"Azərbaycan tarixində hələ bu qədər biabırçı seçki saxtakarlığı olmayıb"

12-02-2020, 08:31   

 

"Növbədənkənar parlament seçkiləri əvvəlkilər kimi Rusiyanın nəzarəti altında keçirilib və nəticələr Kreml tərəfindən razılaşdırılıb"

"Mənə elə gəlir ki, Rusiya İlham Əliyevi parlament seçkilərinin məhz bu formada saxtakarlıqla keçirilməsinə vadar edib"

"Total saxtakarlıqlarla keçirilən parlament seçkilərindən sonra inqilab tərəfdarları özlərinin daha düzgün yolda olduqlarına dair güclü arqument əldə etdilər"

"Rusiyanın qurduğu plan əsasında ölkəni inqilaba doğru sürükləyirlər və burda həm müxalifətdə, həm də iqtidarda olan qüvvələr iştirak edir"

Bugünkü sayımızda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 15 saylı Yasamal I seçki dairəsindən millət vəkilliyinə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin qanunvericiliyə uyğun keçirilib-keçirilməməsinə, proses zamanı yaşanan olaylara dair və digər mühüm mövzularla bağlı söhbətləşdik.

"Ümumi Azərbaycan üzrə seçkilərin total saxtalaşdırılması ilə bağlı minlərlə fakt meydana çıxdı"

- Sərdar bəy, növbədənkənar parlament seçkilərini necə qiymətləndirirsiniz?

- Əvvəla, onu qeyd edim ki, növbədənkənar parlament seçkilərini Azərbaycanda seçki saxtakarlığının islahatları kimi dəyərləndirmək olar. Çünki hakimiyyət orqanları mümkün qədər seçkilərin saxtalaşdırılmasının yeni üsullarını tətbiq etməyə cəhd etsələr də, buna nail ola bilmədilər. Belə ki, ümumi Azərbaycan üzrə seçkilərin total saxtalaşdırılması ilə bağlı minlərlə fakt meydana çıxdı. Nəzərinizə çatdırım ki, mənim namizədliyimi irəli sürdüyüm 15 saylı Yasamal I seçki dairəsində seçkidən bir gün əvvəl məntəqə komissiyalarını gəzmişik. Bir məntəqədə ümumiyyətlə, seçki bülletenləri yox idi, məntəqədən kənara aparılmışdı. Başqa məntəqədə isə seçki jurnallarını kənardan gətirirdilər, demək olar ki, bütün məntəqələrdə seyflər açıq idi, bülletenlərlə manipulsiyasi edilirdi. Biz bütün bunları seçkidən bir gün öncə, yəni fevralın 8-də müşahidə etmişik. Odur ki, seçkilərin saxtalaşdırılması prosesinə artıq fevralın 8-dən start verilmişdi. Yəni öncədən hazırlanmış bülletenlər artıq seçkidən bir gün öncə hazırlanmışdı və seçki günü həmin bülletenlərdən istifadə olundu. Halbuki qanuna əsasən bülletenlər möhürlənmiş seyflərdə saxlanılmalı idi, məntəqədən kənarda saxlanılması yolverilməzdir. Bir sözlə, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri demokratik, şəffaf və ədalətli keçirilmədi, kənardan ciddi müdaxilə müşahidə olundu, inzibati resurslardan istifadə və seçki qutularına topa-topa bülletenlərin atılması halları yaşandı, "karusel" əməliyyatına yol verildi. Yəni faktiki olaraq, fevralın 8-də artıq bütün məntəqələrdə saxta bülletenlər hazırlanırdı. Qeyd edim ki, biz bütün bunları aktlaşdırmışıq. Seçki günü isə 15 saylı Yasamal I seçki dairəsinin 1 nömrəli məntəqəsində işıqları söndürüb seçki qutusunu dəyişdirmişdilər. Videolardan da açıq şəkildə görünür ki, digər məntəqələrdə saxta bülletenləri seçki qutusundan çıxan ümumi bülletenlərlə qarışdırırlar.

"15 saylı Yasamal I seçki dairəsində seçici fəallığı olduqca aşağı olub"

- Namizəd olduğunuz dairədə seçici fəallığı hansı səviyyədə idi?         

- Birmənalı şəkildə deyə bilərəm ki, 15 saylı Yasamal I seçki dairəsində seçici fəallığı olduqca aşağı olub. Belə ki, seçkilərə hardasa 10 faizə yaxın seçici gəlmişdi. Yəni hər məntəqədə səsvermədə 100-150 civarında seçici iştirak etmişdi. Lakin buna baxmayaraq, sonda məntəqələrdə seçki qutularından guya 400-500 səs çıxdı. Bu da onu göstərir ki, hər məntəqədə 200-300 səs saxtakarlıq yolu ilə əlavə edilib. Məsələnin maraqlı tərəfi ondadır ki, bəzi məntəqələrə, məsələn 1, 2, 3 və 4-cü məntəqələrə biz özümüz adamları daşısaq da, onların hər birinə 50-60 adam gətirsək də, həmin məntəqələrin hərəsindən mənə 2-3 səs yazıblar. Yəni növbədənkənar parlament seçkiləri belə bir biabırçılıqla keçirilib. Hələ Azərbaycan tarixində bu qədər biabırçı seçki saxtakarlığı olmayıb.

"15 saylı Yasamal I seçki dairəsində baş verən seçki saxtakarlığı ilə bağlı prezidentə və Mərkəzi Seçki Komissiyasına müraciət edəcəm"

- Seçkinin nəticələri, həmçinin proses zamanı yaşanan qanundankənar hallarla bağlı müvafiq qurumlara müraciət etmək fikriniz varmı?

- Artıq 15 saylı Yasamal I seçki dairəsində baş verən seçki saxtakarlığı ilə bağlı Mərkəzi Seçki Komissiyasına məktub yazırıq. Tələbimiz həmin dairədə seçkinin nəticələrinin ləğv edilməsidir. Bundan başqa, baş vermiş biabırçılıqla bağlı ölçü götürülməsi məqsədiylə şəxsən prezidentə də müraciət edəcəm.

- Necə düşünürsünüz, namizədliyinizi irəli sürdüyünüz 15 saylı Yasamal I seçki dairəsində yaşanan seçki saxtakarlığı ilə əlaqədar əlinizdə olan müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra həmin dairədə seçkinin nəticələri dəyişdirilə bilər? Belə bir ehtimal varmı?

- Aldığım məlumata görə, artıq 7 dairə üzrə seçkinin nəticələri dayandırılıb və yoxlama aparılır. Odur ki, biz də Mərkəzi Seçki Komissiyasına müraciət edəcək, əlimizdəki faktları təqdim edəcəyik. Əgər Mərkəzi Seçki Komissiyası 15 saylı Yasamal I seçki dairəsinin nəticələrini ləğv etməsə, o zaman biz bu məsələnin məhkəmə yolu ilə həllinə nail olmağa çalışacağıq.

"Partiyamız hakimiyyəti seçkilərin nəticələrini ləğv etməyə və xalqın iradəsi ilə parlamentin formalaşması üçün yeni, azad, demokratik və qanuni seçkilər elan etməyə çağırıb"

- Sərdar bəy, partiyanız parlament seçkiləri ilə bağlı bəyanat veribmi?

- Bəli, artıq Azərbaycan Demokrat Partiyası İdarə Heyəti Azərbaycan Respublikası Milli Məclisinə 09 fevral 2020-ci ildə keçirilmiş seçkilərlə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, Azərbaycan Milli Məclisinə keçirilən seçkilər zamanı ölkənin bütün ərazisində kobud qanun pozuntuları, kütləvi saxtakarlıq qeydə alınmış, seçki komissiyalarının, büdcə təşkilatlarının, müxtəlif dövlət qurumlarının, bələdiyyələrin iştirakı ilə təşkil olunmuş kütləvi seçki cinayəti baş vermişdir. Belə ki, əksər seçki məntəqələrində iştirak etmiş seçici sayının süni artırılması, seçki karusellərinin təşkili ilə səsverməyə müdaxilələr, seçiciyə təkrar səsvermə üçün şəraitin yaradılması, seçici siyahısında adı olmayanların səsverməyə buraxılması, müxalifət partiyalarından olan və bir sıra müstəqil müşahidəçilərə qarşı təzyiqlərin göstərilməsi, bir sözlə seçki prosesinin tamamilə qanunsuz, qeyri azad və qeyri şəffaf, antidemokratik keçirilməsi ilə bağlı çoxsaylı, təkzibedilməz faktlar qeydə alınmışdır. Bu səbəbdən də ADP hesab edir ki, bu seçkilər tam saxtakarlıqla keçirilib, seçkinin nəticələri vətəndaşın iradəsini əks etdirmir və bu cür seçkinin saxta nəticələri əsasında deputat elan edilmiş şəxslər xalqımızı təmsil edə bilməz.
Eyni zamanda, ADP hüquq-mühafizə qurumlarını, həyata keçirilmiş kütləvi saxtakarlıqda iştirak etmiş seçki komissiyaları üzvlərini, icra və bələdiyyə işçilərini, habelə bu prosesə cəlb edilmiş sıravi vətəndaşları, xüsusilə də seçki saxtakarlıqlarını sifariş verən yüksək dövlət rəsmilərini dövlətə və xalqa qarşı cinayətdə iştirak etdiklərinə görə cinayət qanunvericiliyinə uyğun olaraq haqlarında cinayət araşdırması başlatmağa və qanuna müvafiq olaraq cəzalandırmağa çağırıb. Bundan başqa, partiyamız mövcud hakimiyyəti Milli Məclisə 09.02.2020-ci il tarixdə keçirilmiş seçkilərin nəticələrini ləğv etməyə və Respublika Konstitusiyasına uyğun olaraq xalqın iradəsi ilə parlamentin formalaşması üçün yeni, azad, demokratik və qanuni seçkilər elan etməyə çağırıb.

"İlham Əliyev növbədənkənar parlament seçkilərinin şəffaf və demokratik keçiriləcəyinə dair öhdəliyi üzərinə götürmüşdü"

- Əgər Azərbaycan məhkəmələri sizin xeyrinizə qərar verməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi düşünürsünüzmü?

- Yəqin ki, bu addımı da ata bilərik. Lakin biz eyni zamanda, ölkə başçısına da müraciət edəcəyik. Çünki biz onun buyaxınlarda Davos Dünya İqtisadi Forumunda verdiyi bəyanata görə növbədənkənar parlament seçkilərinə qoşulmuşuq. Bildiyiniz kimi, ölkə başçısı Davosda çıxışı zamanı parlament seçkilərinin şəffaf və demokratik keçiriləcəyinə dair vəd vermişdi, bu seçkilərin Azərbaycanda yeni bir mərhələnin başlanğıcı olacağını bəyan etmişdi. Bununla da İlham Əliyev növbədənkənar parlament seçkilərinin şəffaf və demokratik keçiriləcəyinə dair öhdəliyi üzərinə götürmüşdü. Lakin fevralın 9-da bunun tam əksi müşahidə olundu. Odur ki, həm prezidentə, həm də Mərkəzi Seçki Komissiyasına müraciət edərək, 15 saylı Yasamal I seçki dairəsində baş verən seçki saxtakarlığına dair faktların yoxlanılmasını, həmin dairədə seçkinin nəticələrinin ləğv olunmasını tələb edəcəyik. Təqdim edəcəyimiz faktları yoxlasınlar, baxsınlar görək biz düz deyirik, ya yox. Qeyd etdiyim faktların hamısını aktlaşdırmışıq, hətta məntəqə seçki komissiyaları da həmin sənədlərə imza atıblar. Bütün məntəqələrə dair videolar var, orada seçkini necə saxtalaşdırmalarına, "karusel" əməliyyatına, öyrədilmiş insanların məntəqələrə müdaxiləsinə dair görüntülər mövcuddur. Yəni həmin dairədə seçkidən bir gün öncə seçkinin nəticələri bəlli idi, seçkinin taleyi həll olunmuşdu. Odur ki, bizim üçün 15 saylı Yasamal I seçki dairəsində seçkilərin saxtalaşdırıldığını sübut etmək heç bir çətinlik törətmir. Yox, əgər bütün bunlardan sonra da 15 saylı Yasamal I seçki dairəsində mən dediyim faktlar təsdiq olunmazsa, təbii ki, bu, ədalətsizlik olar. Bu zaman digər tədbirlərə də baş vura bilərik.

"Seçkilər öncədən hakimiyyətin nəzarətində olan müəyyən siyahı əsasında keçirilib, buna görə də Azərbaycan boyu bütün məntəqələrdə seçkilər saxtalaşdırılıb"

- Prezidentin Davosdakı çıxışına toxundunuz. Sizcə, həmin çıxışdan sonra belə, növbədənkənar parlament seçkilərinin bu formada keçirilməsi nəyə dəlalət edir?

- Yəqin, məlumatınız var ki, növbədənkənar parlament seçkilərindən iki gün öncə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski İlham Əliyevlə bağlı fikir səsləndirib. Keçmiş SSRİ respublikalarının adını çəkən Jirinovski deyir ki, postsovet ölkələrindən yalnız Azərbaycan Avropanın qarşısında duruş gətirib. Onun ifadəsi eynilə belədir: "Bütün qərb ərazilərimiz: Baltikyanı ölkələr-üç, Ukrayna, Belarus, Moldova - altı, Gürcüstan, Ermənistan - səkkiz, hamısı tədricən Qərbə üz tutacaq və anti-Rusiya körpüsü olacaq. Yalnız Azərbaycan müqavimət göstərə bilər. Çünki digər keçmiş sovet respublikaları ilə müqayisədə orada ölkənin başında daha ağıllı bir insan var". Əslində, bu, onu gösrətit ki, fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri əvvəlkilər kimi Rusiyanın nəzarəti altında keçirilib və nəticələr Kreml tərəfindən razılaşdırılıb. Bütün bunlar, həmçinin Cəmil Həsənlinin yaydığı siyahının olduğu kimi təsdiq olunması belə deməyə əsas verir ki, bu seçkilər heç də azad və şəffaf keçirilməyib. Belə ki, seçkilər öncədən hakimiyyətin nəzarətində olan müəyyən siyahı əsasında keçirilib. Buna görə də Azərbaycan boyu bütün məntəqələrdə seçkilər saxtalaşdırılıb. Aldığımız məlumata görə, heç bir ərazidə şəffaf seçki keçirilməyib. Məhz bu səbəbdən də növbədənkənar parlament seçkilərinin nəticələri qanuni deyil. Bu baxımdan, mənə elə gəlir ki, Rusiya İlham Əliyevi parlament seçkilərinin məhz bu formada saxtakarlıqla keçirilməsinə vadar edib. Çünki İlham Əliyev əvvəlcə bəyanat vermişdi ki, seçkilər demokratik və şəffaf keçiriləcək. Amma birdən-birə seçkilərin əvvəlkilərdən də pis, total saxtakarlıqlarla keçirilməsi onu göstərir ki, burda İlham Əliyevin iradəsi önəmli rol oynamır.

"Hamının gözü qarşısında, açıq-açığına bu qədər biabırçı bir seçkinin keçirilməsi, seçkilərin nəticəsinin prezidentin iradəsinə zidd olaraq qabaqcadan tərtib edilmiş siyahı əsasında elan edilməsi, onu göstərir ki, müəyyən qüvvələr Azərbaycanı inqilaba sürükləyir"

- Sizcə, Qərbin, beynəlxalq təşkilatların növbədənkənar parlament seçkilərinin keçirilməsinə və elan olunan nəticələrə reaksiyası necə olacaq? Onlar seçkinin nəticələrini tanıyacaqlar?

- Düşünürəm ki, burda söhbət seçkinin nəticələrini tanıyıb-tanımamaqdan getmir. Söhbət gələcəkdə Azərbaycanın inkişaf etməsinin perspektivlərinin bağlanmasından gedir. Açığı deyim ki, artıq islahatlar yolu ilə Azərbaycanda hər hansı bir dəyişikliklərin olacağına dair ümidlər puça çıxdı. Bu səbəbdən də total saxtakarlıqlarla keçirilən parlament seçkilərindən sonra inqilab tərəfdarları özlərinin daha düzgün yolda olduqlarına dair güclü arqument əldə etdilər. Hadisələr də göstərdi ki, İlham Əliyev Azərbaycanda yeganə söz sahibi deyil. Yəni onun Davosdakı çıxışı zamanı növbədənkənar parlament seçkiləri ilə bağlı verdiyi sözə 180 dərəcə əks olan seçkilərin keçirilməsi göstərdi ki, İlham Əliyev prezident kimi ölkəni tam təmsil edə bilmir, hakimiyyəti pərdəarxası daha ciddi qüvvələr idarə edir. Yeri gəlmişkən, bir məqama da toxunum ki, Azərbaycanda inqilab olacağı təqdirdə, mən ölkəni tərk edib gedəcəm. Çünki heç bir halda inqilab tərəfdarı deyiləm. Bu, mənim münasibətimdir. Lakin reallıq odur ki, bilavasitə Rusiyanın qurduğu plan əsasında ölkəni inqilaba doğru sürükləyirlər. Burda həm müxalifətdə, həm də iqtidarda olan qüvvələr iştirak edir. Hamının gözü qarşısında, açıq-açığına bu qədər biabırçı bir seçkinin keçirilməsi, seçkilərin nəticəsinin prezidentin iradəsinə zidd olaraq qabaqcadan tərtib edilmiş siyahı əsasında elan edilməsi, onu göstərir ki, müəyyən qüvvələr Azərbaycanı inqilaba sürükləyir. Bizim isə bunun qarşısını almağa gücümüz çatmır.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar