Evsizlikdən, işsizlikdən, ehtiyac çoxluğundan dağılan ailələr

23-11-2016, 21:50   
Evsizlikdən, işsizlikdən, ehtiyac çoxluğundan dağılan  ailələr
Həyat şəraitinin çətinləşməsi boşanmaları sürətləndirib

2016-cı il oktyabrın 1-nə qədər qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb. Bu haqda Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, 2015-ci il ərzində ölkədə 68773 nikah, 12764 boşanma qeydə alınmışdı. Ekspertlər də təsdiqləyir ki, son zamanlar ölkədə nikahlar azalıb, boşanmalar artıb.

Diqqət etsək görərik ki, hər il ölkədə boşanmalar nikahların 10 faizini təşkil edib. Əgər 10000 nikah olubsa, 1000 boşanma qeydə alınıb, 100000 nikah olubsa, 10000 boşanma qeydə alınıb. 2016-cı ildə isə bu rəqəm 20 faizə yüksəlib. 50 min nikah qarşılığında, 10 min boşanma qeydə alınıb.


Əlbəttə, boşanmaların müxtəlif səbəbləri var. Amma Azərbaycan reallığında boşanmaların əsas səbəbi sosial-iqtisadi vəziyyətdir. Gənc ailələr evsizlikdən, işsizlikdən, ehtiyac çoxluğundan əziyyət çəkirlər. Ölkədə həyat şəraiti gündən-günə pisləşdiyi üçün, ailələrin ömrü də qısalır. Bütün problemlərin kökü maddiyyata dirənir. Hökumət gənc ailələrə şarait yatratmaq əvəzinə, aliment ödəyə bilməyənlərin ölkədən çıxışına qadağa qoyur. Ümumiyyətlə, mövcud hakimiyyət heç vaxt səbəblərlə maraqlanmayıb, nəticəyə görə qərar çıxarıb.

Nikahların azalması, boşanmların çoxalması cəmiyyətin bir orqanizm kimi xəstələnməsinin göstəricisidir. Ailənin kiçik dövlət olduğunu nəzərə alsaq, ailələrin dağılması, yeni qurulan ailələrin sayının azalması təhlükəli reallıqdır.

2016-cı ildə boşanmaların sayının sürətlə artması təsadüfi deyil. Böhran dərinləşdikcə, neqativ rəqəmlər artır. Birinci devalvasiyadan sonra qiymətlərin kəskin artması, kommunal xərclərin çoxalması, ixtisarların kütləviləşməsi baş verdi və bu da hər bir ailəyə öz təsirini göstərdi.

Yaranmış mənzərənin əsas səbəbi budur ki, hökumət korrupsiya ilə, yarıtmazlıqla, məsuliyyətsizliklə nikaha girib. Bəli, hökumət tənəzzüllə nigah bağlayanda, cəmiyyətin həyatında tərəqqi baş vermir. Təkcə boşanmalarla bağlı statistika göstərir ki, ədalətsiz cəmiyyətdə siyasətə qarışmamaq xilas yolu olmur. Faktiki olaraq aparılan anti-milli siyasət ailələri dağıdıb, uşaqları valideynsiz qoyub, onminlərlə insanda psixi pozğunluqlar yaradıb və.s

Əlbəttə ki, hansısa ekspert meydana çıxıb, boşanmaların səbəbini digər arqumentlərlə əsaslandıra bilər. Amma həmin arqumentlər 10 il əəvəl də var idi, indi də var. Deməli, boşanmaların sayının artmasını, nikahların azalmasını ənənəvi arquentlərlə əsaslandırmaq absurddur. Əsas səbəb ölkədə yaşamaq üçün münbit şəraitin olmamasıdır. İnsanlar ailə yükünü daşımaqdan qorxurlar. Dünyaya uşaq gətirmək, kiçik külfəti dolandırmaq, Azərbyacanda qəhrəmanlıq sayılır. İnsanlar ailə həyatı qurmaq üçün minimal şərtlərə hazır olmadığı üçün vaxtı uzadırlar. Ailə quranlar isə əjdahaya çevrilmiş ehtiyaclardan can qurtarmaq üçün boşanmaq yolunu tuturlar. Statistikaya görə aliment ödəmədiyiniə görə artıq 1000 nəfərin ölkədən çıxışına qadağa qoyulub. Bu faktın özü də göstərir ki, adamlar bu şərtlər daxilində özlərini də dolandıra bilmirlər.

Bir sözlə, yürüdülən siyasət bütün sahələri olduğu kimi, ailələri də dağıdır və gələcəyin təməlləri uçurdulur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar