“Günorta saat 2-dən sonra məktəbdə həmin qapı bağlanırdı və direktor Allahverdi Vəliyev orada…”
Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbində direktorla müəllim arasında baş vermiş qalmaqal son günlər mediada ən çox müzakirə olunan mövzulardan biridir. Qeyd edək ki, həmin məktəbin müəlliməsi Gülnar Ələsgərova bu yaxınlarda mətbuata çıxaraq, direktor A.Vəliyev tərəfindən əxlaqsız təklif aldığı və təklifi rədd etdiyi üçün işdən çıxarıldığını iddia edib.
Bundan əlavə G.Ələsgərova məktəbdə bir çox xoşagəlməz halların və hətta qanunsuzluqların baş verdiyini bəyan edib. O, məktəbə ayrılan ərzağın direktora məxsus mağazada satıldığını, A.Vəliyevin tabeliyində çalışan qadın müəllimələri təhqir etdiyini, xadimələr olduğu halda əqli qüsurlu uşaqların sinif otaqlarını təmizləməyə məcbur edildiyini bildirib. Hətta əlində bunları təsdiqləyən videoların, fotoşəkillərin olduğunu söyləyib. Bunların bəzilərini artıq mətbuatda paylaşıb da.
Bununla bağlı açıqlama verən məktəbin direktoru iddiaların əsassız olduğunu və böhtan xarakteri daşıdığını bildirib. O, APA.tv-yə açıqlamasında Gülnar Ələsgərovanın əvvəllər işlədiyi müəssisədə də qalmaqallarla yadda qaldığını, məhkəmə çəkişmələrindən çıxdığını iddia edib: “Orada direktorun üstünə hücum çəkib, direktoru döyüb. Direktora şər atıb ki, 5000 pul vermişəm, o pulu qaytarmalısan. Məhkəmə çəkişmələrindən sonra onun işdən azad edilməsi, həbsi gözlənildiyi bir vaxtda yenə bizim Təhsil Nazirliyi humanistlik göstərərək, onun himayəsindəki 3 uşağı nəzərə alıb və köçürmə yolu ilə bizim məktəbimizə göndərib. Bizim məktəbə 2016-cı ildə gəlib. Sentyabr ayında öz hesabına məzuniyyət götürməklə işdə olmayıb. Sentyabr ayından fəaliyyətə başladığı dövrdən xanım demək olar ki, itaətsizlik edir, əmək intizamına əməl etmir”.
Allahverdi Vəliyev Gülnar Ələsgərovnın baş tərbiyəçi olmaq istədiyini, bunun da kollektivdə narazılığa səbəb olduğunu iddia edib: “Belə iddialarla kollektivdə iş prosesindən başqa bütün işlərə başı qarışırdı. O yerə çatdı ki, kollektiv kütləvi şəkildə yığışaraq mənim adıma, cənab nazirin adına ərizə yazdılar ki, o xanım bu məktəbdən uzaqlaşdırılsın”.
Sinif otaqlarını məktəbdə təhsil alan əqli qüsurlu uşaqlara təmizlədildiyinə dair videoların isə, məktəb direktoru, qurama olduğunu deyib: “Bir az qabaq siz də gördünüz, uşaqlar gəldi, uşaqların əlindən müəllimlər tutub aparırdı. Uşaqlar yeməkdən qayıdan an uşaqların birinə özü verib süpürgəni. Çünki xadimə həmin an oranı təmizləyirmiş, həmin anı özü quraşdırıb çəkib”.
O, Gülnar Ələsgərovanın Pedaqoji Şuranın və internat məktəbinin Həmkarlar Komitəsinin qərarları ilə işdən azad edildiyini iddia edib. Qərarda əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə, etik qaydalara zidd hərəkətlər etdiyinə, üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Gülnar Ələsgərova ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi qeyd edilib.
Məktəbin direktorunun bu iddialarını cavablandırmaq üçün “AzPolitika.info”nun redaksiyasında olan Gülnar Ələsgərova Allahverdi Vəliyevin ona böhtan atdığını bildirdi. O, əvvəl işlədiyi 4 saylı internat məktəbindən çıxmasının səbəbinin hər ay maaşından qanunsuz olaraq 50 manat tutulmasına etiraz etməsilə bağlı olduğunu deyib. Bununla bağlı Təhsil Nazirliyinə və digər orqanlara şikayət yazdığı üçün direktorla aralarında mübahisə yarandığını, hətta onun hücumuna məruz qadığını bildirir. Həmin direktorun güclü himayədarları olduğundan, nazirlik hər hansı tədbir görə bilməyib. Direktor isə daha bir qanunsuzluğa əl ataraq, məhkəmə hökmü olmadığı halda onu 72-ci maddə ilə işdən azad edib. Direktorun bu qanunsuzluğunu aradan qaldırmaq üçün isə Gülnar Ələsgərovaya ikinci əmək kitabçası açılıb.
Gülnar Ələsgərovanın sözlərinə görə, Təhsil Nazirliyində də özünün haqlı olduğunu sənədlər əsasında sübut edib. Ancaq 4 saylı məktəbin direktorunun güclü himəyadarları olduğundan Təhsil Nazirliyi onu həmin məktəbdə işə qaytarmaq əvəzinə, 12 saylı internat məktəbində işlə təmin edib.
Gülnar Ələsgərova deyir ki, 12 saylı internat məktəbində də ciddi qanunsuzluqlarla qarşılaşıb. O bildirir ki, direktor dəfələrlə kollektivdə çalışan bir çox işçiləri təhqir edib, müxtəlif söyüşlərlə alçaldıb. Bunu təsdiqləyən səs yazılarının olduğunu, bunlardan birinin “Youtube”da yayıldığını da bildirir (həmin səs yazısı yazıya əlavə olunur-red.) .
Gülnar Ələsgərova direktorun onun dəfələrlə əmək intizamını pozduğuna, müəllimlərlə dava saldığına dair iddialarının da əsasız olduğunu bildirir: “Əgər əmək intizamını pozurdumsa, niyə mən Təhsil Nazirliyinə şikayət edənə qədər bir dəfə də olsun mənə töhmət verilməyib, xəbərdarlıq edilməyib? Niyə məni işdə saxlayırdı? Mən işdən qalmamışam, sadəcə iki dəfə cərrahi əməliyyat keçirmişəm. Bunu təsdiqləyən həkim kağızları da var. İşdən çıxarılmağımın səbəbi kimi göstərilən gün isə Təhsil Nazirliyində olmuşam. Mən Təhsil Nazirliyinə rəsmi dəvət olunmuşdum. Həmin gün direktorun adına ərizə yazıb, nazirliyə getmişəm. Nazirliyə getdiyimə görə direktor mənə töhmət verib, həmin günə olan əmək haqqımı kəsib”.
Gülnar Ələsgərova direktorun onu işdən azad etmək üçün əsas götürdüyü təqdimatın da əsasız olduğunu bildirir: “Direktor məni Maisə Əliyeva adlı müəllimənin təqdimatı əsasında işdən azad edib. Hansı ki, bu qadın məni hamının gözü qarşısında döyüb. Bu barədə ekspertiza rəyi də var. Bu faktla əlaqədar 128-ci maddə ilə Maisə Əliyeva haqqında cinayət işi başlanıb. Mən barşıq ərizəsi yazmasaydım, onu işdən azad edəcəkdilər. Onun ailəsinin maddi durumu yaxşı olmadığına görə bağışladım. Belə bir şəxsin mənim barəmdə rəy verməsi qanunsuzdur”.
Gülnar Ələsgərova sağlamlıq imkanları məhdud uşaqların sinif otaqlarını təmizlədiyinə dair görüntülərin qurama olduğuna dair direktorun iddialarına münasibət bildirdi: “Mən o məktəbdə iyun ayından işləmirəm, o videoları neçə çəkə bilərəm? Qapalı müəssisədir, içəri necə girib çəkmişəm? Məktəbdə işləyən müəllimələr çəkib. Yaxşı, o görüntülər yalandır, uşaqların əlində döşəməsilən otaqları təmizləməyi yalandır, bəs uşaqların qarşısında menyuya uyğun olmayan yeməklərin olduğu fotolar necə, onlar da yalandır?”
Gülnar Ələsgərova direktorun iddialarının əksinə olaraq, vəzifəsini hər zaman layıqincə yerinə yetirdiyini, internat məktəbində sağlamlıq imkanları məhdud uşaqlara daim öz övladları kimi qayğı ilə yanaşdığını bildirdi. O, öz işinə qayıtmaq istiqamətində mübarizə aparmaq niyyətindədir.
Gülnar Ələsgərovanın 12 saylı internat məktəbdə baş verənlər, direktorun fəaliyyətindəki və işdən azad olunmasındakı qanunsuzluqlarla bağlı videomüraciətini təqdim edirik.
azpolitika.info