Generalın ifadəsi Mahmudovun həbs yolunu açdı: Sabiq MTN şefi üçün nə hazırlanır?

30-04-2017, 09:34   






Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məhkəmədə sözügedən qurumun keçmiş rəhbəri Eldar Mahmudovun əleyhinə olan faktları açıqlayıb. E.Quliyev E.Mahmudovun ona təzyiq edərək, bir neçə dəfə milyonlarla manat məbləğində pul aldığını deyib. O, bildirib ki, kuratorluq etdiyi sahələr üzrə pul qazanmaq lazım olduğunu sabiq nazir Eldar Mahmudov ona işarə edib, bir neçə dəfə həmin qurumlarda pul olub-olmadığını soruşub.

2015-ci ilin oktyabr ayınadək dövlət büdcəsindən MTN-in Maliyyə İdarəsinin kassasının xüsusi xərclər smetasına ayrılmış pul vəsaitlərindən ümumilikdə 7 milyon 360 min 58 manat məbləğində nağd pul təyinatı üzrə xərclənməyib. Elçin Quliyev bu pulların Eldar Mahmudov tərəfindən müxtəlif bəhanələrlə mənimsənildiyini istisna etməyib. Elçin Quliyev qeyd edib ki, 2013-cü ilin dekabr ayında sabiq nazir ona zəng vurub və İsraildən hansısa avadanlıq alınması ilə bağlı böyük məbləğdə pul lazım olduğunu, ona görə də “Şimal küləyi” əməliyyatı üzrə pul alınmasına dair bir neçə raport yazıb, həmin raportun mühasibatlığa pul götürülməsi üçün təcili göndərilməsini bildirib.

Pul əvvəlcə İlqar Əliyevin otağına gətirilib. Orada da sabiq nazirin göstərişi ilə köməkçisi Vüqar Məmmədova verilib. Həmin vəsait mühasibatlıqdan götürüldüyü məbləğdə də Vüqar Məmmədova göndərilib. Elçin Quliyevin sözlərinə görə, həmin hadisədən bir neçə gün sonra sabiq nazir yenidən ona zəng vurub və yenidən təxminən bir milyon manat lazım olduğunu, yenə də “Şimal küləyi” adı əməliyyat işində xərclənməsi adı ilə raportları yazmağı, pulu da Vüqar Mahmudova verməyi tapşırıb. Elçin Quliyev qeyd edib ki, Mahmudov bir neçə dəfə bu məqsədlə ona zəng edib, pul istəyib.

Mahmudovun narkotik ticarəti

MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun da məhkəmədə verdiyi ifadə Mahmudova həbs yolunu göstərə bilər. Çıxışlarından birində Akif Çovdarov dövlət ittihamçısı Vüqar Quliyevin əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun pozulması barədə sualına cavab verərək bildirdi ki, “Başqa bir ölkənin vətəndaşını at belində gizli yolla öz ölkəmizə keçirmişəm. Heç bizim sərhədçilərin də bundan xəbəri olmayıb”.

Akif Çovdarovun ifadəsindən məlum olur ki, Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dönəmlərdə İrandan Azərbaycana narkotik maddələrin daşınmasıyla məşğul olan şəbəkəyə də nəzarət edib. Çovdarovun özü də İrandan ölkəmizə narkotik gətirən sərhəd rayonlarından olan bir sıra vətəndaşlarla işbirliyində olduqlarını gizlətməyib. O, bu cinayəti “dövlətə xidmət üçün işbirliyi” adı altında gizlətməyə çalışıb. Görünən budur ki, Eldar Mahmudov gəlir gətirən cinayət əməllərinin geniş spektri əhatə etdirməsi üçün Akif Çovdarova “əlahiddə status” verib, yaxud bütün külli-ixtiyarı ona milyonlar qazandıran bu “odioz general”a tapşırıb. Hər halda Akif Çovdarovun Eldar Mahmudovdan xəbərsiz hərəkət etdiyi inandırıcı deyil. Təsadüfi deyil ki, Çovdarov məhkəmə ifadələrində dəfələrlə dolayı yollarla təzyiq altında iş gördüyünü demişdi.

Mahmudovun əlindən alınan “silahları”

Elçin Quliyevin ittihamlarına gəlincə, bu günədək Eldar Mahmudovun işlətdiyi cinayətlərin gün işığına çıxarılması üçün açılan ən böyük faktlardan biridir. Quliyevdən əvvəl “METAK” MMC-nin rəhbəri Alik Kərimov və keçmiş rabitə naziri Əli Abbasov Eldar Mahmudovun onlardan şantaj və təhdid yoluyla milyonlarla manat məbləğində pul aldıqlarını açıqlasalar da, hansısa səbəblərə görə, hüquq-mühafizə orqanları bunları keçmiş MTN rəhbərinin həbsi üçün faktlar kimi dəyərləndirmədi. Amma Elçin Quliyevin etirafları Eldar Mahmudovun həbsi üçün material olaraq qiymətləndirə bilər.

Çünki bu, MTN və onun yaxın ətrafı səviyyəsində ilk açılan cinayət faktlarıdır ki, burada birbaşa Eldar Mahmudovdan söhbət gedir. Hesab etmək olar ki, Quliyevin bu etirafları təsadüf deyil və böyük ölçüdə Mahmudovun həbsinə hazırlıq gedir. Görünən budur ki, artıq üzünə qaçış qapıları bağlanılıb və açılan bu faktlar Mahmudovu həbsə göndərəcək son hədd sayıla bilər.

Hesab etmək olar ki, artıq hüquq-mühafizə orqanlarına da Eldar Mahmudovun dövləti şantaj vasitələrinə sahib olmadığı, yaxud bu vasitələrindən müəyyən kanallar vasitəsilə məhrum olduğuna əmindir. Bu nöqteyi-nəzərdən keçmiş MTN rəhbərinin azadlıqda qalmasına da ehtiyac olmayacaq.

Mənsur

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar