“Prezidentin bizim yaşayışımızdan xəbəri yoxdur. Ona bizim bu vəziyyəti lazımi orqanlar çatdırmırlar. Məhəllədə ağac var, aşa bilər, onu kəsmələri üçün icra hakimiyyətinə müraciət etdim, dedilər, 80-100 manat ver kəsək. Bəs, bu ağac nəvələrimin üstünə düşsə kim cavab verəcək?”
Bu sözləri 4 saylı peşə liseyinin zirzəmisinə sığınmış məcburi köçkün Narçiçək Behbudova deyir. Metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığındakı liseyə Füzuli rayonundan köçkün düşmüş N.Behdbudova kimi 30-dan çox ailə sığınıb.
Buna da bax: İsmayıllı sakini: '47 manat əlillik pensiyası alıram, çörəyə də çatmır'
“Əvvəl buralar çox pis gündə idi, öz çörək pulumuza qaydaya salmışıq. Baxan yoxdu, hər xırda problem üçün də prezidentə müraciət etmək olmur. Bir insan ola, gedə, dərdimizi prezidentə deyə”, - söyləyir Narçiçək Behbudova.
Digər məcburi köçkün Qənirə Qurbanova 21 ildir yataqxanada yaşayır. Onun sözlərinə görə, yataqxanada əsas problem qaz təminatı ilə bağlıdır.
"Qaçqınkom"dan gələnlər iki dəqiqə otura bilmədilər, biz 20 ildən çoxdur yaşayırıq”
Buna da bax: Saatlıdan müəllimə: 'Xəstəxanada olduğum halda əmrimi verib işdən çıxarıblar'
Füzuli rayonundan məcburi köçkün düşmüş Kəmalə Quliyeva evində şərait olmadığı üçün oğlundan ayrı yaşadığını deyir: "Gələn il oğlum əsgər gedəcək. Mənim normal şəraitim olsa oğlum öz evimdən əsgər gedər. İndi nənəsigildə qalır".
Zəngilandan qaçqın düşmüş Svetlana Qarayeva "Qaçqınkom"un hər il onları yoxladığını deyir.
“Sonuncu dəfə keçən il iki cavan oğlan gəlmişdi. Bizə "yalan deyirsiz, burda insan yaşamaz, yaşaya bilməz" deyirdilər”, - söyləyir Svetlana Qarayeva və sonra da əlavə edir: “Onlar bizim yaşadığımız yerdə iki dəqiqə otura bilmədilər, amma biz bu zirzəmidə 20 ildən çoxdur ki yaşayırıq”.
"Qaçqınkom" nə deyir?
"Qaçqınkom"un mətbuat xidmətinin rəhbəri Elçin Qədimov isə sözügedən liseydə məskunlaşanlardan xəbərsiz olduğunu deyir.
“4 saylı peşə məktəbinin həyətində yerləşən məcburi köçkünlərdən komitəyə bu günə qədər müraciət edən olmayıb. Əgər müraciət edən olsa, onların müraciətinə rəsmi baxılaraq cavab veriləcək”.
Qaçqın və məcburi köçkünlərin yataqxanalardan köçürülməsi məsələsinə gəldikdə, E.Qədimov bildirib ki, bu sahədəki işlər mərhələli şəkildə həyata keçirilir. Onun dediyinə görə, həmin və digər ərazidəki qaçqınlar siyahıya alınaraq hissə-hissə köçürüləcəklər.