Qardaşı oğlu Tağı Əhmədovu necə satıb – məhkəmədə sensasion etiraf

27-12-2016, 09:14   
Qardaşı oğlu Tağı Əhmədovu necə satıb – məhkəmədə sensasion etiraf
Metropolitenin sabiq rəisinin ən yaxın qohumu ona qarşı ifadə verib: “MTN-də döydülər, məcbur oldum...”; Sabiq məmurun başına açılan oyunun şok təfərrüatları ortaya çıxıb; T.Əhmədovun danışmasına 1 gün qalır...

Dekabrın 26-da ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, məhkəmə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Tağı Əhmədovun epizodu üzrə davam etdirilib.

Amma gözlənildiyi kimi, Tağı Əhmədov dünən məhkəməyə gəlməyib. Məhkəmədə zərərçəkmiş T.Əhmədov ifadə vermədən, şahidlər dindirilib.

Şahidlərdən bir Tağı Əhmədovun qardaşı oğlu olub. O, əmisinin 3 milyon manatı Akif Çovdarova necə verməsi haqda danışıb.

İttiham aktında Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon istəməsinin təfərrüatlarında yazılır ki, MTN-ə 10 ədəd “Range Rover” markalı avtomobil lazım olub. A.Çovdarov Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. Amma T.Əhmədov 1 milyon dollara başa gələcək bu təklifi qəbul etməyib.

Image result for Tağı Əhmədov

Tağı Əhmədov iddiasında deyir ki, bundan sonra şantaj və təhdid edilib. Onun metroda işləyən qardaşı oğlu Şövqi Əhmədov və digər qohumu Elşən Tağıyev izlənilib. Növbəti dəfə isə xidmətin üçüncü idarə rəisi Rəsul Rəsulov Tağı Əhmədovla görüşüb. Ona rəhbərliyin mesajını çatdırıb. R.Rəsulov metropoliten haqda MTN-ə daxil olan şikayətlər əsasında onu həbs edəcəkləri, şəxsiyyətini zor tətbiq etməklə alçaldacaqları ilə hədələyib. Bunların baş verməməsi üçün isə T.Əhmədovun 3 milyon manat verməsini istəyib. Sabiq metropoliten rəisi bu tələbi də rədd edib.

T.Əhmədovun dediyinə görə, bundan sonra qohumları olan Elşən və Şövqi Akif Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub, döyərək, işgəncələr verilib. Onlardan T.Əhmədovun əleyhinə ifadələr almağa çalışıblar.

Hətta Elşən Tağıyevin MTN-dən ağır kəllə-beyin travması diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirildiyi deyilir.

Image result for Milli təhlükəsizlik nazirliyi

Nəhayət, Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb. Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.

T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni danışıb. Müstəntiqin ondan “Siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz” sualına “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə cavab verib.

Məhkəmədə ilk olaraq Tağı Əhmədovun qardaşı oğlu Şövqü Tağıyev ifadə verib. O, məhkəmədə sərbəst ifadə versə də istintaqa ifadələri arasında ziddiyyətlər olub.
Vəkil Sadiq Rəsulov deyib ki, Şövqü Əhmədov MTN-ə tək çağırıldığını, dindirildiyini, qohumu Elşən Tağıyevi görmədiyini deyib: “Amma istintaqa ifadəsində deyib ki, Elşənlə birlikdə gediblər. Şövqü fərqli ifadə versə də sonradan istintaqa ifadəsini təsdiqlədiyini deyib”.

Image result for Akif Çovdarov

Tağı Əhmədovun qohumu Elşən Tağıyev də ifadə verib. Elşən Tağıyev Tağı Əhmədov metropolitenin rəhbəri olduğu dövrdə metro keçidlərindəki mağazalardan icarə haqlarını yığırmış.

Məhkəmədə hər iki şəxs - Şövqi Əhmədov və Elşən Tağıyev Akif Çovdarov və digərlərini tanımadıqlarını deyiblər. Onlar MTN-də döyülsələr də onları döyən şəxslərin kim olduqlarını bilmədiklərini deyiblər.

Image result for Məhkəmə

E.Tağıyev və Ş.Əhmədov onlardan MTN-də Tağı Əhmədovun əleyhinə ifadə almaq istədiklərini deyiblər. Belə ki, hər iki şəxsi məcbur ediblər ki, metro keçidlərindəki mağazalardan gələn gəlirin tamamının Tağı Əhmədova çatdığını desinlər. Şövqi Əhmədov məcbur qalıb əmisi Tağı Əhmədovun əleyhinə ifadə verib. “MTN-də döydülər, məcbur qalıb bu məzmunda ifadə verdim” - deyə Şövqü Əhmədov ifadəsində deyib. Amma Elşən Tağıyev keçidlərdəki mağazalardan gələn gəlirlərin dövlət büdcəsinə köçürüldüyünü deyib.
Növbəti məhkəmə prosesi dekabrın 28-nə təyin edilib. Həmin prosesdə Tağı Əhmədovun ifadə verəcəyi gözlənir.

Qeyd edək ki, A.Çovdarov Tağı Əhmədovun iddialarını rədd edib. Vəkili vasitəsilə musavat.com-a müraciət yollayan A.Çovdarov deyir ki, Tağı Əhmədovun oğlanlarından birinin aeroport yolunda qəza törətməsi və bəzi qohumlarının qanunsuz əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarında kifayət qədər məlumatlar var. A.Çovdarov iddia edir ki, həmin məlumatlardan istifadə edərək T.Əhmədovu ona qarşı danışdırırlar.

İlkin MURADOV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar