükəsizlik polkovnikindən hökumətə çağırış; İlham İsmayıl: “Moskvadakı təhlükəli hadisənin Azərbaycana keçməməsi üçün profilaktik tədbirlər görülməlidir”
Oktyabrın 4-də Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub. Lent.az-ın Rusiya paytaxtındakı mənbələrinə istinadən verdiyi xəbərə görə, saat 20 radələrində Mir prospektində yerləşən Cümə məscidinə 30-dək vəhhabi təriqətinə aid şəxslər hücum edib. Onlar qapıları sındırıb məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məcidin ətrafında olan 20-yə yaxın polis hücumun qarşısını ala bilməyib.

Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb. Bundan sonra hadisə yerinə 50-dək “OMON”-çu gəlib. Polis əməkdaşları Moskva “Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin məsciddə toplaşan dindarların təzyiqindən sonra o, sərbəst buraxılıb. Hücum edənlər insidentdən sonra hadisə yerindən uzaqlaşıblar.
Moskva Müsəlmanları Ruhani İdarəsi isə Rusiya paytaxtındakı Cümə məscidində baş verən hadisə ilə əlaqədar azərbaycanlıların məktubuna rəsmi cavab verib. Bunu “Report”un Moskva müxbirinə Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” ictimai təşkilatının sədri Nizami Baloğlanov bildirib. Onun sözlərinə görə, Moskva Cümə məscidində oktyabrın 4-də baş verən qarşıdurmada təqribən 200 azərbaycanlı iştirak edib. N.Baloğlanov bildirib ki, icma liderləri və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşıdurmanın genişmiqyaslı davaya çevrilməsinin qarşısını alıb.

Image result for Nizami Baloğlanov

Təşkilat sədri vurğulayıb ki, Moskva Müsəlmanları Ruhani İdarəsi “Əhli-Beyt” icmasına rəsmi məktub göndərib: “Məktubda qeyd olunub ki, azərbaycanlılara Məhərrəm ayı ilə bağlı Cümə məscidində tədbirlər keçirməyə icazə verilmir. Bunu müxtəlif icmalar arasında münaqişə ola biləcəyi ilə əsaslandırıblar. Biz 20 ildir Cümə məscidində analoji tədbirlər keçiririk. İndi məsciddə aparılan yenidənqurma işlərindən sonra toplaşmağımıza icazə vermirlər. Bazar ertəsi normal qaydada məsciddə toplaşaraq namazımızı qılıb, duamızı etdik. Amma sonrakı gün kimlərinsə təhrikinə görə digər müsəlmanları bizə qarşı qoydular”.
O əlavə edib ki, hazırda Moskvada yaşayan azərbaycanlıların şiələr üçün müqəddəs aylarda, bayramlarda və anım günlərində toplaşacağı heç bir yer yoxdur: “Bu səbəbdən azərbaycanlılar İranın Rusiyadakı səfirliyi yanında fəaliyyət göstərən İslam Mədəniyyət Mərkəzində toplaşmağa məcburdur”.

N.Baloğlanovun sözlərinə görə, təşkilat dəfələrlə imanlıların dualarını edib, namazlarını qılmaları üçün məkan ayrılması xahişi ilə Moskva meriyasına və azərbaycanlıların diaspor təşkilatlarına müraciət edib, amma bunun heç bir nəticəsi olmayıb, məsələ “ölü nöqtə”dən tərpənməyib.

Məscidə hücum hadisəsi ilə bağlı dünən Moskva Müsəlmanları Ruhani İdarəsində Rusiyanın baş müftisi Ravil Qaynuddinin iştirakı ilə görüş keçirilib.

Göründüyü kimi, məsələ kifayət qədər ciddidir. Rusiyada bir neçə milyon Azərbaycan vətəndaşının yaşadığı və bu ölkədə baş verən hadisələrin Azərbaycana da bu və ya digər şəkildə təsirsiz ötüşməyəcəyi iddiası da var. Məscidə hücum hadisəsinin arxasında Rusiyada məzhəblərarası münaqişələri alovlandırmaq planı daya bilərmi? Bu cür hadisələrin Azərbaycanda təkrarlanmaması üçün nələr edilməlidir?

Image result for İlham İsmayıl

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, keçmiş təhlükəsizlik polkovniki İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Moskvadakı sözügedən hücum təşkil olunmuş işdir: “Hansı səviyyədə təşkil olunduğu isə başqa məsələdir. Dini radikal mərkəzlər var və o mərkəzlərin təklifləri ilə meydana gələn hadisəyə oxşayır. Yəni bu hadisə "həvəskar", kiminsə özbaşına təşəbbüsü deyil. Amma bu hadisəni dövlətə yaxın dairələrin elədiyini iddia eləmək istəmirəm. Rusiya rəsmi dairələri öz ölkələrinin daxilində bu cür məzhəblər arası münaqişələrin olmasını istəməz. Moskvada daha çox şiələr var. Daha çox Azərbaycandan gedənlərin hesabına şiələr çoxdur. Amma Rusiyada tatarlar, çeçenlər və digər bir sıra müsəlman millətlər sünni təriqətinə mənsubdurlar. Məscidə şiələrə hücum edənlər böyük ehtimalla Azərbaycandan gedən vəhhabilərdir. Hücuma məruz qalanlar da azərbaycanlı şiələrdir".

O ki qaldı bu xoşagəlməz hadisənin Rusiyaya yayıla bilmə və Azərbaycan da keçmə təhlükəsinin olub-olmadığına İ.İsmayıl dedi ki, bu cür hadisələr hələ ki, məscidin içərisindədir. Amma hiss olunur ki, cəmiyyətə sirayət eləməsi artan xətt üzrə gedir: “Bunun qarşısı hələ ki nə maarifləndirmə yolu, nə hüquq-mühafizə orqanlarının əli ilə alına bilmir. Yaxşı olardı ki, bu cür təhlükəli məsələlərin Azərbaycana keçməməsi üçün Dini Qurumlarla İş üzrə Komitənin, hüquq-mühafizə orqanlarının nümayəndələri Moskvaya ezam olunsunlar, orada müsəlmanların dini lideri ilə görüşsünlər, müəyyən işlər aparılsın. Tdbirləri görsünlər ki, bu cür hadisələrin öncədən qarşısı alınsın. Çünki məzhəblər arasında baş verən münaqişələr çox təhlükəli olur və genişlənmək ehtimalı yüksək olur. Belə təhlükəli proseslərin Azərbaycana keçməməsi üçün proflaktik tədbirlər görülməlidir. Qafqaz Müsəlmanları İdarəsinin maarifləndirmə tədbirlərinin bu məsələdə ciddi təsirinin olacağını düşünmürəm. Ona görə də qeyd etdim ki, məsələyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq mühafizə orqanları müdaxilə etməlidirlər”.

Keçmiş MTN zabiti məscidə şiələrə hücumun arxasında Moskvada məzhəblərarası münaqişələrin alovlandırılması planının dayanması ehtimalının çox zəif ehtimal olduğunu da söylədi: “Ona görə ki, Rusiya müsəlman ölkəsi deyil. Orada baş verə biləcək müsəlman təriqətləri qarşıdurmasını Rusiya hökuməti özü amansızcasına yatızdırar və Rusiya ictimaiyyəti də bunun tərəfində olar. Rusiyanın içində münaqişələrin alovlanmasını istəyən mərkəzlər bu planlarını gerçəkləşdirmək üçün müsəlman təriqətləri arasında münaqişə yaratmaq xəttini seçməzlər”.

Qeyd edək ki, Azərbaycanın daxilində heç vaxt şiə-sünni qarşıdurması olmayıb.

Etibar SEYİDAĞA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar