Kreml İrəvanı Bakı ilə hədələdi – “Bu addımı atsanız...”

12-09-2017, 09:04   

Ermənistanın Putin layihələrindən çıxmaq təşəbbüsünə Moskvadan sərt reaksiya gəldi: “Türkiyə və Azərbaycanla üz-üzə qalacaqsınız, əgər...”; düşmən ölkədə yeni etiraz dalğası başlayır; erməni müxalifətçi: “Sərkisyanın yeri həbsxanadır”

Ermənistanda müttəfiq Rusiyaya qarşı etimadsızlıq ab-havası davam edir. NATO-nun Gürcüstandakı son hərbi təlimlərində iştirakda işğalçı ölkənin Kremlin təzyiqi ilə rüsvayçı şəkildə imtinasından sonra bu ovqat bir az da güclənib. Təbii ki, daxildəki narazılıqların bir hədəfi də Ermənistanın indiki hakimiyyəti, onun başında duran Serj Sərkisyandır. Ölkədəki müxalif və müəyyən mənada Qərbə bağlı çevrələr S. Sərkisyan iqtidarını qorxaqlıqda, hətta satqınlıqda ittiham edirlər.

Bu xüsusda parlamentdəki “Yelk” blokunun Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmaq barədə bugünlərdə parlamentə təqdim elədiyi qanun layihəsi diqqət çəkir. Blok üzvləri əmindirlər ki, həmin addımla Ermənistan heç olmasa, bir azca Rusiya qarşısında müstəqil xarici siyasət kursu aparmaq iqtidarında olduğunu nümayiş etdirə bilər. Lakin belə təkliflər çətin ki, reallaşsın. Olsa-olsa bu yolla vassal Ermənistan Moskva ilə hansısa bazarlığa ümid edə bilər - o da əgər Rusiya istəsə...

*****

Yeri gəlmişkən, Ermənistanın Putin layihələrindən, xüsusən də Avrasiya İqtisadi Birliyindən çıxmaq haqda yeni qanunverici təklifə artıq Moskvadan reaksiya gəlib. Rusiyadakı “Regnum” informasiya-analitik saytının baş redaktoru, Kremlə yaxınlığı ilə tanınan politoloq Modest Kolerov təklifə yetərincə sərt münasibət ortaya qoyub. Maraqlıdır ki, Kolerov “Yelk”in təklifinin arxasında elə Sərkisyan hakimiyyətinin özünün dayandığına açıq işarə də vurub.



“Mən əminəm ki, ”Yelk" gələcək hakim koalisiyanın üzvüdür. “Yelk” - hakimiyyət və ya hakimiyyətyönlü layihədir. Ona görə də biz onun bəyanatlarını diqqətlə izləmələyik". Musavat.com-un məlumatına görə, bu barədə o, 1 in.am erməni nəşrinə açıqlamasında söyləyib.
Politoloq daha sonra deyib: “Mən onların bəyanatlarını diqqətlə izləyirəm və deyirəm: Avrasiya İqtisadi Birliyindən çıxmaq istəyirsizmi? Çıxın. Heç kim sizinlə bazarlıq eləmək fikrində deyil. Bunu başa düşmək lazımdır - hazırkı şərtlərdə heç kim sizinlə bazarlığa hazırlaşmır. Mən yalnız bunu söyləyə bilərəm”.

Erməni jurnalistin “O halda Rusiya-Ermənistan münasibətlərinə xələl gəlməz ki” sualına Kremlə yaxın ekspert belə cavab verib: “Məsələ ondadır ki, ikitərəfli Rusiya-Ermənistan münasibətləri bir-birindən fərqli bir neçə amildən ibarətdir. Bilirsiniz ki, hərbi sahə iqtisadi sferadan asılı deyil. Ancaq mən əminəm ki, iqtisadi əlaqələr dağılandan sonra 102 saylı Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsi qoyulacaq”.




Kolerov onu da əlavə edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxandan dərhal sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə də (KTMT) üzülüşməli olacaq. Bu isə artıq Ermənistanı həm də təhlükəsizlik faktoru ilə təhdid eləmək, hədələməkdir. Çünki işğalçı ölkə məhz ərazisindəki Rusiya hərbi kontingentinə arxayın olaraq Türkiyə və Azərbaycana qarşı özünü güvəndə hiss edir. Hazırda Ermənistanın Türkiyə ilə sərhədlərini də rus hərbçilər (FTX) qoruyur. Gümrü bazası bağlanarsa və Ermənistan KTMT-dən çıxarılarsa, o halda düşmən ölkə Azərbaycan və Türkiyə qarşısında “əliyalın” və tam müdafiəsiz duruma düşəcək. Bu isə ermənilərin ən pis röyası olardı.



Xatırladaq ki, Kolerov az öncə Ermənistanın NATO-ya, Qərbə qarşı son reveranslarına, o cümlədən NATO təlimlərində fəal iştirakına qəzəbli reaksiya vermişdi. Rusiyalı politoloq 1in.am erməni portalına müsahibəsində həm təhdid, həm də kinayəli şəkildə belə demişdi. Sitat: “Ermənistan NATO ilə həmrəylik içindədir. Ancaq bu həmrəylik Türkiyə və Azərbaycanla birgə iştirak fonunda baş verir. Və əgər Ermənistan Türkiyə və Azərbaycanla birgə belə layihələrdə iştirak edirsə, bu, o deməkdir ki, Rusiya ilə ortaq hərbi qruplaşma ona lazım deyil. O zaman qoy İrəvan Türkiyə və Azərbaycanla barışmaq üçün NATO-nu çağırsın”.


*****

Bu arada işğalçı ölkədə Sərkisyan rejiminə, daha doğrusu, Serj Sərkisyanın baş nazirliyinə qarşı növbəti etiraz kampaniyası başlayıb. Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, bu haqda dünən keçirdiyi mətbuat konfransında müxalif “Erkir Sirani” partiyasının lideri Zarui Postancyan deyib. O, mübarizənin Ermənistanın bütün iri şəhərlərini əhatə edəcəyini söyləyib.

Keçmiş deputatın sözlərinə görə, bu mübarizə 2018-ci ilin aprelinə - Sərkisyanın prezident postunda səlahiyyət müddəti bitənədək davam eləməlidir: “O, yeni baş nazir olmamalıdır. Onun yeri əlbəttə ki, cəzaçəkmə müəssisəsidir. Təkcə onun yox, bütün bu illər ərzində, ölkədə hər şeyi iflas edənlərin yeri oradır. Onlar təkcə siyasəti boşa çıxarmayıblar, həm də cinayətkarlardır. Bugünkü 1,5 milyonluq emiqrasiya, ölkədən qanunsuz şəkildə çıxarılan milyardlar - əlbəttə ki, bağışlanmazdır”.

Postancyan həmçinin Sərkisyanın ötən ilin aprelindəki “4 günlük müharibə”nin və çoxsaylı qurbanların əsas baiskarı olduğunu söyləyib. “Və qırılan bu gənc həyatlar... 20 yaşlı gənc oğlanlar öz həyatları bahasına fəlakətin qarşısını aldılar... Biz həm də buna görə onları məsuliyyətə cəlb eləməliyik”.

Müxalif siyasətçi Sərkisyana qarşı mübarizədə erməni diasporunun fəal iştirakının vacibliyini də xüsusi qeyd edib.

*****

Belə görünür ki, gələn ilin apreli yaxınlaşdıqca Ermənistanda daxili siyasi ehtiraslar da artacaq. Bu ehtiraslar və çəkişmələrin nə ilə sonuclanacağı isə sübhə yox ki, ilk növbədə Moskvanın proseslərə nə dərəcədə müdaxilə edəcəyindən asılı olacaq. Azərbaycanla müharibə vəziyyətində olduğundan Ermənistandakı prosesləri sövq-təbii biz də diqqətlə izləməli, Kremlin işğalçı ölkə ilə münasibətlərinə edilən düzəlişlərə çevik və adekvat reaksiya verməliyik.

Siyasət şöbəsi
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar