Eldar Mahmudovun bandasından "biz hələ ölməmişik" mesajı...

22-10-2016, 09:47   


Bir neçə gün öncə maşınına və obyektinə basqın olan iş adamı “MTN çetesi”nin ona qarşı hücumundan danışdı



Xəbər verdiyimiz kimi, Bakıda, Yasamal rayonu, Parlament prospekti 1 ünvanında iş adamı Maqsud Mahmudova məxsus avtomobilin şüşəsi sındırılıb. Oktyabrın 15-dən 16-na keçən gecə baş verən olayla bağlı M.Mahmudov Yasamal Rayon Polis İdarəsinə, prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verib. “Yeni Müsavat”a açıqlamasında bildirib ki, DTX-yə müraciətindən sonra quruma dəvət olunub və məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılacağını bildiriblər.



M.Mahmudov maşının şüşəsi sındırılmazdan 1 həftə əvvəl ona məxsus mağazanın da şüşəsinin sındırıldığını açıqlayıb. Bildirib ki, müraciətlərindən sonra Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət olunaraq ondan ərizə alınıb: “Mənim ləğv olunmuş MTN-də üzləşdiyim qanunsuzluqlar haqda mətbuatda kifayət qədər yazılıb. Eldar Mahmudovun quldurları mənə qarşı qanunsuzluqlar edib, əmlaklarımı, maşınımı əlimdən alıblar. Bununla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində şikayətlərim üzrə cinayət işi başlanıb.

Həmin cinayət işi ilə yanaşı iddiam əsasında Nərimanov Rayon Məhkəməsində əmlaklarımın özümə qaytarılması ilə bağlı MTN əməkdaşına qarşı mülki iddiam da olub. Həmin iddianı da məhkəmə təmin edib, xüsusi qərardad çıxarmaqla mənə qarşı qanunsuzluq etmiş şəxslərin cəzalandırılmasının təmin olunması üçün prokurorluğa yollayıb. Belə bir vəziyyətdə maşınımın şüşəsinin sındırılması ilə bağlı mən kimdən şübhələnməliyəm?”

M.Mahmudov deyib ki, hazırda istintaqın nəticəsini gözləyir. Bundan sonra atacağı addımları müəyyən edəcək.

Qeyd edək ki, M.Mahmudova məxsus obyekt və bahalı avtomobil “MTN çetesi”nin üzvləri tərəfindən əlindən alınıb. E.Mahmudov vəzifədən çıxarılandan sonra M.Mahmudov Baş Prokurorluğa müraciət edib, məhkəməyə iddialar verib. Ötən ilin noyabrında qəzetimizdə “Mənim brilyant qaşlarım niyə Eldar Mahmudovun balonundan çıxmalıdır?” - VİDEO"

http://musavat.com/news/musahibe/menim-brilyant-qashlarim-niye-eldar-mahmudovun-balonundan-chixmalidir-video_306028.html sərlövhəli yazıda iş adamı M.Mahmudov əmlaklarının əlindən alınmasının tarixçəsini anladıb. Hazırda onun əmlaklarının əlindən alınması ilə bağlı şikayəti üzrə Baş Prokurorluqda istintaq aparılır. Belə bir vaxtda M.Mahmudovun maşınının şüşəsinin sındırılması “MTN çetesi”nin onu hədələməsi kimi də dəyərləndirilə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar