“Azərbaycan üçün 66 inzibati rayon çoxdur. Yaxşı olar ki, Azərbaycan quberniyalara bölünsün”. Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov APA-ya müsahibəsində deyib.
O, daha sonra bildirib ki, mövcud Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın və Lənkəran iqtisadi rayonların əsasında 10 quberniyanın olması daha məqsədəuyğundur.
İstiqlal.az bir qədər əvvəl indiki ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin yaradılması barədə hakimiyyətdəki mənbəyə istinadən xəbər yaymışdı. Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun bunu elmi izahını verməsi də təsadüfü deyil. Bu ilin martında yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərardan öncə Azərbaycan Milli Elmlər Akademiyası bununla bağlı rəyini açıqlamış, zəruruliyini əsaslandırmışdı. İndi də eyni qayda ilə ərazi vahidlərinin dəyişdirilməsi ilə bağlı alimlərin rəyi açıqlanıb. Çox güman ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı siyasi qərar veriləcək.
Vilayətlərin yaradılmasında bir məqsədi də mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq.