Beş aydan az bir müddətdə yeddi Rusiya diplomatı həyatdan köçüb. Bu fakt xeyli suallar doğurur. Onların hamısı vətəndən uzaqda, xarici ölkələrdə ölüblər. Bəzilərini güllələyiblər. Rəsmi məlumata görə, diplomatlar “ürək tutması”ndan və ya “ağır sürən xəstəlik”dən sonra vəfat ediblər.
Almaniyanın “Bild” nəşri üstündən aylar keçməsinə baxmayaraq, bu ölümlərin baş vermə səbəbinin tam aydınlaşdırılmamış qalmasına diqqəti yönəldib. Beləliklə, diplomatların ard-ardına ölümlərinin təsadüf ola bilməməsi şübhəsi yaranır.
- Rusiya diplomatlarının ard-ardına baş verən qorxuducu ölümləri
Sonuncu və ən məşhur ölüm hadisəsi - 64 yaşlı Vitali Çurkinin vəfatıdır. Rusiyanın BMT-dəki daimi nümayəndəsi V.Çurkin 20 fevral tarixində Nyu-Yorkda qəflətən vəfat edib. Onu huşsuz vəziyyətdə öz ofisindən təcili surətdə xəstəxanaya aparıblar, lakin xilas edə bilməyiblər. İlkin informasiyaya görə, Çurkinin ölüm səbəbi ürək çatışmazlığı olub. Ancaq autopsiya həyata keçirildikdən sonra həkimlər zəhərlənmə ehtimalını nəzərə alaraq, əlavə analizlərin aparılmasının vacibliyini bildiriblər.
Son aylarda haradasa müəmmalı şəkildə vəfat etmiş rusiyalı diplomatların siyahısı budur:
27 yanvar 2017-ci il.
2009-cu ildən Rusiyanın Hindistandakı səfiri Aleksandr Kadakin 67 yaşında Nyu–Dehlidə vəfat edib. Hindistanın “The Hindi” nəşrinin məlumatına görə, o, ürək tutmasından ölüb. Verilən məlumata əsasən, A.Kadakin bir neçə həftə imiş ki, özünü pis hiss edirmiş.
9 yanvar 2017-ci il.
Rusiyanın Afinadakı konsulu, 55 yaşlı Andrey Malanin işə gəlmədiyi və telefon zənglərinə cavab vermədiyi üçün şübhələr yaranıb və səfirliyin əməkdaşlarından biri onu öz mənzilində ölü tapıb. Yunan polisinin məlumatına görə, mənzilin qapısı sındırılmayıb və ölüm təbii şəkildə baş verib. Amma buna baxmayaraq, polis diplomatın ölümü ilə bağlı araşdırmanı davam etdirir.
26 dekabr 2016-cı il.
Rusiya Fedaral Təhlüksəizlik Xidmətinin 61 yaşlı keçmiş generalı Oleq Yerovinkin Mokvada özünün “Leksus” markalı qara limuzininin arxa oturacağında ölü olaraq tapılıb. İlk əvvəl KİV-lər xəbər veriblər ki, müstəntiqlər ölümün səbəbini qətl hesab edirlər. Daha sonrakı məlumatlarda isə, Yerovinkinin ürək tutmasından vəfat etdiyi deyilir. Buradakı incə detal, Yerovinkinin “Rosneft” şirkətinin rəhbəri İqor Seçinin aparatında aparıcı əməkdaş olmasından ibarətdir.
Bundan başqa Böyük Britanıyanın keçmiş kəşfiyyatçısı Kristofer Stil ilə Oleq Yerovinkin arasında sıx əlaqələrin olduğu deyilir. B.Britaniyanın “Mİ 6” kəşfiyyat idarəsinin keçmiş casusu Kristofer Stil, Donald Tramp barəsindəki qalmaqallı qovluğun müəllifi hesab edilir. “The Teleqraf” nəşrinin məlumatına görə, bu qalmaqalda İqor Seçinin də adı dəfələrlə hallanıb.
19 dekabr 2016-cı il.
Rusiyanın Türkiyədəki 62 yaşlı səfiri Andrey Karlov Ankarada keçirilən fotosərgidə qətlə yetirilib.
Rusiyalı diplomat sərginin açılışı ilə əlaqədar nitq söyləyərkən, türkiyəli polis onu arxadan güllələyib və daha sonra Suriyadakı hadisələrin qisasıyla bağlı islamçı şüarlar qışqırıb.
Elə həmin gün özünün Moskvadakı mənzilində digər bir rusiyalı diplomat - 56 yaşlı Pyotr Polşikov güllələnib. Qətlin həyata keçirilməsində istifadə olunan silahın mənzildə tapılmasına baxmayaraq, ölümün baş vermə səbəbi hələ indiyədək məlum deyil. Bu məsələ ilə əlaqədər araşdırma davam edir. Polşikov Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerika departamentinin yüksək vəzifəli əməkdaşı idi.
8 noyabr 2016-cı il.
Demək olar ki, ən müəmmalı ölüm: ABŞ-da prezident seçkilərinin səhəri 63 yaşlı rusiyalı diplomat Sergey Krivov Rusiyanın Nyu-Yorkdakı konsulluğunda döşəmə üzərində huşsuz vəziyyətdə tapılıb. Diplomatın baş nahiyəsində zədə aşkarlanıb və o, təcili yardım gələnədək keçinib. Əvvəlcə güman edilib ki, Krivov damdan yıxılıb. Amma sonra Rusiya səfirliyi hadisə və ölümün səbəbi versiyasını dəyişərək, diplomatın vəfatını ürək tutması adlandırıb. Amerikanın populyar mediaportalı “BuzzFeed” məlumat yayıb ki, hətta Krivovun ölümündən üç ay keçməsinə baxmayaraq, cəsədin yarılması protokolunun müəllifləri diplomatın nədən öldüyünü hələ də bilmirlər. Sergey Krivovun Rusiyanın Nyu–Yorkdakı konsulluğunda əks-kəşfiyyata cavabdeh şəxs olması barəsində danışılır.
- Rusiyanın idarəetmə elitasının həyatdan köçən nümayəndələrinin siyahısı uzanır
2015-ci ilin noyabrında Putinin ən vacib müşavirlərindən biri, 57 yaşlı Mixayıl Lesin Vaşinqtonda otellərin birindəki nömrədə ölü tapılılb. Rusiya KİV-lərinin məlumatına görə, Rusiyanın “Russia Today” mediaqrupunun həmtəsisçisi olan M.Lesin ürək tutmasından keçinib.
“The New York Times”-ın məlumatına əsasən, məhkəmə tibb ekspertizasının verdiyi rəydə ölümün səbəbi kimi küt alət zərbəsi göstərilib. Bununla yanaşı qəzet bildirib ki, Lesini onun maliyyə və siyasi rəqibləri öldürə bilərlər. Cəsədin yarılması isə ölümün baş vermə səbəbindəki şübhələri ortalığa çıxarıb.
Lesinin mistik şəkildəki ölümü, 2006-cı ildə Londonda radioaktiv polonium ilə zəhərlənmə nəticəsində ölən 44 yaşlı Aleksandr Litvinenkodan tutmuş, 2012-ci ildə Londonda dünyasını dəyişmiş 44 yaşlı Aleksandr Perepeliçnıyədək, həyatdan köçmüş Rusiya elitasının görkəmli nümayəndələrinin siyahısına əlavə olunur.
Məhkəmə tibb ekspertizasının məlumatına görə, onun həyatdan köçməsinin səbəbi ”Rusiya və Çin qatillərinin istifadə etdikləri” naməlum bitki tərəfindən zəhərlənmə nəticəsində olub. Lakin Perepeliçnıyın ölüm səbəbi hələ də bəlli deyil.
- Trampla əlaqələndirilən rus biznesmeninin ölümü
Nəhayət, mart ayının əvvəlində Aleks Oronov vəfat edib. İnsayderlərin məlumatına görə, o, Donald Trampın Rusiya ilə bağlı ehtimal olınan şübhəli əlaqələrinin iştirakçılarından olub.
Amerikanın müstəqil “Palmer Report” xəbərlər portalının məlumatına görə, Oronov ruslarla amerikanların görüşünün təşkilatçısı rolunda çıxış edib. Görüşdə Ukrayna prezidentinin devrilməsi və həmçinin də Trampın da adının qarışıdığı Kremlin “şantaj planı” müzakirə olunub.
Portal xəbər verir ki, onların hazırladığı qovluq guya ki, bu yaxınlarda milli təhlükəsizlik məsələləri üzrə müşavirlikdən istefa verməmişdən öncə Maykl Flinnin əlinə keçib.
Ölümünün səbəbi indiyədək məlum olmayan Aleks Oronov nəinki Trampın Cənubi Floridadakı rezidensiyasında yaşayıb və həm də, Tramp ilə Rusiya arasındakı əlaqələr qurduğu üçün mükafat kimi, ona Trampın Palm Biçdəki “Mar-a-Laqo” adlanan özəl klubunda torpaq sahəsi verilib.
Belə görünür ki, Rusiyadakı kişilərin orta yaş həddinin 64 olmasına və bu göstəricinin Qərb dünyasındakına nisbətən geri qalmasına baxmayaraq, bizim heç də təhlükəsiz sayılmayan indiki dövrümüzdə Rusiya diplomatlarını xüsusi təhlükə gözləyir.
V.Nəsibov
AzPolitika.info