"Mehriban Əliyevanın Moskvaya səfəri çox uğurlu olub..." - İLHAM ƏLİYEV LAVROVLA GÖRÜŞDƏ DEDİ, YENİLƏNİB

3-12-2019, 08:54   
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Sergey Viktoroviç.

Sizi Azərbaycanda yenidən salamlamağa şadam. Xarici İşlər nazirlərinin qarşılıqlı səfərləri, müntəzəm səfərləri yaxşı ənənəyə çevrilib. Əlbəttə ki, ton verən prezidentlərdir. Bu il biz Vladimir Vladimiroviç ilə beynəlxalq tədbirlərdə ünsiyyətimizi saymasaq, iki dəfə görüşmüşük – Pekində və Soçidə. Prezidentlər bizim münasibətlərin inkişafına ton verirlər və ilə yekun vurarkən, - zənnimcə, artıq yekun vurmaq olar, - qeyd edirik ki, bu il bizim münasibətlərimiz üçün çox uğurlu olub. Biz bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləmişik, beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləməklə qarşılıqlı siyasi əlaqələri möhkəmlətmişik. Deməliyəm ki, Azərbaycan nümayəndə heyəti tam heyətdə Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib və beləliklə, həmrəyliyini bildirib. Biz də həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik.

Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çox uğurlu olub. Sizdən xahiş etmək istərdim ki, Mehriban Əliyevanın dəvət edilməsinə, ona göstərilən diqqətə, onun “Dostluq” ordeni ilə təltif olunmasına, onun ünvanına deyilən xoş sözlərə, çox konstruktiv söhbətə və praktiki olaraq bizim qarşılıqlı fəaliyyətimizin bütün sahələrinə toxunulan danışıqlara görə Prezident Vladimir Vladimiroviç Putinə təşəkkürümü çatdırasınız. Rusiya Hökumətinin sədri, Federasiya Şurasının sədri ilə də görüşlər olub. Regionlararası yubiley forumu çox uğurla keçib və əlbəttə, səfərin sonunda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması bizim dərin tarixə malik olan sıx dostluq əlaqələrimizin rəmzi oldu.

Bu il iqtisadi baxımdan da uğurlu olub. Əmtəə dövriyyəsi ildən-ilə artır. Hələ ilə yekun vurulmayıb, lakin zənnimcə, artım təxminən 25 faiz civarında olacaq. Bundan aşağı olmayacaq. Nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olmuşuq və Samur çayı üzərindən salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik. Bu, əmtəə dövriyyəsini və qarşılıqlı səfərləri xeyli artırmağa imkan verəcək. Yəni, çox sahələri sadalamaq olar, lakin əsas budur ki, bizim münasibətlərimizdə dinamizm qorunub saxlanıb. Zənnimcə, dinamizm artırılıb. Bu, böyük nikbinlik doğurur.

Əlbəttə ki, səfər çərçivəsində biz Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə danışacağıq. Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz. Bir daha xoş gəlmisiniz. Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm.

***

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya ötən həftə anons edilən rəsmi səfəri başlayıb.

Virtualaz.org xəbər verir ki, Lavrov Bakıda prezident İlham Əliyevlə görüşüb, Rusiya XİN onun görüşdəki giriş nitqinin stenoqramını bu dəqiqələrdə yayıb.

Lavrov deyib ki, dost Azərbaycana növbəti səfəri zamanı prezidentlə görüşmək imkanına görə təşəkkür edir. “Biz, doğrudan da münasibətlərimizi analoji dəyərləndiririk: münasibətlər inkişafdadır, bütün sahələrdə ardıcıl olaraq inkişaf edir, bunun da təsdiqi Sizin Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinlə xatırlatdığınız kimi, müntəzəm görüşlərinizdir. Sizin Pekində həm “Bir kəmər, bir yol” forumu çərçivəsində , həm Soçidəki “Valday” beynəlxalq diskussiya klubunda itirakınız çərçivəsində ətraflı söhbətiniz olub, orada çox faydalı pozitiv görüş oldu və Sizin iştirakınızla dünyanın və regionun aktual problemlərinə dair maraqlı, çoxtərəfli diskussiyalar aparıldı”.

Lavrov nitqində Azərbaycanın Birinci vitse-prezidentinin bu günlərdə Rusiyaya etdiyi rəsmi səfər barədə də danışıb, bu səfəri və Mehriban Əliyevanın prezident Putinlə, Federasiya Şurasının sədri Valentina Matviyenko ilə təmaslarını, onun Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətlər Sərgisində Azərbaycan pavilyonunun açılışında iştirakını yüksək qiymətləndirib.

arxiv foto

“Bu səfər çərçivəsində müzakirə edilən təşəbbüsləri biz hökmən həyata keçirəcəyik. Onlar o cümlədən bizim hökumətlərarası iqtisadi əməkdalığımıza yeni mövzuların-innovasiyalar və yüksək texnologiyalar mövzusunun əlavə edilməsi barədədir. Xüsusi “yol xəritəsi” hazırlanacaq və artıq bir neçə gün sonra Rusiya Federasiyası ilə Azərbaycan arasında hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyası bu sferada işlərin vəziyyətini nəzərdən keçirəcək”,-Lavrov deyib.


Rusiya xarici işlər naziri əlavə edib ki, Mehriban Əliyevanın Moskvaya səfərinin daha bir mühüm və maraqlı nəticəsi iki ölkə gənclər forumlarının müntəzəm təşkil olunması barədə olub. “Bu, vərəsəlik, tarixi yaddaşın qorunması, ölkələrimizin gənc nəslinin dostluq və xeyirxah qonşuluq ruhunda tərbiyə edilməsi, hansı ki, həmişə bizim münasibətlərimizə xasdır, baxımından prinsipal vacib məsələdir”,-Lavrov vurğulayıb.

Rusiya xarici işlər naziri çıxışında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə də bəhs edib. Bildirib ki, Rusiya tərəfi Vyana sammitində qəbul edilən və nazirlərin Moskva görüşündə təsdiqlənən, humantar təmasların yaradılmasını, o cümlədən KİV-lərin xətti ilə, etimad tədbirlərini nəzərdə tutan razılaşmalar həyata keçirilsin. “Bu razılaşmalar tədricən həyata keçirilir və ümid edirəm ki, bu həftə ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutacaq görüş prosesləri konsolidasiya etməyə imkan verəcək”,-o deyib.

Rusiya xarici işlər naziri daha sonra bildirib: "Eyni zamanda mən Sizinlə tamamilə razıyam ki, uzunmüddətli siyasi nizamlama üçün hələ çox iş görülməlidir. Sizin bu tezisini mütləq şəkildə dəstəkləyirəm ki, burada hər iki ölkənin qəbul etdiyi və BMT Nizamnaməsində, Helsinki Yekun Aktına möhkəmləndirilmiş başlıca prinsiplərə zidd olan ritorikadan qaçmaq lazımdır. Hörmətli İlham Heydər oğlu, Sizinlə söhbətləşmək imkanına görə səmimi minnətdaram. Ümid edirəm ki, hələ sabah da davam edəcək bu səfərim münasibətlərimizin daha yuxarı məhsuldarlıq və etimad səviyyəsinə qaldırılmasına kömək edəcək".

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar