'Banklar möhtəkirliklə gündə 500 min dollar qazanırlar'

14-02-2017, 10:52   


ADDIM, ADDIM UZUN YOL...

«Novoye Vremya» qəzetində isə «Bakı və Avropa Birliyi: addım- addım gedilən uzun yol» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, Bakı və Brüssel arasında strateji tərəfdaşlıq istiqamətində danışıqlar başlayıb. Amma, hələlik, sırf texniki məsələlər müzakirə olunur.

Yazıda qeyd edilir ki, rəsmi Bakı indi onun təklifinə Avropa Birliyindən cavab gözləyir. Qəzet xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevdən belə bir sitat da gətirir: «Onlar öz təklif və düzəlişlərini nə qədər tez təqdim etsələr, o qədər yaxşıdır. Biz ciddi müzakirələr aparmalı, mövqelərimizi müəyyən etməliyik».

Yazıda bildirilir ki, təhlükəsizlik və siyasi məsələlər Azərbaycandan ötrü xüsusi önəm daşıyır.

Müəllif hesab edir ki, rəsmi Bakının Avropa Birliyi ilə əməkdaşlıq münasibətlərini dərinləşdirməkdə məqsədi Azərbaycanın enerji resurslarını Avropa bazarına çıxarmaqdır.

Avropa Birliyi isə enerji məsələləri ilə yanaşı, Azərbaycanda siyasi sistemin liberallaşdırılmasına, hakimiyyət qollarının ayrılmasına, insan hüquq və azadlıqlarının təmin olunmasına can atır: «Nəzərə alsaq ki, rəsmi Bakı sistemin liberallaşdırılmasını arzu etmir, o zaman deyə bilərik ki, strateji saziş üzərində iş hələ uzun çəkəcək».

Yazıda qeyd olunur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı roluna söykənərək, qurumla öncə assosiativ üzvlük, sonra modernləşmə, nəhayət, tərəfdaşlıq barədə müqavilələri imzalamaqdan yayınıb.

Müəllifə görə, halbuki, liberallaşma Qərbin regionda yürütdüyü siyasətdən ötrü açar əhəmiyyətini daşıyır: «Nə isə, hələlik, yol uzun, əldə edilən nəticələr yetərli deyil...»,- deyə müəllif yazır.

BANKLARIN MÖHTƏKİRLİYİ

Azadliq.info saytında «Banklar spekulyasiya ilə hər gün azı 500 min dollar qazanc əldə edir» sərlövhəli məqalə dərc edilib.

Qəzet marjanın ləğvindən sonra kommersiya banklarının dolların alış və satış qiymətləri arasında böyük fərqlər qoymasını iqtisadçılar ilə dəyərləndirib. İqtisadçılar da deyiblər ki, əksər banklar bu yolla gündəlik 500-700 min dollar qazanc əldə edirlər.

İqtisadçılardan Samir Əliyev də vurğulayıb ki, tam üzən məzənnəyə keçidin mənfi fəsadlarından biri özünü göstərməkdədir. Söhbət möhtəkirlikdən gedir: «Artıq möhtəkirliyin nəticəsi olaraq dollar süni sürətdə ucuzlaşdırılır, banklar durumdan sui-istifadə edərək alış qiymətini kəskin aşağı salıblar».

Ekspertə görə, banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv şəkildə valyuta alqı-satqısına girişiblər. Bu fəaliyyət hesabına gündə ən azı 600-900 min dollar qazanırlar: «Göründüyü kimi banklar möhtəkirliyə girişiblər. Cəmiyyətdə süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir».

İqtisadçı vurğulayır ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası prosesə müdaxilə etmək əvəzinə, müşahidəçi mövqe tutur: «Bunun zərbəsi əhaliyə və sahibkarlara dəyir. Nəticədə isə iqtisadiyyat itirir».


İNHİSAR VƏ BAHALIQ «ƏKİZ QARDAŞLAR»DIR...

«Exo» qəzetində «İnhisar və ucuz manat: Azərbaycanda bahalaşma davam edəcək» sərlövhəli məqalə oxumaq olar.

Yazıda deyilir ki, 2015-ci ildən Azərbaycanda bütün ərzaq mallarının bahalaşması müşahidə edilir.

İqtisadçı Oqtay Haqverdiyev hesab edir ki, qiymət artımının əsas səbəblərindən biri inhisardır: «Belə şikayətlərin coğrafiyası ölkənin bütün regionlarını əhatə edir. Adətən vətəndaşlar daha çox ətin, o cümlədən toyuğun, meyvə-tərəvəzin, süd və süd məhsullarının bahalaşmasını qeyd edirlər».

O.Haqverdiyev deyib ki, ümumilikdə bahalaşmaya təsir edən bir neçə amil var: «Manatın alıcılıq qabiliyyəti düşüb. Hətta manatın məzənnəsinin qısamüddətli qalxması belə qiymətlərin artması prosesini dayandıra bilmir. Amma Azərbaycanın ən böyük bəlası istehlak bazarındakı inhisardır. Daxili bazarda rəqabət mühiti yoxdur. Əgər müəyyən şəxslər bazara «özgə» saydıqları iş adamlarını buraxmırlarsa, ona necə yanaşasan».

O.Haqverdiyev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatında ancaq icazəli şəxslər maneəsiz fəaliyyət göstərə bilirlər: «Manatın dəyərdən düşməsi və inhisar bir-birinə bağlı proseslərdir. Odur ki, qiymət artımı bundan sonra da davam edəcək».
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar