Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Abutalıbovun oğlu Bakıda restoran açdı - Orda içmək, çəkmək, söymək qadağandır!

28-05-2018, 16:05   

 
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Baş nazirin müavini Hacıbala Abutalıbovun oğlu restoran açıb. Criminal.az xəbər verir ki, onun oğlu İsrafil Abdutalıbovun yeni restoranı Biləcəri qəsəbəsində yerləşir. Adı ''Ətirşah'' olan restoranda müştərilərə spirtli içki, qəlyan çəkmək və söyüş söymək qadağan edilib.  
Bir müddət əvvəl mətbuatda İsrafil Abutalıbov (yeni adı Abu Bəkr - gununsesi.info) İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara olan hotel alması xəbəri yayıldı. "Ajwa” adı ilə fəaliyyət göstərən hoteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir. Turizmgazatesi.com-un yazdığına görə, Abu Bəkr Abutalıbov "Ajwa” markası ilə ikinci hotelini də Kapadokyada açacaq. 


İsrafil Abutalıbov adı illərdir ki, mətbuatın gündəmindən düşmür. 2006-cı ildə qəzetlər İsrafil Abutalıbovun öz bahalı avtomobilində İstiqlaliyyət küçəsindəki elit dükanların birinə girərək qəzəbli halda oradan biri 2 min dollar olan qadın paltarı aldığını, həmin paltarla maşınının şüşələrini və təkərlərini silib nümayişkaranə şəkildə cırdığını və zibil qutusuna atdığını yazırdı. Səbəb də o imiş ki, İsrafil bəyin rəfiqəsi o dükandan həmin paltarı almaq istəyib. Amma satıcılar ona paltarı əyninə geyib yoxlamağa icazə verməyib. Qız bundan qəzəblənərək İsrafil bəyə məlumat verib. 

Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayır, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi. Evə qapılaraq gündə 5 rükət namazını qılır, vaxtını yalnız dini ədəbiyyat oxumaqla keçirirdi. Əvvəlki pompeyvari həyat tərzini dəyişən gənc Abutalıbov evdə valideynləri ilə tez-tez uzun-uzadı söhbət və mübahisələr edir, onu başa düşmələrini istəyir, yaxınlarının da "Allah yoluna gəlməsini” tələb edirdi. 

İsrafil Abutalıbovun Bakıda yəhudi əsilli iş adamı Qurban Mahmudova təzyiqlər göstərməsi də yaddaşlardan silinməyib. Yasamal rayonu, Nazim Hikmət 25 ünvanında yerləşən iki otaqlı obyekti İsrafil Abutalıbovun adamı Bəxtiyar Məmmədov 2009-cu ildə "SPEKTR” Kiçik Müəssisəsindən müqavilə əsasında icarəyə vermişdi. Orada lombard fəaliyyəti ilə məşğul olan yəhudi iş adamı günlərin birində İsrafil Abutalıbovun ultimatumu ilə üzləşmişdi. Oğul Abutalıbov iş adamından təcili şəkildə ofisdən çıxmasını tələb edirdi, onun fəaliyyətinin dinə zidd olduğunu bildirirdi. İş adamı isə əlində müqavilə olduğunu və müqavilə müddəti bitməyincə ofisdən çıxmayacağını deyirdi. Sual edirdi ki, əgər onun fəaliyyəti dinə ziddirsə, icarəyə verilən əmlakın hansı pullar hesabına alındığı da açıqlansın. Bilinsin ki, İsrafil Abutalıbov hansı hesabdan, hansı biznesdən gələn gəlirlə həmin əmlakları aldığını açıqlasın. 
Yada salaq ki, İsrafil Abutalıbovun yeganə iş yeri haqda məlumat var. O, 2008-ci ilə qədər Konstitusiya Məhkəməsi sədrinin köməkçisi vəzifəsini tutub. Adı mətbuatda qalmaqallı olayların baş qəhrəmanı kimi keçəndən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar