Prezident İlham Əliyev sərəncam imzalayıb. Criminal.az xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əliağa İzzət oğlu Hüseynovu “Şöhrət” ordeni ilə təltif edib. Əliağa Hüseynov 1946-cı il dekabrın 16-da Salyan rayonunda anadan olub.
1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1975-ci ildə isə Baş Ştabın Mərkəzi Kursunu bitirib. 1998-2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olub. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə general-leytenant Əliağa İzzət oğlu Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
11 noyabr 2009-cu il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2010-cu il tarixli Sərəncamı ilə Əliağa Hüseynov dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi ilə əlaqədar olaraq Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2015-ci ildə yenidən deputat seçilib.
Criminal.az xatırladır ki, Ə.Hüseynov nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır.
Criminal.az