Danışıqların yolunu açacaq “3 hissəli həll planı”... varmı?

29-03-2017, 09:00   


Amerikalı həmsədrin İrəvan açıqlaması nizamlama prosesinin dalandan çıxacağına işarədir, yoxsa...; erməni ekspert: “Moskvanın bəzi silahları bizə nə məqsədlə verdiyi bilinmir...”

4 günlük aprel müharibəsinin birinci ildönümü yaxınlaşır. Keçən bir il bütün nikbin gözləntilərin əksinə olaraq, sülh danışıqlarında ciddi dönüşə gətirmədi. Hətta əksinə, problemin həllinə yönəlik diplomatik səylər baxımından ən passiv il kimi yadda qaldı.

Bu müddətdə Azərbaycan və Ermənistan prezidentləri cəmi iki dəfə - Vyana və Sank-Peterburqda bir araya gəldilər ki, bu görüşlərə də nizamlama prosesinı dinamika gətirmədi. Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, Dağlıq Qarabağ probleminin həllinə mane olan daha bir problem var: bu da odur ki, əsas vasitəçi dövlətlər olan Rusiya və ABŞ üçün məsələ hələ ki prioritet deyil. Daha dəqiqi, Qarabağla bağlı ortaq səylər yoxdur. Bura münaqişəsinin həllində işğalçı Ermənistanın söz sahibi olmaması faktını da əlavə edəndə danışıq masası arxasında durğunluğun səbəbi daha da aydın olur.


Hərgah, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Riçard Hoqland nəyə görəsə xeyli nikbindir. Hər halda, onun digər iki həmsədrlə birgə İrəvanda prezident Serj Sərkisyanla görüşdən sonra verdiyi açıqlamalar bu qənaəti yaradır. Belə ki, amerikalı diplomat Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masası üzərində “bir sıra ağlabatan planlar”ın olduğunu söyləyib.


Vasitəçi Riçard Hoqland bununla bağlı deyib: “Ola bilsin ki, bu planlar yekun xarakter daşımır, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”. Onun sözlərinə görə, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır.


“Lavrov planı”na dair sualı cavablandıran diplomatın sözlərinə görə, vasitəçilər bu ifadədən istifadə etmir. “Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”, - deyə diplomat qeyd edib.


*****


ABŞ-dan olan həmsədr yəqin ki, “Madrid prinsipləri”ni nəzərdə tutur - hansını ki, Azərbaycan düzəlişlərlə qəbul edib. Ermənistan tərəfi isə qəbul etməyib. Hər halda, həmin sənəddən sonra danışıqlar masası arxasında başqa təklif qoyulmayıb. “Lavrov planı” deyilən sənəd də eyni prinsiplərin bir qədər fərqli şəkildə interpretasiyasını ehtiva edir. Bununla belə, dəqiqini yenə də diplomatın özü bilər.


Bir şeyi dəqiqilklə yazmaq olar ki, hansı plan olur-olsun, əgər ona Rusiya ciddi və real dəstək verməsə, danışıqlar prosesində müsbətə doğru dönüş olmayacaq. Kremlə isə hazırda problemin hər hansı şəkildə həlli, əfsus ki, sərf eləmir. Çünki onun öz maraqları var. O maraqlar da əsasən hərbi-texniki (silah ticarəti), geosiyasi və təhlükəsizlik maraqlarıdır.


Moskva həmçinin belə görünür, Qarabağ konflikti vasitəsilə hələ bir müddət də Azərbaycanla Ermənistanı öz təsir zonasında saxlamaq niyyətindədir. Rusiya ələlxüsus da marionet Ermənistanı özündən aralı buraxmağa hazırlaşmır. İşğalçı ölkənin Rusiya tərəfindən hərbiləşdirilməsi, paralel surətdə isə Azərbaycana da silah satması Kremlin gerçək hədəfinə yaxşı işıq salır.


*****


Maraqlıdır ki, bu durumdan bəzi erməni siyasiləri və analitikləri də ciddi şəkildə narazı və narahatdırlar. Məsələn, erməni siyasi şərhçi İqor Muradyan lragir.am saytındakı məqaləsində bununla bağlı yazır: “Rusiya Azərbaycana da, Ermənistana da silah satır. Bu zaman da bəyan edir ki, Cənubi Qafqazda qüvvələr balansını qoruyur. Ancaq Ermənistanın Rusiyanın ”müttəfiqi"dirsə, balans qorumaq nəyə lazım? Yoxsa bəlkə müttəfiq deyilik? Əlbəttə ki, belə deyil - Rusiya Azərbaycana Ermənistandan qat-qat çox silah tədarük edir. İrəvan sialahlanma məsələsində, sadəcə olaraq, Azərbaycana çatmaq iqtidarında deyil".


Erməni ekspert bu xüsusda Azərbaycanın Ermənistanla müqayisədə daha geniş hərəkət imkanına malik olduğuna da diqqət yönəldib: “Bundan əlavə, Rusiya Ermənistana başqa yerdən, hardansa silah almağı qadağan edir, Azərbaycanla isə uğurlu şəkildə İsraildən, Türkiyədən, hətta Ermənistanın KTMT-dəki ”müttəfiqləri"ndən də silah alır. Mahiyyət etibarilə Rusiya nə müttəfiq, nə də tərəfdaşdır, Rusiya, sadəcə, köhnəlmiş silahların tədarükçüsüdür. Böyük ehtimalla, Qərb bu silahları onlarla dəfə ucuza satardı bizə. Yeri gəlmişkən, erməni ictimaiyyəti hələ də bilmir ki, ruslar bizə silahı neçəyə satırlar. Üstəlik, hələ də Ermənistana bəzi silahların nə məqsədlə verildiyi bilinmir. Bu, müdafiə, yoxsa hücum üçün lazımdır və ya bəlkə heç bizim üçün deyil?"


Politoloq ardınca Ermənistanda yaxınlaşan parlament seçkilərə toxunaraq yazır ki, ölkə faktiki, siyasi dalana dirənib.

“Dünyanın heç bir yerində müdafiə nazirinin parlament seçkisində namizəd kimi çıxış etməsi ilə bağlı nümunə yoxdur. Bu əslində yaxşıdır. Əgər o, deputat seçilsə, müdafiə naziri vəzifəsi boşalacaq və nəhayət ki, bu postda hərbi xarakterli şəxs təyin olunacaq - təbii ki, əgər ruslar öz adamını ora təyin etməsə. BMT-nin hələ də suveren ölkə saydığı vassal bir dövlətin taleyi bax belədir”, - deyə o sonda əlavə edib.


*****


Ermənistan doğrudan da Rusiyanın vassalı, BMT tərəfindən suverenliyi formal şəkildə tanınan bir bədbəxt ölkədir. Bu, o deməkdir ki, işğalçı ölkə Rusiyanın vassalı qaldıqca, Qarabağ məsələsində nəzərlər də hələ uzun müddət Kremlə dikili qalacaq. Yaranmış vəziyyətdən çıxış yolu ən əvvəl Rusiyanı hansısa yolla problemin həllinə daha fəal kökləməyə vadar eləməkdən keçir.


Bu isə ya ABŞ-ın patronajlığı öz əlinə almaq üçün nəhayət, hərəkətə keçməsini, ya da Azərbaycanın ötən ilin aprelində olduğu kimi aktiv hərbi (lokal) əməliyyatlara başlayıb işğalçı tərəfi bir az da geri oturtmasını diktə edir. Qarabağ danışıqlarını ölü nöqtədən tərpətmək üçün ayrı optimal yol görünmür. Aprel döyüşlərinin birinci ildönümü ərəfəsində indi bu məqam xüsusilə aktualdır.

Siyasət Şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar