"Bəy bir dəfə dedi ki, İsayla Əlinin münasibəti məni sındırdı"
Mərhum eks-prezident, Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin yaxın silahdaşı və müşaviri olmuş Aydın Abbasovun (Türk Aydın) Moderator.az-a müsahibəsinin sonuncu hissəsini təqdim edirik. Müsahibənin əvvəlini bu linklərdən moderator.az/news/177123.html moderator.az/news/177295.html oxuya bilərsiniz.
“Tamerlan Qarayev KQB-dən cəbhəyə məxsusi göndərilmiş adam idi”
- Tamerlan Qarayevin başqalarına işlədiyini hansı əsasla deyirdiniz?
- Yanvar qırğınından təxminən 20 gün qabaq Akademiyanın dəyirmi zalında bir cəbhənin növbədənkənar konqresini keçirdik. Orda Nemətlə Rəhim Bəyin metoduna, iş üslubuna etiraz əlaməti olaraq istefa verdilər. Məclisə sədr seçmək məsələsində isə kimlərsə Tamerlanın namizədliyini verdi. Gördüm ki, Bəy də bununla razılaşır, fasilədə soruşdum ki, Bəy, Tamerlan axı bizə sonradan mitinqlərdə qoşulub, xeyir ola mitinqlərdə gələn adamı sədr təsdiqləyirsən? Dedi ki, Aydın, Tamerlan hüquq elmləri namizədidir, cəbhədə belə adamların olması bizə lazımdır. Halbuki, Tamerlan KQB-dən cəbhəyə məxsusi göndərilmiş adam idi, ancaq Bəy buna inanmırdı. Tamerlan bir yerdə özü də bilmədən ağzından qaçırmışdı ki, Elmira Qafarova ona cəbhəyə girməyi məsləhət görüb, cəbhəyə gir və cəbhənin limitindən istifadə edərək səni deputata edək, yoxsa sən deputat ola bilməzsən deyib. Sonradan elə cəbhənin limitindən də istifadə edərək deputat oldu. Bəy isə həmişə deyirdi ki, onlar öyrədilmiş adamlar olsalar da təndiq edərək yox, tərif edərək özümüzə bağlamalıyıq. Bəyin fəlsəfəsi belə idi, heç vaxt tənqid axtarmırdı.
Ancaq nəticədə bəlli oldu ki, Tamerlan da, İsa da, Nemət də, Əli də Bəyi istəmir. Hətta Əligilin əhvalı o qədər yetişmişdi ki, Bəyi cəbhədən çıxarmaq istəyirdilər. Bəy bunları görəndən sonra bir dəfə mənə dedi ki, məni heç Heydər Əliyevin represiyası bu qədər əzməmişdi, nəinki İsayla Əlinin, onların münasibəti məni sındırdı.
“Düşünürlər ki, Elçibəy epoxası bitdi, yeni epoxa başlayır”
- Fikirlərinizdən belə anlamaq olarmı ki, Azərbaycanda müxalifət Elçibəylə birlikdə məhv oldu?
- Bu fikri mən dəfələrlə demişəm. İndiki müxalifətçi uşaqlarla da ara-sıra görüşəndə onlara deyirəm ki, əgər müxalifətçisinizsə, Elçibəy kimi bir hərəkat edin də. Özünüzə lider deyirsiniz, bəs hanı sizin liderliyiniz? Bugünkülər sadəcə görünmək xatirinə müxalifətçidilər.
- Elçibəydən sonra AXCP də parçalandı, bir neçə partiya yarandı. Sizcə, onlardan hansı sırf Elçibəyin ideyalarına sadiqdir?
- Mənə elə gəlir ki, az-çox KXCP-də, yəni Mirmahmud Fəttayevin rəhbərlik etdiyi partiyada Elçibəyin ruhu var. Oradakı uşaqlar Bütöv Azərbaycan ruhunu yaşadırlar, ancaq o birilərdə görmürəm. O birilərin heç birində Bəyin qoyduğu “biz Azərbaycanı necə görmək istəyirik, idealımız, məqsədimiz nədir” klassik düşüncə sisteminin ruhu yoxdur. Bəziləri bunu arxaizm, keçmiş etap sayır, düşünürlər ki, Bəy epoxası bitdi, yeni epoxa başlayır. Məsələ bundadır ki, dövlətçilik, milli şüur epoxa ilə bağlı deyil. Hər bir işdə ana xətt olmalıdır, o ana xətti yaşatmadan nəyəsə nail olmaq mümkün deyil. Hazırda Türkiyədə gedən proseslərə nəzər salaq, əgər Atatürkə qarşı düşmən kəsilsələr, bu dövlət də özünü doğrultmaz. Yeni Türkiyə qurmaq üçün Atatürkdən bəhrələnib, ona əlavə etmək lazımdır.
- Elçibəyin o zamankı müavinlərindən bir çoxu bu gün Milli Məclisdə əyləşib. Necə düşünürsünüz, Elçibəy sağ olsaydı, bu gün onlar yenə də Milli Məclisdə oturardılar, yoxsa Elçibəyin yanında olardılar?
- Düşünürəm ki, Elçibəy sağ olsaydı, onlar Elçibəyin yanında olardılar, çünki Elçibəyə sağlığında çox bağlı görünürdülər. Amma bəlkə də mən səhv edirəm... Bəzən onların hansısa fikirlərini eşidəndə şübhə edirəm, xüsusən Asim Mollazadənin, Qüdrət Həsənquliyevin bəzi fikirlərini görəndə özlüyümdə deyirəm, axı, Elçibəyin törəmələri belə danışmamalıydı, yox, Elçibəy sağ olsaydı, bunlar onun yanında olmazdı. Amma dərinlikdə inanmaq istəyirəm ki, yanılıram, onlar Elçibəyi tək qoymazdılar. Bəlkə də yenilik onların belə danışmalarını tələb edir, ancaq beynəlmiləlçilik də milli dəyərlərin üzərində durmalıdır.
“Heydər Əliyevin adminstrativ xüsusiyyəti ilə Elçibəyin humanizmi bir şəxsiyyətdə olmuş olsaydı, Bəy dinməz-söyləməz ona səs verərdi”
Image result for elçibəylə heydər əliyev
- Aydın müəllim, Əbülfəz Elçibəyin Heydər Əliyevlə məşhur 8 saatlıq görüşü haqqında da bir qədər danışmağınızı xahiş edirəm. Həmin məşhur görüşdə nə danışmışdılar?
- Həmin görüşdə çox da əlamətdar məsələlər danışılmamışdı. Elçibəy Heydər Əliyevə demişdi ki, sənin təşkilatçılıq qabiliyyətin bu gün millətə daha çox lazımdır. Bu baxımdan sənə səlahiyyəti veririk, ancaq bir şərtlə. Hakimiyyətə tabe olmayan bəzi qüvvələr var ki, onlar lokallaşdırılmalıdır. Lokal qüvvələrdən də biri elə Sürət Hüseynov idi ki, Rusiyaya bağlıydı, bəziləri İran kəşfiyatına işləyirdi. Bəy də Heydər Əliyevə deyirdi ki, sənə bu səlahiyyəti veririk ki, özünü doğruldasan, göstərəsən ki, sən əlsində heç vaxt millətinin əleyhinə olmamısan, sadəcə Sovet dövründə bəzi addımları atmağa məcbur olmusan. Ancaq bu səlahiyyəti sənə müəyyən vaxta qədər veririk, 1998-ci ildə dinməz-söyləməz kənara çəkilməlisən ki, biz fəaliyyətimizə davam edək.
Söhbətin kökündə bu məsələ dayanmışdı. Bəy onu da bildirmişdi ki, bu gün təslim olmayan qüvvələri mən represiya edə bilmərəm, vicdanım yol verməz, amma sən mənə baxma, bunu eləməlisən. H.Əliyev də həmin qüvvələri məhv elədi. Elçibəy zəif, qorxaq deyildi ki, bunu bacarmasın, sadəcə o qədər rəhmli idi ki, vicdanı ona yol vermirdi.
- Çoxları bəlkə də Elçibəyin bu xüsusiyyətlərini nəzərə alaraq deyir ki, gərək Bəy özü prezident olmazdı, ətrafındakılardan kiminsə prezident olmasına razılaşardı. Bu barədə siz necə düşünürsünüz?
- O zaman əgər hərtərəfli yetişmiş bir kadr olsaydı, sizi inandırım ki, Bəy heç seçkiyə getməzdi. Təəssüf ki, o vaxt həmin kadr yox idi. Əgər Elçibəy prezident olmasaydı, ya Ayaz Mütəllibov, ya Etibar Hüseynov, ya İsa Qəmbər, ya da Heydər Əliyev prezident olmalıydı. Ancaq bunlardan heç biri bizim ideyarımızı həyata keçirməyə layiq deyildi. Bəy bir növ bilərəkdən özünü qurban verdi. Deyirdi ki, mən gedirəm, ancaq bilirəm ki, bir azdan məni aşıracaqlar, bu millət bizim yerişimizi dərk etməyəcək, əleyhimizə də işləyənlər çoxdur. Bəy buna baxmayaraq yürüdü. Əgər Heydər Əliyevin adminstrativ xüsusiyyəti ilə Elçibəyin humanizmi bir şəxsiyyətdə olmuş olsaydı, Bəy dinməz-söyləməz ona səs verərdi.
“Etibar Məmmədova dünyanı da versək, doymazdı”
- Etibar Məmmədov necə, dediyiniz kriteriyalar onda da yox idimi?
- Yox, o da prezident olmağa layiq deyildi. Etibar da hərəkata sonradan gəlmə idi, onu mənlə Bəy özü universitetin həyətində tanış etmişdi. Demişdi ki, bu, mənim keçmiş tələbəmdir, partiyaya götürək. Tanış edəndə də demişdi ki, Etibar o qədər şəhvətli yaşamağa meyillidir ki, ona dünyanı da versək, doymaz. Sonradan elə də oldu, gördük ki, onda vəzifəyə, dəbdəbəli həyata o qədər hərislik var ki, gözü doyan deyil. Bəy ona görə də prezidentliyi Etibara verməzdi.
- İndi necə, elə bir lider yetişibmi ki, Elçibəyin yarımçıq qalmış Bütöv Azərbaycan kimi böyük ideyalarını həyata keçirsin?
- Yox, indi də yoxdur. Bunu hər gün düşünürəm. Bu gün İlham Əliyev prezidentlikdən getsə, yerinə keçə biləcək başqa bir adam görmürəm. Buna da çox təəssüf edirəm... Elçibəy kimi birinin yetişməsinə görünür ki, zaman lazımdı, təkan lazımdır.
“Plan elə idi ki, Elçibəy 2003-cü il seçkilərinə çatmamalıydı”
- Elçibəylə sonuncu görüşünüzü necə xatırlayırsınız, nə demişdi sizə?
- Sonuncu dəfə Bəy Türkiyəyə, Gülhanəyə gedəndə görüşdük. Dedim ki, Bəy, deyəsən biz müxalifətdə qala-qala gerçəkliyi yeridə bilməyəcəyik. Çox nikbincəsinə cavab verdi ki, nə danışırsan, gedirəm, qayıdım gəlim hər şey tamamilə başqa cür olacaq, pessimist düşünmə. Gedəndən sonra da dəmirəllərin əliylə Bəyin xəstəliyini bir qədər də sürətləndirdilər. Plan elə idi ki, Elçibəy 2003-cü il seçkilərinə çatmamalıydı, çünki artıq onda heç kim Bəyə mane ola bilməyəcəkdi. Yolu açmaq üçün də Elçibəy mütləq getməliydi...
moderator.az
Rumiyyə MİRASLAN