Xalqın hesabına böhrandan çıxmaq cəhdi- Yaxud, hökumətin növbəti analoqsuzluğu

7-10-2016, 10:33   


“Böhran”anlayışını ilk dəfə eşitmirik. “Filan ölkədə iqtisadi böhran baş verir”, “filan ölkəyə böhrandan çıxmaq üçün yardım edildi”, “Qlobal böhran gözlənilir” kimi ifadələri çox eşitmişik. Yəni, hər bir ölkədə hansısa periodda axsamlar, krizislər, iqtisadi çöküşlər ola bilər.

Amma Azərbaycanda tamam fərqli proses gedir. Əvvəla, Azərbaycanın düşdüyü sosial-iqtisadi bataqlıq qlobal böhranın, təbii fəlakətin nəticəsi deyil. Azərbaycan yarıtmazlığın, məsuliyyətsizliyin, bacarıqsızlığın, hüquqsuzluğun qurbanına çevrilib. Yəni, öklədə böhranın rəqs etməsi üçün heç bir iqtisadi səbəb yoxdur. Əgər bu illər ərzində düzgün iqtisadi siyasət yürüdülsəydi, neftin qiymətinin ucuzlaşması Azərbaycanı belə ağır vəziyyətə sala bilməzdi. Bu qədər sərvəti olan bir ölkənin xarici borcla yüklənməsi, əhalinin böyük hissəsinin bank girovuna çevrilməsi, milli valyutanın 100 faiz dəyər itirməsi, 10 milyar dollarlıq büdcəyə sahib olması absurddur.


Amma bu yazıda toxunmaq istədiyimiz əsas məqam başqadır. Yuxarıda da qeyd etdiyimiz kimi bugünə qədər müxtəlif ölkələrdə böhranlar baş verib. Amma birqayda olaraq normal hökumətlər böhrandan çıxmağın yollarını axtarırlar. İlk növbədə isə vətəndaşın vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atılır. Bəli, hökumətlər çalışır ki, xalqı böhranın küləyindən qorumaq üçün müəyyən jestlər etsin. Azərbaycanda isə böhran dərinləşdikcə bunun əksini görürük. Yəni, hökumət xalqı böhrandan çıxarmaq əvəzinə, xalqın hesabına böhrandan çıxmaq istəyir. Xalq hökumətdən jest gözlədiyi halda, hökumət xalqa yük göstərir.

Birinci devalvasiyadan sonra bu ölkədə nələr baş vermədi? Başqa ölkələrdən fərqli olaraq devalvasiyanın zərəri xalqın üzərinə qoyuldu. Amma bu devalvasiyadan məmur bankları milyardlar qazandı. Ardınca qiymət artımları start götürdü. İkinci devalvasiya daha sərt oldu və bu dəfə də xalq yükləndi. Yenə də qiymət arıtmları baş verdi. Kommunal xərclərdən tutmuş, ərzaqa qədər bütün məhsulların qiyməti qalxdı. Daha sonra ixtisarlar start götürdü, cərimələr sərləşdirildi, kredit şərtləri daha da mürəkkəbləşdi, xaricdə təhsil ləğv olundu, təhsil haqqını ödəyə bilməyən 17000 tələbə Universitetdən kənarlaşdırıldı və.s Eyni zamanda hökumət mənasız layihələr pul xərcləməyə də davam etdi, xaricdə xarabalıqların abadlaşdırılmasına yenə də vəsait ayrıldı, beynəlxalq tədbirlərə sponsorluq edildi və.s Son olaraq isə gömrük rüsumları artırıldı. Bu isə o deməkdir ki, qiymətlər yenidən qalxacaq.

Deməli, hökumət ən ağır böhran şəraitində də hökumət komnadasının komfortundan kəsməyi yox, vətəndaşın boğazından kəsməyi üstün tutdu. Bəli, hökumətin anti-bphran tədbirləri vətəndaşı böhrana salamqla nəticələndi və bu proses davam edir. Milyarderə çevrilmiş məmurlar ortaya pul qoymadılar, qəpik-quruşu olan xalqdan pul tələb edildi.

Bəli, bizim hökumətimizin “islahat proqramı”, “anti-böhran tədbirləri” də analoqsuzluğu ilə dünyaya səs salıb. Böhranın məngənəsində sıxılan xalqın hesabına böhrandan çıxmaq taktikası, yalnız bizim hökumətin ağlına gələ bilər.

Sonra da sual edilir ki, anti-böhran tədbirləri niyə nəticə vermir. Belə “şedevr” idarəçiliklə anti-böhran tədbirləri ancaq nəticəsizliyə xidmət edə bilər. Qısası, hökumət xalqı böhrandan çıxarmaq əvəzinə, xalq hökuməti böhrandan çıxarır

İlham
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar