İrəvan qarışdı-ermənilər Azadlıq meydanına axışdı - Fotolar, video (yenilənib)
17-03-2017, 07:24
Ermənistan paytaxtında ara qarışıb. Belə ki, bu gün tibb mərkəzində acından ölən “Sasna Tsrer” silahlı qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sərkisyanın ölümü qəzəbli kütlənin küçələrə axışmasına səbəb olub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Azadlıq meydanından başlayan aksiya daha sonra yürüşə çevrilib. Etirazçılar Azadlıq meydanından Maştitsa prospektinə doğru irəliləməyə başlayıb. İzdiham səbəbindən yollarda hərəkət iflic olub. Bundan sonra aksiya iştirakçıları dövlət qurumlarının binalarına doğru irəliləyib. Yağışın yağmasına baxmayaraq, etirazçılar dağılışmayıb.
Bir az əvvəl onlar Ədliyyə Nazirliyinə doğru irəliləməyə cəhd göstərib. Aksiya iştirakçıları ötən il qiyamçılara çörək daşıyarkən həbs olunan və bu ilin 31 dekabrında sərbəst buraxılsa da, sonradan yenidən saxlanıldığı üçün aclıq aksiyası keçirən A.Sarkisyanın xatirəsini anmaq üçün nazirliyin qarşısına çörək qoymaq istəyiblər. Lakin əraziyə polis qüvvələrinin cəlb olunması yürüşün davamına imkan verməyib. İrəvan polisinin rəis müavini Valeri Osipyanın başçılıq etdiyi polis kartonu yürüşün qarşısını kəsib. Bu zaman aksiya fəalı Şaqen Arutyunyan nazirliyə doğru irəliləməyə çağırış etsə də, kartonu yarmaq mümkün olmayıb. Belə olan halda yürüş iştirakçıları yenidən Azadlıq meydanına dönməyə və oturaq aksiyasını davam etdirməyə qərar veriblər. Erməni mətbuatı hazırda aksiyanın davam etdiyini, polisin isə prosesləri müşahidə etdiyini xəbər verir. Musavat.com son zamanlar prosesləri təhlil edərək işğalçı ölkədə hər an qanlı hadisələrin baş verə biləcəyi barədə xəbər verirdi. Göründüyü kimi, Ermənistan vətəndaş müharibəsi astanasındadır. Fotolar da bunu deyir, qəzəbli kütlə yağışlı gecədə də evə dönmək istəmir.
***
Vəziyyətin ciddiliyi Ermənistanın baş naziri Karen Karapetyanın məsələyə operativ reaksiyasından da görünür. Belə ki, baş nazir Arabkir rayonundakı seçicilərlə görüşdən sonra jurnaliistlərin suallarına cavab verərkən “mən çox təəssüf edir, mənə çox ağırdır”-deyə, “çörəkdaşıyan”ın ölümünə münasibət bildirib. K.Karapetyan deyib ki, çoxsaylı çatışmazlıqlar hər yerdə var: “Biz də onları düzəltmək istəyirik”.