Nemət Əliyev: ''Əhali baş nazirin dediyi kimi rifah və yağ-bal içində yaşasaydı, gəlirləri 22 milyard azalmazdı''
Martın 17-də Milli Məclisdə hesabat verən baş nazir Artur Rasizadə 2016-cı ildə ölkədə istehsal edilən Ümumi Daxili Məhsulun həcminin 3, dövlət büdcəsinin nominal gəlirlərinin 20, əsas kapitala qoyulan investisiyaların 3, qeyri-neft məhsullarının ixracının 3, əhalinin nominal gəlirlərinin 8, orta əmək haqqının isə 6.4 dəfə artdığını bildirib.
Onun sözlərinə görə, 250 mindən artıq qaçqın və məcburi köçkünün sosail problemlərinin həllinə 5.2 milyard manat həcmində vəsait xərclənib:
"1 milyon 677 min yeni iş yerləri yaradılıb, 10 min kilometrdən çox avtomobil yolları salınıb. Nəhayət, Azərbaycanda yoxsulluğun səviyyəsi 46.7 faizdən 4.9 faizə enib".
"Artur Rəsizadənin hesabatının gerçək həyatla bağlantıları yoxdur"
Baş nazirin hesabatını Meydan TV-yə şərh edən iqtisadçı Nemət Əliyev deyir ki, Azərbaycan xalqı Artur Rəsizadənin fırlatdığı köhnə valı çox dinləyib:
“Təəssüf ki, cəmiyyət bir müddət həmin valda səslənən nağılların sehrinə də düşüb. Ancaq sonra ölkənin də, iqtisadiyyatın da ağır bir böhrana yuvarlandığı məlum olub. Bu baxımdan Baş nazirin istər yoxsulluğun səviyyəsi, istər ümumi daxili məhsulun həcmi, istərsə də əhalinin gəlirləri və investisiya qoyuluşu haqda səsləndirdikləri ilə real gerçəklik arasında heç bir bağlantı yoxdur. Əgər Baş nazirin fikirlərinin gerçəkliklə bağlantısı olsaydı, ölkə iqtisadiyyatında son iki ildə təlatümlər yaşanmazdı”.
N.Əliyev fikirlərini statistik göstəricilərlə əsaslandırıb:
"Baş nazirin söylədikləri gerçək olsaydı, son iki ildə Ümumi Daxili Məhsul (ÜDM) 38 milyard dollara qədər azalmazdı. Halbuki Baş nazir ÜDM-da fantastik artımlar olduğunu deyir. Əgər normal rəqabət mühiti yaradılıbsa, yerli investorlar niyə ölkədən gedir? Son iki ildə investisiya qoyuluşu 15 milyard dollardan 4 milyard dollara enib. Qeyri-neft sektoruna kapital yatırımları 16 milyard dollardan 3,7 milyard dollara düşüb. Son 2-3 ildə xidmət sahələrinə investisiya yatırımlarında 80 faizdən çox azalmalar qeydə alınıb. Əhali baş nazirin dediyi kimi, rifah və yağ-bal içində yaşayırsa, niyə 2 ildə pul gəlirləri 22 milyard dollar azalıb? Faktiki olaraq, son iki ildə tikinti sektoru, valyuta, qiymətli kağızlar bazarları çökdü, Dövlət Neft Fondunun 5, Mərkəzi Bankın 11 milyard dollardan çox ehtiyatları əriyib. Tədiyyə balansının 9 aylıq dövründə 1,1 milyarddan çox kəsir yaranıb, halbuki bu göstərici 2014-cü ildə 10 milyarddan çox idi. Xarici ticarət dövriyyəsində çox böyük itkilər yaşanıb. Ona görə baş nazir Artur Rəsizadənin hesabatının gerçək həyatla bağlantıları yoxdur”.
"Orta aylıq əmək haqqı iki ildə 566 dollardan 310 dollara qədər düşüb"
İqtisadçı bildirib ki, ölkədən külli miqdarda vəsait yatırım adıyla çıxarılıb:
“Artıq bir sıra beynəlxalq hesabatlarda bu məsələlər öz əksini tapıb. Ölkə daxilində istifadə olunanlar isə səmərəsiz xərclənib. Əminliklə demək olar ki, neft borusundan asılı iqtisadiyyat yaradılıb. İndi də neft gəlirlərinin həcmi azaldığından Azərbaycan iqtisadiyyatı təlatümlər yaşayır və bu, insanların həyatına təsirsiz ötüşmür. Orta aylıq əmək haqqı iki ildə 566 dollardan 310 dollara qədər düşüb. Bank sistemi tamamilə sıradan çıxb, bunu artıq deputatlar da deyir. İşsizlik səviyyəsi sürətlə böyüməkdədir. Necə oldu ki, müəssisə və təşkilatların borc öhdəlikləri ÜDM-in 65 faizindən yuxarı qalxdı? Avropa ölkələrində bu cür rəqəm alınanda iflas elan olunur. Yaxşı olardı, baş nazir belə fikirləri səslənirərkən həyatımıza göz gəzdirsin”.