Paytaxtın ən prestijli istirahət guşələrindən biri olan Bakı Əyləncə Mərkəzini (BƏM) sökürlər. Bu barədə azadliq.info-ya məlumatlı mənbələrdən bəlli olub.
Məlumata görə, iki gün qabaq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedib və oranın rəhbərliyinə göstəriş verib ki, binanı bir həftəyə boşaltsınlar. Səbəbini soruşduqda, Abutalıbov binanın söküləcəyini deyib.
BƏM rəhbərliyi xəbərdarlıqdan şoka düşüb. Söküntü qərarının səbəbi və başqa detallar barədə Abutalıbovdan heç nə öyrənə bilməyiblər. Bakının icra başçısı bütün etirazlar və sullar qarşısında yalnız bunu deyib: “Mənlik deyil”.
BƏM rəhbərliyi xatırladıb ki, bina heç bir ay deyil təmir olunub, təmirə milyonlarla manat pul xərclənib, mərkəzdə 200-dən çox işçi çalışır və s. Amma bu sadalananların heç bir faydası olmayıb. Abutalıbov heç nəyə məhəl qoymadan binanın söküləcəyini çatdırıb.
BƏM-də bir neçə böyük toy və banket zalları, idman-sağlamlıq qurğuları, üzgüçülük hovuzu fəaliyyət göstərir.
Mərkəz iş adamı İsgəndər Xəlilovun şəxsi mülküdür. Məlumatlara görə, mülkiyyət sənədlərində hər hansı çatışmazlıq da yoxdur. İsgəndər Xəlilov Rusiyada yaşayıb fəaliyyət göstərən başqa bir məşhur azərbaycanlı İlham Rəhimovla çox yaxın münasibətlərdə sayılır. Bəzi məlumatlara görə, Azərbaycanın hakim dairələri ilə Rusiya prezidenti Putinlə tələbə dostluğu həmişə qabarıq ifadə olunmuş İlham Rəhimovun arasında hansısa səbəblərdən “qara yellər” əssir və İsgəndər Xəlilov da məhz onunla yaxınlığı səbəbindən qəzəbə gəlib. Ehtimal edilir ki, BƏM-i sökmək tapşırığı da İ.Xəlilovu cəzalandırmaq üçün verilib.
Başqa bir məlumata görə isə ümumiyyətlə o ərazidə hakim ailənin yeni biznesi üçün geniş sahə yaradılır və BƏM də bu planın qurbanıdır. Deyilənlərə görə, BƏM-lə birlikdə onun yaxınlığındakı “Ramstor” mağazası da söküləcək. Ərazidə hakim ailəyə məxsus yeni ticarət şəbəkəsinin böyük mağazası tikiləcək.