Arzu Nağıyev: “Dövlət qurumları bu istiqamətdə müvafiq addımlar atır və bu gün qorxulu heç nə baş vermir”
Qlobal xarakter almış terrorçuluğun və ekstremizmin doğurduğu problemlər bizim regionumuzda da tüğyan edir. Türkiyədə tez-tez partlayış olur, Yaxın Şərqdə terrorlar, güllə səsləri səngimir. Azərbaycanın adı tez-tez müxtəlif dövlətlərin xarici işlər nazirliklərinin öz vətəndaşlarına müraciətlərində terror təhdidi və riski yüksək olan ölkələr sırasında çəkilir.
Bugünlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev mətbuata açıqlamasında Azərbaycanı terror təhdidlərindən qorumaq üçün bütün preventiv addımların atıldığını deyib. Xidmət rəisi qeyd edib ki, digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var.
“Yaxın Şərqdə gedən proseslərin təhdidləri var. Lakin prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hüquq-mühafizə orqanları qətiyyətlə bu məsələləri həll edirlər”- deyə general-leytenant bildirib.
DTX tərəfindən bölgələrdə keçirilən əməliyyatlara toxunan M.Quliyev qısa zamanda cinayətkarların, casusların məhv edilməsi üzrə əməliyyatlar keçirildiyini vurğulayıb: “Əməkdaşlarımız onları saxlayan zaman silahlı müqavimətlə rastlaşdılar, lakin bunun qarşısını qətiyyətlə aldılar. Ümumiyyətlə, Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə tək işləmirlər, digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə çalışırıq, məlumat mübadiləsi edirik”.
Ümumilikdə isə dini radikallıq getdikcə terrorçuluqdan çətin fərqlənir. Törədilən terrorçuluq əməllərində dini radikallığın əsasları özünü daha çox büruzə verir. “Əl-Qaidə”, İŞİD və digər terrorçu təşkilatlar din pərdəsi altında iyrənc siyasət həyata keçirirlər. Təhrif edilmiş ehkamlardan öz çirkin terrorçuluq fəaliyyətlərinin gerçəkləşdirilməsində istifadə olunur. Belə təhlükələrin önlənməsi üçün bir müddət əvvəl isə Azərbaycanda dini radikalizmlə bağlı qanun qəbul olundu. Qanunlar gözəl olsa da, təkcə qanunlarla dini radikalizmin qarşısını tam almaq mümkün deyil. Düzdür, Azərbaycan Qafqaz regionunda sabitliyi ilə seçilən respublikadır. Amma ümumilikdə daxil olduğumuz region qaynar qazandır.
Politoloq Arzu Nağıyev deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əsas prioritet istiqamətlərindən biri kəşfiyyat və əks-kəşfiyyatdır. Terrorla mübarizə də əsas fəaliyyət istiqamətidir: “Azərbaycanda terror aksiyaları törədilmir, bu yaxşı haldır. Ancaq bu heç də o demək deyil ki, Azərbaycanda bu hadisə heç vaxt ola bilməz. Dünyanın ən böyük kəşfiyyata malik ölkəsi olan Amerikada belə 2001-ci ildə böyük bir terror baş verdi. 3 min ABŞ vətəndaşı həyatını itirdi. Bu gün Türkiyənin ən çox qorunan şəhəri Ankara belə terrorçuların hücumuna məruz qalır. Mülki insanları hədəf seçib öldürürlər.
DTX terrorla mübarizə, radikal dini qruplara qarşı mübarizədə də öndədir. İstər dini təmayüllü radikal qruplaşma, istərsə də terror təşkilatı olsun, belə qurumlarla mübarizə aparılır. Agentura fəaliyyəti həyata keçirilir. Son 3 ayda DTX əməkdaşları 3 uğurlu əməliyyat keçirib. Bu əməliyyatlarda həbs və məhvetmə kimi sonluqla nəticələnən müvafiq tədbirlər gerçəkləşdirilib. Bu işlər müvafiq əməliyyat-axtarış planına uyğun aparılır. Suriya və digər ölkələrdə fəaliyyət göstərən terrorçu, radikal dini qruplaşmalarda olmuş şəxslərin müəyyən edilərək zərərsizləşdirilməsi üçün də müvafiq əməliyyat-axtarış işləri fasiləsiz olaraq davam etdirilir. Nəticəsi də göz qabağındadır".
A.Nağıyev terrorçu qruplaşma üzvlərinin müəyyən olunaraq zərərsizləşdirilməsi, ölkəmizə gəlişinin qarşısının alınması üçün preventiv addımların atıldığını da diqqətə çatdırdı: “Hüquq-mühafizə orqanlarının birgə çalışması nəticəsində xaricdən ölkəyə gələn terrorçu qruplaşma üzvü olmaqda şübhəli bilinən şəxslər müəyyən edilir. Texniki vasitələr, canlı müşahidə, əməliyyat işi ilə belə şəxslər aşkarlanır, üzə çıxarılır, həbs olunur və ya zərərsizləşdirilir. Bu böyük bir prosesdir. Bu istiqamətdə də müvafiq əməliyyat agentur fəaliyyət həyata keçirilir. DTX rəisinin son açıqlamalarında vurğuladığı kimi, digər dövlətlərin Azərbaycana qarşı təhdidləri, maraqları var. Bu maraqların gerçəkləşdirilməsində terrorçu qruplaşmalardan istifadə də istisna deyil. Bu baxımdan, müəyyən dərəcədə narahatçılıq var və bu narahatçılığın qarşısını almaq üçün hüquq-mühafizə orqanları, xüsusən Dövlət Təhlükəsizliyi Xidməti müvafiq addımlar atır və bu gün qorxulu heç nə baş vermir. Heç bir dövlət terrordan sığortalanmayıb. Lakin müvafiq strukturlarımız bunun qarşısını almaq üçün gərəkən bütün addımları atır”.
E.MƏMMƏDƏLİYEV