''Məni vuran sürücü qaçıb, polis işi ört-basdır edir''

19-01-2018, 05:19   


Biləsuvar sakini Nəsimi Rayon Polis İdarəsindən şikayətçidir

“Nəsimi polisi ayaqlarımı qıran sürücünü gizlətməklə məşğuldur. İstintaqın gedişatı barədə doğru-dürüst məlumat ala bilmirəm”.

41 yaşlı Biləsuvar sakini Nahidə Əliyeva belə deyir. Bir müddətdir ki, övladının təhsili ilə əlaqədar müvəqqəti Bakıya köçüb. Ötən il dekabrın 3-də axşam saatlarında Nahidə xanımı Nəsimi rayonu ərazisində maşın vurub.

Bədən xəsarətləri alan piyada qadın xəstəxanaya götürülüb. Məlum olub ki, onun ayaqları sınıb, başı zədələnib. 22 gün xəstəxanada stasionar müalicə olunub. Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində bu fakt üzrə cinayət işi başlanıb. Ancaq Nahidə xanım deyir, 1 ay 15 gün ötməsinə baxmayaraq, istintaq orqanı cinayəti törədəni tutmağa maraq göstərmir:

“Qızımla piyada zolağını keçərkən qaydanı pozan avtomobil tərəfindən vurulmuşam. Hadisə kameraların müşahidəsi altında olan ərazidə baş verib. Buna baxmayaraq, polis hadisəni ört-basdır etməklə məşğuldur. Kameraya baxış keçirilmir, keçirilibsə də, üzə çıxarılmır. Faktla bağlı cinayət işi açılıb, ancaq zərərçəkmiş kimi mənə bircə dəfə də olsun istintaqın gedişatı barədə məlumat verilməyib. Dəfələrlə işdə yenilik olub-olmaması ilə maraqlanmışam, doğru-dürüst məlumat ala bilməmişəm”.

Nahidə xanım vurulduqdan sonra huşunu itirib. Yadında qalan təkcə odur ki, onu vuran avtomobil metal rənglidir. Sürücü hadisə yerindən qaçdığı üçün onu xəstəxanaya ətrafdakı insanlar çatdırıb. Ayaqları sındığına görə hazırda da yataq şəraitindədir. O, sürücünün cəzalandırılmasını və ona dəymiş zərərin ödənilməsini istəyir. Nahidə xanıma təsir edən həm də odur ki, sürücü onu yolun ortasında yaralı və huşsuz vəziyyətdə qoyaraq aradan çıxıb:

“Təkbaşına iki uşaq böyüdürəm, kirayəpulu ödəyirəm. Xəstəxanaya xeyli xərcim çıxıb. Hamısı da borc-xərclə... Müalicəm hələ də davam edir. Bu vəziyyətdə işləyə bilmədiyim üçün zorla tapdığım işimi də itirmişəm. Müalicə xərclərini qarşılaya bilmirəm. Həkimsə yaralarımın ən tezi dörd aya bitişəcəyini deyir. O sürücü hər kimdirsə üzə çıxsın, heç olmasa kömək etsin. Adamı vurub, küçənin ortasında yaralı, huşsuz vəziyyətdə qoyub qaçmaq insanlıqdan deyil. Xüsusən də, bir kişi bir qadına qarşı bunu etməzdi ki, bu sürücü etdi. O sürücü gecələri evində necə rahat yata bilir?.. Axı bunu Allah götürməz...”

Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, 3 dekabr 2017-ci il tarixdə Hüseyn Seyidzadə küçəsi 1A ünvanında baş vermiş hadisə ilə əlaqədar İstintaq şöbəsində iki maddə üzrə cinayət işi başlanıb. Cinayət işinin istintaqı müstəntiq Ceyhun Rəhimovun icraatındadır. Ərazidəki müşahidə kameralarına baxış keçirilsə də, piyadanı vuraraq hadisə yerindən qaçan avtomobilin dövlət nömrə-nişanı kameraya düşməyib. Bu səbəbdən də hadisəni törədən sürücünün kimliyini hələlik müəyyən etmək mümkün olmayıb. İstintaq-axtarış tədbirləri davam edir.

Nahidə xanımsa deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, piyada zolağı olan keçidə bir neçə istiqamətdən müşahidə kameraları ilə nəzarət olunur. Avtomobilin dövlət nömrə-nişanının bir neçə kameradan birinə düşməməsi inandırıcı deyil. Üstəlik, polis istəsə, avtomobilin rəngi və markası ilə də sürücünün müəyyən edilməsinə nail ola bilər. Lakin hansısa səbəbdən polis yol hərəkəti qaydalarını pozaraq onun sağlamlığını əlindən almış sürücünü üzə çıxarmaqda maraqlı deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar