Ölkənin yol infrastruktur layihələri, inflyasiyanın əhalinin gəlirlərini üstələməsi və intiharlar bu gün (27 iyul 2017-ci il) medianın aparıcı mövzularındandır...
«ELƏ AİLƏ VAR Kİ, BÜTÖV TOYUQ BELƏ ALA BİLMİR»
«Exo» qəzetində «Azərbaycan əhalisinin yarıdan çoxu qənaət rejimində yaşayır» sərlövhəli məqalə diqqət çəkir.
Ekspert Nəriman Ağayev əhalinin vəziyyətini qəzetə belə dəyərləndirib:
«Azərbaycan əhalisinin yarıdan çoxu qənaət rejimində yaşayır. Bir qayda olaraq, onların arasında ərzağı marketlərdən yox, bazarlardan almağa üstünlük verənlər çoxdur. Yeri gəlmişkən, onlar bazarlığı gündüz yox, axşam, bazar bağlanana yaxın edirlər ki, malı daha ucuz qiymətə ala bilsinlər».
N.Ağayev deyib ki, sərt qənaət rejimində yaşayan və aşağı gəliri olan ailələr məhsulları artıq kiloqramla yox, ədədlə alırlar:
«Məsələn, iki kartof, bir neçə ədəd pomidor, bir neçə ədəd xiyar… Ancaq zəruri olanları ala bilirlər. Ortagəlirli ailələr həftədə-ayda, lazım olan məbləği toplaya bildiyi zaman bu bazarlığı edə bilir. Hətta elə ailələr var ki, aylarla ət ala bilmir. Yaxud da bütöv toyuq belə ala bilmir, toyuq budları almaqla keçinir».
Yazıda bildirilir ki, 2017-ci ilin ilk yarısında Azərbaycan əhalisinin nominal gəliri 23 milyard 526.7 milyon manat olub. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 7.3 faiz çoxdur.
Müəllif bunun ardınca da vurğulayır ki, rəsmi statistikaya görə, inflyasiya 14 faizə çatıb. Bu isə əhalinin gəlirlərini inflyasiyanın «yeməsindən» xəbər verir.
KİMDİR GÜNAHKAR?
«Novoye Vremya» qəzetində isə «İntihar qapıları daha bərk döyür» sərlövhəli məqalə oxumaq olar.
Müəllif yazır ki, bu günlərdə Şəmkir rayonunun Zəyəm qəsəbəsində ananın iki övladı ilə birgə intiharı ölkəni silkələyib:
«Uşaqlar intiharın qurbanlarına çevrilərsə, buna biganə qalmaq olmaz. Cəmiyyət çoxdandır ki, bu məsələ ilə bağlı «kimdir günahkar» sualını gündəmə gətirib».
Daha sonra yazıda müxtəlif kütləvi informasiya vasitələrinə istinadən son həftələr baş verən intiharlar yada salınır.
Yazıda vurğulanır ki, intiharın səbəblərini tapmaq və onu aradan qaldırmaq indi daha çox aktuallıq təşkil edir. Müəllifə görə, televiziyalar əyləncəli proqramlar əvəzinə bu istiqamətdə vətəndaşların maarifləndirilməsinə geniş yer ayırmalıdırlar.
Yazıda bildirilir ki, intiharların bir çoxu sosial amillərə söykənir:
«Kimi təhsil haqqını, kim bank kreditlərini ödəməyə, kimi də müalicəyə pul tapa bilmədiyi üçün ya özünü asır, ya da yandırır».
Müəllif hesab edir ki, kredit intiharları Azərbaycanda sürətlə yayılır. Çünki bankların və kollektorların təzyiqlərinə hər adam davam gətirə bilmir.
Müəllifə görə, müstəqil mühakimə sisteminin olmaması, məmur özbaşınalığı da intiharlara təhrik edən səbəblər sırasındadır.
Yazıda bildirilir ki, əgər hökumət intiharların qarşısını almaq istəyirsə, əhalinin rifah halının yaxşılaşdırılmasına səy göstərməlidir.
Müəllif bəzi rəsmilərin inkişaf etmiş ölkələrdə intihar hallarının daha çox olmasına diqqət çəkməsini də dəyərləndirir. Yazıda vurğulanır ki, həmin ölkələrdə insanlar heç də kollektorların təzyiqlərindən özlərini öldürmürlər:
«İndi hər hansı paralel aparmağa ehtiyac varmı? Bizim ölkədə intihar problemi üzdə olan faktdır. Əyani olanı inkar etmək problemi özünün bütün nəticələri ilə daha dərinə «qovmaq» deməkdir. Odur ki, heç bir halda buna yol vermək olmaz. Yol vermək olmaz ki, Şəmkirdə baş vermiş intihar bir daha təkrarlansın…».