Paytaxtdakı market və mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində bahalaşma davam edir. “Yeni Müsavat”ın yaydığı məlumatda bildirilir ki, yağın bahalaşması ilə bağlı yaşanan ictimai narazılıqdan sonra qiymət artımları daha səssiz şəkildə həyata keçirilir və demək olar ki, hər gün 1-3 qəpik artım olur. Artıq yağın, digər süd məhsullarının, yumurtanın, təmizlik vasitələrinin, digər konservləşdirilmiş ərzaq məhsullarının qiymətində bahalaşma özünü göstərir.
Qəzetin əməkdaşı qiymətlərlə bağlı durumu öyrənmək üçün marketlərə baş çəkib. Bəlli olub ki, kərə yağının qiymətində gözlənilən ucuzlaşma hələ də reallaşmayıb. Hökumət tərəfindən gömrük rüsumunun 3 dəfə azaldılması ilə bağlı qərar hələ qüvvəyə minmədiyindən qiymətlərdə ciddi bir dəyişiklik müşahidə olunmur. Əksinə, ayrı-ayrı marketlərdə bir neçə faiz bahalaşma nəzərə çarpır. Bununla yanaşı, bazarlara Ukrayna istehsalı olan yağlar ayaq açıb. Kiloqramı 11-12 manata satılan bu yağlar artıq alıcılar arasında populyarlıq qazanıb. Bahalı Zellandiya və Almaniya istehsalı olan kərə yağlarını ala bilməyən vətəndaşlar tələbatlarını nisbətən ucuz olan Ukrayna istehsalı kərə yağları ilə ödəməyə çalışırlar.
Digər bahalaşan məhsul yumurtadır. Hazırda fabrik yumurtasının 1 ədədi 15 qəpik, kənd yumurtası adı ilə satılan məhsulun 1 ədədi isə 24 qəpikdir.
Məlum olduğu kimi hər il Yeni il ərəfəsində əhalinin artan tələbatını nəzərə alan iş adamları qiymətləri “ceyran belinə” qaldırırlar.
Marketdə ən çox qiymət artımı xaricdən idxal olunan şirniyyatların qiymətində özünü göstərir. Bunun önəmli səbəblərindən biri də xaricdə kərə yağının qiymətinin qalxması ilə əlaqədar şirniyyat məhsullarının da bahalaşmasıdır.
Qiymət artımı əhalinin ən çox tələbatı olan gündəlik məhsullarda hiss olunur. Tələbatın az olduğu məhsullarda artım yoxdur. Xüsusən xaricdən idxal olunan zeytun yağında, günəbaxan və qarğıdalı yağında 5-10 qəpik arası artım var. Siqaretin qiyməti isə market və mağazalarda fərqlidir, bəzi mağazalar arasında 10-20 qəpik fərq var.
Qiymətlərlə bağlı durumu dəyərləndirən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, inflyasiyanın bu qədər yüksəlməsinin əsas səbəbi ərzaq məhsullarının bahalaşmasıdır: “Son dövrdə gündəlik tələbat məhsullarındakı bahalaşma prosesini təhlil etdikdə görərik ki, burada hər hansı bayramın, hər hansı hadisənin heç də əhəmiyyətli rol oynamadığını görə bilərik”.
İqtisadçı onu da diqqətə çatdırıb ki, ərzaq məhsulları sahəsində bütün dünyada bahalaşma gedir: “Bu faktorun özü Azərbaycanın daxili bazarına ciddi şəkildə təsir edir. Gömrük rüsumlarının yüksək olması, monopoliyanın olması kimi subyektiv amillər də üstünə gələndə, həmin idxal inflyasiyası öz təsir gücünü birə-beş artırır”.
Yeni il öncəsi bahalaşmanın olacağı ilə bağlı proqnozlara gəlincə, iqtisadçı Pərviz Heydərov bildirib ki, ciddi bahalaşma gözlənilmir: “Çünki manatın dəyəri sabitləşib, ölkənin tədiyyə balansının müsbət istiqamətdə dəyişməsi ilə əlaqədar, neftin qiymətinin əlverişli həddə olması ilə əlaqədar manatın məzənnəsi müəyyən qədər stabilləşib. Manat hətta dollar qarşısında 1.70-dən də aşağı meyllənmək istəyir, ancaq Mərkəzi Bank buna imkan vermir. Odur ki, manatın sabitləşməsi ilə bağlı ölkədə ərzaq məhsullarının və gündəlik istehlak mallarının qiymətinin bahalaşması üçün heç bir zəmin yoxdur. İkincisi, inflyasiyanın 14 faiz təşkil etməsində, ərzaq məhsullarının bahalaşmasında ötən ilin sonunda qazın, elektrik enerjisinin tariflərinə edilən dəyişikliklərin, o cümlədən bu ilin yayında Aİ 93 markalı benzinin qiymətinin artırılmasının da rolu var. Bu da qiymətlərdə özünü göstərdi. Yaxın gələcəkdə, kommunal xidmətlərin yox, ancaq bəzi yanacaq növlərinin qiymətinin artması gözlənilir. Əgər bu baş versə, bazarda kifayət qədər bahalaşma müşahidə edə bilərik. Ancaq Yeni ilin gəlişi ilə bağlı müəyyən məhsulların qiymətin artım olacağı istisna deyil. Bütövlükdə isə ilin sonuna kimi inflyasiyanın 14 faizdən də yüksəyə qalxacağı gözlənilmir”.