İlin sonunda manatı nə gözləyir?-VİDEO

23-11-2016, 09:15   


Manatın sürətlə dəyərini itirməsi qiymət artımına səbəb olur. Bu da ölkə əhalisi arasında ajiotaj yaradır. Bəs manat ilin sonuna qədər xarici valyuta qarşısında davam gətirə biləcəkmi? Ümumiyyətlə, manatı ilin sonunda nə gözləyir? Meydan TV-nin budəfəki sorğusuna iqtisadçılar, bu sahənin ekspertləri cavab verir.

Qubad İbadoğlu:

"Devalvasiya hər gün gedir. Növbəti devalvasiya sabah da ola bilər. Amma baxır o devalvasiyanın tempi necədir. İndiki devalvasiya aşağı faizlə ifadə olunur. Əvvəlki devalvasiyalar yüksək templə həyata keçirilib. Ona görə "devalvasiya yoxdur" demək də düzgün deyil. Amma üçüncü vəya dördüncü devalvasiya olacaq demək də yanaşma baxımından korrekt deyil. Azərbaycan manatı demək olar ki, hər gün devalvasiyaya uğrayır. Devalvasiyaya uğramaq o deməkdir ki, manat aparıcı xarici valyutalara nisbətdə öz dəyərini itirir".

Əkrəm Həsənov:

"Mən hesab edirəm ki, manat ən yaxşı halda 1,9-na gedib çatacaq. Bu da ilin sonuna dollara olan tələbatın artmasıdır. Amma eyni zamanda həm də gözlənilir ki, ilin sonuna FED öz kreditlər üzrə faiz dərəcəsini artıracaq. Yəni, bu olsa və bununla bərabər neftin qiymətini ucuzlaşması da gözlənilir. Yəni, bunlar olsa, böyük ehtimalla ki, manat hətta 1,9-dan da çox artacaq".

Samir Əliyev:

"İstər dünyada, istərsə də ölkə daxilində baş verən proseslər bu gün manatın ucuzlaşmasını diktə edir. Bunun səbəbi onunla bağlıdır ki, dünya bazarında neft ucuzlaşır. Dekabrda dolların bahalaşması gözlənilir, çünki FED uçot dərəcələrini qaldırmaq istəyir. Eyni zamanda ilin sonunda büdcə xərclərində artım baş verəcək. Büdcə xərclərinin artması dövriyyə manat kütləsinin artmasına gətirib çıxaracaq. Manat kütləsi də artanda bu valyuta bazarına yol tapır və dollara tələbat artır. Buna görə də biz son günlər dolların bahalaşmasını müşahidə edirik. Əslində burada iki ssenari mümkündür: kəskin devalvasiya - hansı ki, bundan əvvə iki dəfə baş verib, bir də yumşaq dvalvasiya. Hökumət çalışır ki, bu prosesi yumşaq devalvasiya şəklində aparsın. Əgər hər hansı bir fövqəladə hadisə baş verməzsə, dünya bazarının nefti kəskin düşməzsə, FED uçot dərəcələrini qaldırmazsa və ölkə daxilində hər hansı bir maliyyə panikası baş verməzsə, ilin sonuna mənim gözləntim belədir ki, manatın dollara olan məzənnəsi ən çox 1,8 olacaq. Yox əgər biz dediyimiz amillər baş verərsə, gərginlik yaranarsa, dolların manata olan məzənnəsi iki manat həddini ötə bilər".

Rəşad Həsənov:

"Manatda ucuzlaşma bundan sonra da davam edəcək. Texniki hesablamalar onun göstərik ki, ilin sonuna qədər gün ərzində təxminən 0,03 faiz ucuzlaşma şərtilə, ümumiyyətlə, götürəndə sentyabr ayı ilə müqayisədə manat 21 faizə yaxın dəyərini itirəcək. Son nəticədə manatın rəsmi məzənnəsinin 1manat 93 qəpik müəyyənləşməsi ehtimalı var. Təbii ki, bu, texniki analizdir və hazırda bundan əvvəlki iki ay ərzində baş verənlərin nəticəsinin inikası kimi özünü göstərir. Digər fundamental faktorlar da manatın məzənnəsinə təsir göstərə bilər: FED-in uçot dərəcəsi ilə bağlı qərarı və eyni zamanda bir həftə sonra gözlənilən OPEK-in neft hasilatının azaldılması vəyaxud dondurulması ilə bağlı qərarı. Bu iki mühüm qərar manatın məzənnəsində öz psixoloji təsirini göstərəcək. Ümumiyyətlə, faktiki olaraq qıtlıq müşahidə olunur, valyuta bazarlarında tələb demək olar ki, ödənilmir. Belə bir şəraitdə bizim gözləntimiz odur ki, qara bazarlarda bir ABŞ dollarının dəyəri hətta iki manatın üzərinə belə yüksələ bilər".

Natiq Cəfərli:

"Azərbaycan manatına basqılar həm ölkə daxilindən qaynaqlanan problemlərlə, həm də beynəlxalq aləmdə baş verən problemlərlə əlaqədar getdikcə artacaq. Daxildəki problemlər ondan ibarətdir ki, ölkənin ciddi idxaldan asılılığı var. Yeni il bayramının olması səbəbindən ölkənin idxal mallarına tələbatı artacaq və valyuta çıxışları sürətlənəcək. Yeni il tətilində ölkədən çıxıb xaricdə, ən azı yaxın ətrafımızda dincəlmək istəyən və yaxud da, yeni ilini keçirmək istəyən vətəndaşların çox olduğunu nəzərə alsaq, bu da valyutaya olan tələbatı artıracaq. Xaricdə olan problemlərsə, daha doğrusu, manata olan basqılar isə həm neft qiymətləri ilə bağlıdır ki, son zamanlarda ciddi volatil bazara sahibdir. Bir gün ərzində 4-5 faiz ucuzlaşıb, bahalaşa bilir. Neftdə qeyri-stabil bir qiymət siyasəti gedir. Bundan başqa, əsas problem Federal Rezerv Sisteminin faiz artırması gözləntisidir. Nəhayət, dekabrın 14-də FED faizi artıracaq. Nəticədə dünyada dolların bahalaşma sürətini getdikcə artıracaq. Ətraf ölkələrimizdə bizim ticarət tərəfdaşlarımızın milli valyutalarında ciddi enmələr müşahidə olunacaq. Bu da manata basqıları artıracaq. Bütün bu daxili və xarici problemləri nəzərə alsaq, ilin sonuna qədər manata basqılar davamlı şəkildə olacaq. Ən neqativ ssenaridə təqribən 2 manata yaxın, orta ssenari də, 1.90 qəpik və pozitiv ssenaridə təqribən 1.80- 1.85 civarında olması gözlənilir. Yəni ortalama qiyməti ilin sonuna 1.90 manatın 1 dollara bərabər olması ehtimalı çox yüksəkdir"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar