Elman Babayev: “Fərdi şəkildə kimdəsə problem yaranıbsa, bununla bağlı müraciət edə bilər”
Azərbaycanda əhalinin yoxsulluq səviyyəsi real olaraq artmaqdadır. Bunu bazarlarda alıcılıq qabiliyyətinin azalmasından da görmək olar. Məlum olduğu kimi son iki ildə iş yerlərinin sürətlə bağlanması, əmək haqlarının azalması, xarici ölkələrdə, xüsusən Rusiyada işləyən həmvətənlərimizin ölkəyə göndərdikləri vəsaitlərin azalması, ərzaq və gündəlik tələbat məhsullarının bahalaşması insanların yaşam səviyyəsini aşağı salıb. Bu mənada ünvanlı sosial yardıma ehtiyacı olanların sayı artıb. Bunun əksinə olaraq bölgələrdən sosial yardımın alınmasında çətinliklərin yaranması ilə bağlı müraciətlər daxil olmaqdadır. Xüsusən də sosial yardımın verilməsi üçün müraciət elektron qaydada tətbiq olunmağa başlayandan sonra müraciət edənlərin əksəriyyətinə mənfi cavab göndərilir.
Bəs, görəsən ünvanlı sosial yardımın verilməsində yaranan problemlərin səbəbi nədir? Ekspertlər hazırki durumu necə dəyərləndirirlər?
“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov da bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardım üçün edilən müraciətlərin elektron formaya keçirilməsindən sonra şikayətlər artıb: “Elektron müraciət formasının qəbul edilməsindən sonra, bir sıra hallarda , xüsusilə də regionlarda maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə ehtiyac var idi ki, insanlar sosial yardıma müraciət zamanı texniki səhvlərə yol verməsinlər. Belə olduğu halda həmin ailələr, növbəti müraciət dövrünə qədər olan zaman kəsimində sosial yardım itkisi ilə üzləşirlər. Digər tərəfdən bəziləri ruhdan düşürlər və təkrar müraciət etmirlər. Ancaq eyni zamanda bir məsələni də gündəmdə saxlamaq lazımdır ki, yeni elektron qaydaların tətbiqindən sonra haqsız formada sosial müavinətlərin verilməsi həcmində də azalma baş verib. Çünki bir sıra hallarda məmur və vətəndaşın üz-üzə qalması ona şərait yaradırdı ki, hansısa qeyri-rəsmi yollarla ünvanlı sosial yardıma ehtiyacı olmayan, sosial rifahı daha üstün olan insanlar da bu imkandan yararlansınlar. Ancaq elektron sistemin tətbiqindən sonra onlar bu imkandan məhrum olublar. Bu da sosial yardımın kəsilməsinə səbəb olan ikinci faktdır”.
Rəşad Həsənov statistik rəqəmlərdə ÜSY alanların sayının artdığını da qeyd etdi: “Üçüncü bir məsələ isə odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin sonuna açıqladığı rəqəmlər onu göstərir ki, əslində 2016-cı ildə sosial yardım alanların sayında 55 faiz artım olub. Sosial yardım alanların azalması ilə bağlı göstəricilər haradan yaranır? Doğrudur 2015-ci ildə sosial yardımların verilməsinə haradasa embarqo tətbiq olundu, sosial yardımın verilməsinə məhdudiyyətlər qoyuldu. Bu da büdcə vəsaitlərinin azalması ilə bağlı idi. Amma 2016-cı ildə bu göstəricilər ciddi şəkildə artıb. 2015-ci ildə 450 min nəfər sosial yardım almışdısa, 2016-cı ildə bu göstərici 680 min nəfərə qədər artıb. Bu o deməkdir ki, sosial yardım alan fərdi vətəndaşların sayında 230 min nəfərə qədər artım baş verib. 2015-ci ildə 105 min ailə sosial yardım alırdısa, 2016-cı ildə 163 min ailə sosial yardım alır. Bu isə 55 faizlik artım deməkdir. Statistik göstəricilər onu deməyə əsas verir ki, bir sıra hallarda bizə ünvanlanan müraciətlər fərdi problemlərdən qaynaqlanır. Lokal olan məsələlərdir. Ümumilikdə baxanda isə yardım alanların sayında artım var”.
İqtisadçının fikrincə, son iki ildə əhalinin gəlirlərinin azalması ÜSY üçün müraciət edənlərin sayının artmasına da səbəb olub: “2014-cü ildən sonra əhalinin gəlirləri kəskin şəkildə azalmağa başladı. 2014-cü ildən sonra əhalinin ehtiyac meyarının artması, 105 manatdan , 116 manata qədər yüksəldilməsi orta statistik Azərbaycan ailəsində sosial yardım üçün nəzərdə tutulan minimum həddin 420 manatdan, 464 manata qədər qalxmasına gətirib çıxardı. Aylıq gəliri 464 manatdan az olan ailə sosial yardım almalı idi. Əvvəllər isə bu göstərici 420 idi. Digər tərəfdən biz iş yerlərində vətəndaşlara təklif edilən əmək haqlarının da azalmasını müşahidə etdik. Nəticədə kütləvi şəkildə ünvanlı sosial yardım alanların sayında kütləvi şəkildə artım baş verməli idi. 2015-ci ildə hökumət bu azalmaya getməklə həqiqətən də ünvanlı sosial yardıma ehtiyac olanların yardım almasında problemlərin yaranmasına gətirib çıxartdı. Digər tərəfdən 2016-cı ildə bu artım baş verdi. Bir məsələ ilə razıyam ki, sosial yardım alanların sayı daha çox olan bilər. 163 min ailə deyil, 250 minə yaxın ailənin hazırda ünvanlı sosial yardıma ehtiyacı var. Onlar texniki səbəblərdən və ya digər süni yaradılmış səbəblər üzündən yardım ala bilmirlər. 2016-cı ilin mayında yeni qaydaların tətbiq edilməsi ilə bağlı fərman imzalanıb. Bəzi insanlar var ki, onların adında hansısa torpaq sahələrinin, kreditin olması, abunə olduqları telefon nömrələrindəki məbləğin yüksək olması və sair kimi məsələlər onların ünvanlı sosial yardım almasına problem yaradır. Tam qaneedici olmasa da , 2016-cı ilin göstəriciləri bu istiqamətdə bir inkişafın olduğunu deməyə əsas verir”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxladıq. O, bildirdi ki, sosial müavinətlərin verilməsində hər hansı problem yoxdur. Ünvanlı sosial yardım vətəndaşlara vaxtı-vaxtında ödənilir. fərdi şəkildə kimdəsə problem yaranıbsa, bununla bağlı müraciət edə bilər.
Nərgiz LİFTİYEVA
Musavat.com