Amerikanın Azərbaycanda məxfi atom bombası əməliyyatı – sensasion faktlar

26-01-2017, 09:01   


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yayılan gizli dosyelərində ölkəmizlə bağlı şokedici məlumatlar var; 20 Yanvar olayları ərəfəsində Bakı ətrafındakı atom anbarlarına hücum edildiyi məlumatlarını Pentaqona ona görə ötürüblərmiş ki...

Amerika siyasi olimpinin sabiq tanrısı Barak Obama Azərbaycanla əlaqədar öz fikrini, mövqeyini dəfələrlə bildirib. Ağ Evin təzə sahibi Donald Trampın dodaqlarından “Azərbaycan” kəlməsinin qopması faktı isə hələ də öz zamanını gözləməkdədir. Ancaq əgər biz Amerikanın Azərbaycana qarşı əsl, həqiqi mövqeyini öyrənmək istəyiriksə, gərək bu tanrılara çox da fikir verməyib, bütün diqqətimizi Hollivud kinematoqrafına yönəldək.

“Bu kinematoqraf nə vaxtsa ”Azərbaycan" kəlməsini gücənə-gücənə dilinə gətiribmi, görəsən" sualına cavab axtara-axtara gəlib çıxdım rejissor Mimi Lederin 1997-ci ildə lentə aldığı “Sülhməramlı” (ingilizcə “The Peacemaker”) bloqblaster filminə. Corc Klunu, Nikol Kidman kimi tanınmış kino aktyorlarının iştirakı ilə çəkilmiş bu filmdə sehrli Hollivud dünyası, şəhvət dolu dodaqlarından, məncə, ilk dəfə tam səmimi olaraq “Azərbaycan” kəlməsini qaçırdıb.

***
Filmin ssenari müəllifi kimi üç nəfərin adı çəkildiyi üçün indi bilmək olmur “Azərbaycan”ı bu filmin baş, ancaq mənfi qəhrəmanına kim çevirib - Lesli Kokbern, Endrü Kokbern, yoxsa Maykl Şiffer? Düzü, bu o qədər də vacib deyil indi. Gəlin indi bütün diqqətimizi filmin baş süjeti üzərində cəmləyək. Görək bu filmin, necə deyərlər qarnının qurdu nədi, kimdi?

Ssenariyə görə, köhnə, istifadə müddəti bitmiş atom bombalarını daşıyan xüsusi qatar Güney Uralın Kartalı stansiyası yaxınlığında qəfil qəzaya uğrayır. Yaranmış qorxunc partlayış nəticəsində minlərlə dinc sakinin ölümü Vaşinqtonun diqqətini özünə çəkir. Pentaqonda bu xəbər lap elə bəribaşdan tam şübhə ilə qarşılanır. Xüsusi superagentlər - fizika üzrə alim Culia Kelli, polkovnik Tomas Devo, partlayışın sirlərini öyrənə-öyrənə rus generalı Aleksandr Kodorovun izinə düşürlər. Bəlli olur ki, amansız general nüvə başlıqlarını beynəlxalq terror qruplaşmalarına satmaq naminə, bax, bu cinayətə əl atıb. Atom başlıqlarını qoruyan mühafizəçiləri yuxuya verərək sonra ucdantutma qətlə yetirib. Sonra dörd yük maşınında bu qorxulu əmanəti görün bir hara... bəli, hara aparmaq istəyib... Azərbaycana... bəli, məhz Azərbaycana.

***



Azərbaycana gedən avtomobil karvanını təqib edən bu Hollivud cütlüyü məcbur qalır Rusiya hava ərazisini pozsun. Rusiya Hava Hücumundan Müdafiə hissələri ilə toqquşmada ixtiyarlarındakı üç helikopterin birini itirən dəstə üzvləri min bir əziyyətdən sonra cinayətkarları neytrallaşdırmağa müyəssər olurlar. Lakin döyüş zamanı atom bombalarından biri təsadüfən yoxa çıxır. Tezliklə bəlli olur ki, cinayətkarlar arasındakı bir serb vətəndaşı bomba qoltuğunda Nyu-Yorka gəlib çıxıb. NATO bombardmanları zamanı Yuqoslaviyada öz bütün yaxınlarını - oğlunu, qızını itirmiş bu bədbəxt indi Amerikaya qarşı hər cür cinayətə hazırdı.



Film “Heppy end” yəni “Xoşbəxt sonluq” kadrlarıyla bitir lap axırda. Başdanxarab yuqoslav öldürülür. Son səhnədə Nikol Kidmanla Corc Klunu dodaqlarını öpüşdə birləşdirib, atom bombalarının Azərbaycana daşınmasına qəti icazə vermirlər.

***

Düzü, son zamanlara kimi mən “Sülhməramlı” filminə şübhəylə baxar, bu kino süjetinin uydurma olduğuna inanardım. Lakin ötən həftə Amerika Dövlət Departamentinin deşifrə etdiyi məxfi sənədlərlə tanışlıqdan sonra, mövzu ilə əlaqədar fikrimi dəyişməyə məcburam. 1990-cı il 20 Yanvar faciəsinə yeni baxış bucağından nəzər yetirməyə səsləyən həmin məxfi sənədlə indi siz də tanış olsanız, eynən mən kimi düşünərsiniz. Dövrü mətbuatda görün bu sənəd barədə nə deyilir:



“ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir milyona yaxın məxfi sənədi ictimailəşdirib. Onlarla ilkin tanışlıq göstərir ki, MKİ-nin zəngin arxivində SSRİ-nin dağılması ərəfəsində o vaxtkı Sovet Azərbaycanının həyatına dair də məxfi sənədlər var.

“CIA-RDP99-01448R000401660042-6" nömrəli həmin sənədlərdən biri 31 may 1991-ci il tarixində qeydə alınıb. Bu sənəd əslində ”The Washington Times" qəzetində SSRİ-də nüvə silahının vəziyyəti haqqında MKİ-nin rəhbəri postundan gedən Uilyam Uebsterin mülahizələrinin yer aldığı məqalədən ibarətdir.

Məqalədə Uilyam Uebster, Kreml rəhbərliyinin öz nüvə silahı üzərində tam nəzarətə malik olmaması ehtimalından narahatlığını bildirib.

“Biz onu müşahidə edə bilərik ki, onlar özlərinə, artıq əvvəllər olduğu kimi, əmin deyillər. Bu, öz növbəsində, bizim etibarımızın səviyyəsini aşağı salır... Onlar indi raketlərin düşmən əllərə düşməməsi üçün özlərinə vacib olan tədbirlərlə bağlı variantlar üzərində işləyirlər”, - deyə məqalədə MKİ direktorundan sitat gətirilir.



Uebster məqalədə maraqlı fakta istinad edir. Deyir ki, 1990-cı ilin yanvarında sovet qoşunları Azərbaycanın paytaxtı Bakıya, yaxınlığındakı nüvə silahı anbarının müdafiəsi üçün çağırılıbmış. Cəbbəxanadakı nüvə başlıqları, o vaxt silahlı üsyançılar, yəni bizim Milli Müdafiə Şurası tərəfindən tutulmuşdu guya.

Məqalə müəllifi yenə Amerikanın rəsmi şəxslərinə istinadən əlavə edib ki, insidentin nəticəsi olaraq Sovet İttifaqı nüvə silahını Orta Asiya və Baltikyanı respublikaların qeyri-stabil rayonlarından çıxararaq daha təhlükəsiz regionlara köçürüb “.

***

Bəli, MKİ-nin arxivlərindən çıxmış bu gizli sənəd barəsində danışdığımız “Sülhməramlı” filminin süjetini demək olar tam təkrarlayır elə bil. Sənədlə film arasında müqayisələr apardıqca Hollivuda hörmətim birə beş artdı. Bildim ki, bu kino industriyası mərkəzi boş yerdən, havadan özünə süjet axtaranlardan deyil. Həmişə həqiqi mövzuları öz filmlərinin əsasına qoyaraq arada xırda-kiçik improvizasiyalara azcana yer verir. Ancaq reallığın ipini heç vaxt itirmir.

Heç vaxt.

Görünür, oxşar hadisələr o zaman həqiqətən baş verib. Xatırladaq ki, 1992-ci ildə, Qarabağda aktiv hərbi əməliyyatlar keçirilərkən sabiq daxili işlər naziri İsgəndər Həmidov Azərbaycanda atom bombası olduğu haqda bəyanat vermiş və bildirmişdi ki, lazım gələrsə, bu bombanı Ermənistana atarıq.



Filmlə sənəd arasındakı müqayisələri, oxşarlıqları öyrəndikcə, ən yeni tariximizə qara həriflərlə həkk edilmiş bu detala diqqət ayırmamaq, inanın, mümkün deyil. Oxşar detalların sayı artdıqca dərk edirəm ki, bu filmin çəkilişinə Hollivud...yox...üzr istəyirəm, Pentaqon Hərbi Kəşfiyyatı elə-belə, boş yerə 85 milyon dollar məbləğində pulu havaya sərf etməyib. Elə-belə xərcləməyib. Nikol Kidmanın mavi gözlərini, sarı çaçlarını, Corc Kluninin dəmir əzələlərini deyil, Azərbaycanda vaxtilə keçirdiyi öz məxfi əməliyyatını reklam edib bu filmində.
General Kodorova diqqətlə baxıb, onun əməllərində, xarakterində İsgəndər Həmidovun hərəkətlərini görməmək mümkün deyil.

Qısası, həm bu filmdən, həm bu məxfi sənədlərdən belə nəticə çıxarmaq mümkündür ki, vaxtilə - 1990-cı ilin yanvarında Azərbaycandakı nüvə bombalarından biri, yaxud dördü, həqiqətən də oğurlanaraq yad əllərə düşüb. MKİ ilə FTB, sonradan bunu dərk edərək işbirliyinə qərar veriblər. Azərbaycan millətçilərini, çeçen terrorçularını, yuqoslav ekstremistlərini mövzu ətrafında sıx birləşdirib, sonrakı bircə sarsıdıcı zərbə ilə hamısını neytrallaşdırmağı bacarıblar.



Əvvəlcədən düşünülmüş bu qondarma təxribat, başaldatma əməliyyatının görünür çox...çox uzaq hədəfləri varmış, elə lap bəribaşdan, biz heç bilməmişik. Ortaya yalançı bir iz, mövzu atılıb ki, bəs guya Azərbaycanda atom bombası mövcuddu. Kim bu xəbərə uyubsa, qanı gedib necə deyərlər. Aldanıb, tələyə düşüblər. Sovet KQB-si sonradan bu əməliyyatı MKİ-yə sırıyıb. O da uşaq deyil. Həqiqəti elə ilk baxışdan duyub. Ancaq Səməd Vurğun demiş, “dəstədən, mövzudan geri qalmamaq üçün” özünü tülkülüyə vurub. Görüntü yaradıb, bəs guya aldanıb bu yalana. Bu, MKİ-yə imkan yaradıb ki, atom bombasından başlayaraq qara bazara uzanan məxfi zənciri sonuna qədər izləsin. Nəticədə filmə xərclənmiş 85 milyon pul sonra öz lazımı bəhrəsini verib. Cinayət zənciri son halqasına qədər aşkarlanaraq elə öz nüvəsindəcə, beşiyindəcə məhv edilib. Əməliyyatlar Bakıdan başlayaraq sonra Yuqoslaviyada, Çeçenistanda davam etdirilib.

Hə, indi xahiş edirəm, o filmə bir başqa gözlə baxasız. Baxışdan sonra inanıram 20 Yanvar hadisələrinə münasibətiniz bütünlüklə dəyişəcək.

***
Atom başlıqlı raketlərin qorunması SSRİ zamanı, elə indi də eyni standartlara tabedi. Təhlükəsizliyi Rusiya Müdafiə Nazirliyinin 12-ci şöbəsi təmin edir. Dünən bu nazirliyin saytında mövzu ilə əlaqədar çox maraqlı məlumatlara rastlayıb, qərara gəldim ki, 20 yanvar 1990-cı ildə bizim millətçilər, yaxud başqaları Bakı ətrafındakı atom silahlarını həqiqətən ələ keçirməyə bir neçə cəhd göstəriblər. Həmin məlumatları indi sizin diqqətinizə çatdırıram: “1989-cu il Gürcüstan, 1990-cı il Azərbaycan hadisələri, atom silahının saxlanıb qorunması prosesinə ciddi əlavələr edilməsini tələb etdi. O zaman Bakı ətrafındakı belə bazaların biri millətçilərin hücumuna məruz qalmışdı. Bazadakı zabit heyəti üzvlərindən biri, o vaxt hətta millətçilər tərəfindən əsir də götürülmüşdü. Baş Ordu Qərargahı o vaxt əmr verdi ki, atom bazaları ətrafında səngərlər qazılsın. Dotlar tikilsin. Nəticədə təhlükə sovuşdu”.



Dediklərim sizə nağıl görünməsin deyə bu məlumatı elə rusca da təkrarlamağa məcburam. Buyurun baxın - MKİ-nin dedikləri bu sənədlə bir daha təsdiqlənir.

“Sobıtiə 1989 q. v Qruzii i 1990 q. v Baku silğno aktivizirovali gtot proüess. V çastnosti, na okraine stoliüı Azerbaydcana odno iz əderno-texniçeskix podrazdeleniy podverqlosğ v tot period napadeniö naüionalistov. Dace komandir eqo popal v plen k boevikam. ”Matçastğ" toqda v perestrelke udalosğ otstoətğ - zablaqovremenno, soqlasno direktive Qenştaba, bıli otrıtı okopı i vıstroenı dotı (çeqo ne imelosğ vo mnoqix druqix çastəx)".

Necə deyərlər “no comment”. Yəni bu məlumata şərh vermək əbəsdi. Lazım deyil...

Hələlik bu qədər.

P.S. “Atom bombası”, “bioloji, kimyəvi silah” mövzularından Suriyanın, İraqın işğalı zamanı gen-bol istifadə edildi. O baxımdan, “Bakıda atom bombası olub” iddiasının da dezinformasiya olduğu mümkündür. Görünür SSRİ rəhbərliyi o vaxtlar Azərbaycana qoşun yeridib, dinc əhalini qırmasına Qərbin kəskin reaksiya verə biləcəyini hesabladığı üçün öncədən bu cür “arqumentlər” hazırlayıb.

Həmid Herisçi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar