Ermənilərin onilliklər boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi olan Xocalı soyqırımından 17 il ötür. 1992-ci il fevralın 26-da bütün dünya Xocalı şəhərində dəhşətli bir vəhşiliyin şahidi oldu. Şəhərdən çıxmağa çalışan mülki əhali məhz azərbaycanlı olduğu üçün erməni hərbi birləşmələri tərəfindən soyqırımına məruz qaldı. Sovet ordusunun 366-cı hərbi alayın köməyindən yararlanan ermənilər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara belə aman vermədilər. Şəhərin özü isə yerlə yeksan edildi.
Bu gün hər birimizin qarşısında duran əsas vəzifələrdən biri insanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsi ilə bağlı əsl həqiqətləri dünyaya çatdırmaq, dinc azərbaycanlılara qarşı soyqırımı törədən Ermənistanın bütün dünya miqyasında ifşa edilməsinə nail olmaq, Azərbaycan dövlətinin bu məqsədlə həyata keçirdiyi fəaliyyətə dəstək verməkdir. Çünki ideoloji təbliğatın mühüm əhəmiyyət kəsb etdiyi müasir zamanda əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir. Bu işdə xaricdə təhsil alan Azərbaycanlı tələbələr də böyük fəallıq göstərirlər.
Bu günlərdə Turkiyenin Kütahya seherinde, Dumlupinar Universitetində Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə böyük toplantı keçirilib. Toplantının təşkilatçısı və aparıcısı Universitetin Iktisadi idari bilimler Fakultesi-siyaset bilimi ve uluslararasi iliskiler bölümünün 3cu kurs telebesi Zümrüd Nebiyeva olmuşdur. Tədbirdə Azərbaycan torpaqlarının erməni silahlıları tərəfindən işğalı, dinc əhaliyə qarşı edilən vəhşiliklər, işğal olunmuş torpaqlarımızın tarixi, bu ərazilərdə tarixən Azərbaycanlıların yaşaması haqda tarixi sənədlərdən söhbət açılmış, iştirakçılara foto faktlar təqdim olunmuşdur. Eyni zamanda Azərbaycan xalqının erməni vandalizminə qarşı mübarizəsi, qəhrəman Azərbaycan döyüşçülərinin şücaəti haqda iştirakçılara məlumat verilmişdir. Azərbaycan həqiqətlərinin qardaş Türkiyə cumhuriyyətindən dünyaya çatdırılmasında böyük rol oynayan tədbirin aparıcısı Zümrüd Nəbiyeva çıxışında Azərbaycan xalqının torpaqların azad olunacağına inamını bir an da itirmədiyini, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına əmin olduğunu bildirmişdir.