Bakıda zibil çənində güclü partlayış: xəbərdarlıq, yoxsa..

12-07-2017, 09:15   
Bakıda zibil çənində güclü partlayış: xəbərdarlıq, yoxsa..
Rəsmi orqanlar araşdırma aparır; ekspert: “Bakının mərkəzi rayonunda partlayıcı qurğu işə düşürsə...”


Bakının Nəsimi rayonunda zibil çənində güclü partlayış olub. Zibil çənində olan partlayıcı qurğu partlayıb, yaralanan var. Bu barədə sputnik.az hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, hadisə iyulun 10-da saat 20:40-da baş verib.


Paytaxtın “20 Yanvar” küçəsində mənzil-istismar sahəsinin əməkdaşları - Kürdəmir sakini 1987-ci il təvəllüdlü Rauf Rəsulov və Siyəzən sakini 1983-cü il təvəllüdlü İmamverdi Əhmədov “Man” markalı avtomaşınla zibil çənlərini təmizləyərkən partlayış baş verib. Sonradan bəlli olub ki, partlayış zibil çənlərindən birinin boşaldılması zamanı olub. R.Rəsulov çoxsaylı qəlpə zədələri alıb və Respublika Travmatologiya İnstitutuna yerləşdirilib. Sayt yazır ki, faktla bağlı araşdırma aparılır.


Milli təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər “Yeni Müsavat”a deyib ki, baş vermiş olay diqqətlə araşdırılmalıdır: “Söhbət bomba partlayışından gedirsə, istintaq baş vermiş olayın xəbərdarlıq xarakterli olmasını və ya məqsədyönlü bir partlayış törədilməsini aydınlaşdırmalıdır. İstintaq aparılmalı, partlayıcının zibil çəninə atılmasının məqsədi aydınlaşdırılmalıdır. Məsələn, mümkündür ki, terror məqsədi olan və ya sui-qəsdə hazırlaşan şəxs son anda fikrindən daşınıb, qorxub, çəkinib və əlindəki partlayıcını zibil çəninə atıb. Ola bilər ki, partlayıcını bilərəkdən hədəfdə olan şəxsin yolunun üstündəki zibil çəninə atıblar və məqsəd də həmin şəxsə hədələrin real olduğunu göstərməkdir. İstintaq bu məsələləri aydınlaşdırmalıdır”.



S.Əkbər bildirib ki, baş vermiş olay həm də xoşagəlməz bir siqnal kimi qəbul olunmalıdır: “İstənilən halda, Bakının mərkəzi rayonunda zibil çənində partlayıcı qurğu işə düşürsə, bu xoşagəlməz haldır. Ümumiyyətlə isə dünyadakı, regiondakı vəziyyəti nəzərə alaraq uzun müddətdir ki, Azərbaycanda terror-təhdid səviyyəsinin yüksəldilməsini təklif etmişəm. Terror-təhdid səviyyəsinin yüksəldilməsi də hər səviyyəyə uyğun təkliflər paketini həyata keçirmək deməkdir. Əgər Azərbaycanda belə bir addım atılacaqsa, təbii ki, terror-təhdid səviyyəsi yüksək olan ölkələrdə, Türkiyədə olduğu kimi, zibil çənləri küçələrdən yığışdırılacaq”.


S.Əkbər deyir ki, terrorçuların zibil çənlərini hədəf seçmələri təsadüfi deyil: “Bunu özlərinin təhlükəsizlikləri baxımından edirlər. Çünki küçənin bir küncünə, ortasına hər hansı bir bağlama qoyulsa, diqqət çəkir. Bağlamanı qoyan şəxsə küçəni zibilləməsi kimi irad bildirənlər ola bilər. Ondan bağlamanı küçədən götürməsini tələb edənlərin olması ehtimalı böyükdür. Həmin bağlamanı qoyan şəxsi görənlər olur. Zibil çəninə zibil atanlara isə kimsə diqqət etmir. Zibil çəninə zibili hər kəs atır. Kənardan baxan, diqqət edən olsa belə müxtəlif qablarda zibil atan şəxsə irad tuta, ”bağlamanı niyə zibil çəninə atmısan" deyə bilməz. Zibil çəninə atılan hər bağlamanı yoxlayan da yoxdur. Zibil çənlərinin partladılması daha çox xəbərdarlıq xarakteri daşıyır. Türkiyədə zibil yeşiklərinin partladılmasında kənardan idarə olunan bomdalardan istifadə olunub".


S.Əkbər Azərbaycanda terror-təhdid səviyyəsinin qaldırılmasını təklif etməsinin səbəbini də izah edib: “Dünyada, xüsusən də qonşuluğumuzdakı dövlətlərdə - Əfqanıstan, İraq, Suriya, Türkiyə, İran, Şimalı Qafqaz və Gürcüstanda təhlükəsizlik baxımından durum qeyri-sabitdir. Azərbaycan illərdir ki, müharibə vəziyyətindədir. Azərbaycan regionun əsas tranzit ölkəsidir və ən başlıcası isə Azərbaycan vətəndaşları terror təşkilatlarında vuruşurlar. Bu, Azərbaycanda terror təşkilatlarının şəbəkəsinin varlığına dəlalət edir. Ölkə daxilində belə təşkilatların sıralarında olmuş şəxslərə qarşı çox sərt addımlar atılır, terrorçular məhv edilir, ələ keçənlər məhkəmələr tərəfindən uzun müddətə azadlıqdan məhrum olunurlar. Bütün bunlar Azərbaycanda terror-təhdid səviyyəsinin yüksəldiyini göstərir”.


S.Əkbər deyir ki, terrordan heç bir ölkə sığortalanmayıb: “Ən güclü xüsusi xidmət orqanlarına malik ölkələr belə terrordan sığortalanmayıblar. Burada ən başlıca faktor kəşfiyyat orqanlarının nə dərəcədə effektiv işləməyidir. Əgər öncədən kəşfiyyat məlumatı yoxdursa, təhlükəsizlik sistemi nə qədər effektiv olursa-olsun terrorun qarşısını əksərən almaq mümkün olmur. İlk növbədə effektiv kəşfiyyat sistemi olmalıdır. Dövlətin terrorla mübarizə təcrübəsi olmalıdır, bu sahədə təcrübəli kadrların çalışmasına şərait yaradılmalıdır. Terrorla mübarizə ayrıca kəşfiyyat və təhlükəsizlik orqanlarının işi deyil, bu işə kompleks şəkildə yanaşmaq lazımdır”.


S.Əkbər vurğulayıb ki, terror olayları haqda məlumatlar geniş ictimaiyyətdən gizli saxlanılmamalıdır: “Belə olay baş verirsə, qətiyyən ictimaiyyətdən gizli saxlamaq olmaz. Mütləq şəkildə cəmiyyətə anında hərtərəfli məlumat verilməlidir. Vətəndaşlara təhlükəsizliklə bağlı hansı addımlar atılmalı olduqları barədə məlumat verilməlidir”.


“Yeni Müsavat”ın əməkdaşı baş vermiş olayla bağlı Daxili İşlrə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumun KİV və ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı İlham Babayev bildirib ki, partlayışla bağlı hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin ekspertləri araşdırma aparıblar: “İlkin ehtimal budur ki, partlayışın meydana gəlməsinin səbəbi məişətdə işlənən kiçik tutumlu qaz balonudur. Hazırda araşdırmalar davam etdirilir”.


FHN-in mətbuat xidmətinin rəhbəri Oktay Bayramov isə sorğumuza cavab olaraq bildirib ki, Nəsimi rayonu ərazində zibil çənində partlayış baş verməsi haqda məlumat Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub. Bundan sonra hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, ekspertləri göndərilib: “Əməkdaşlarımız orada heç nə aşkar etməyiblər. Hazırda partlayışla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”.


E.MƏMMƏDƏLİYEV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar