Azərbaycan müharibədən təxminən 3 il sonra Qarabağdakı terrorçuları təmizləməyə başladı. Bakı ən əlverişli zamanı seçdi və proseslərə hər hansı kənar müdaxilə görünmür. Bəli, Qərbdən çağırışlar səslənir, lakin bizi dayandıracaq gücdə təzyiqlər yoxdur. Ən əsası isə Rusiya bu məsələdə kifayət qədər təmkinlidir. Hətta Dumanın komitə sədri Kartapulov, XİN rəsmisi Zaxarova sülhməramlılara təhdid olmadığını deməklə mesaj verildi ki, Rusiya lokal xarakterli antiterror tədbirlərinə qarşı çıxmır. Sözsüz ki, Təhlükəsizlik Şurasının sədr müavini Medvedev rus imperiyasının iç üzünü açan ifadə dilə gətirdi - guya Paşinyan öz ərazisinin bir hissəsindən imtina edib. Bunun açması nədir? Belə çıxır ki, ayıq günü olmayan Medvedevin gözündə Qarabağ ermənilərin ərazisidir və Paşinyanın Azərbaycan torpağı kimi tanıması planı pozub və nəticə göz qabağındadır. Faktiki şantajdır. Yəni ermənilər ayağa qalxıb Nikolu devirsinlər. İrəvan qarışsa da, çevriliş yoxdur. Hər bir halda Moskva-İrəvan gərginliyi bizə sərf edir: kim devriləcək, kim gələcək, müttəfiqlər düşmən olacaq, Azərbaycana suverenliyini Qarabağda tam təmin etmək lazımdır. Odur ki, yerində proses başladı. Avropa İttifaqı, Fransa, ABŞ dayanmağa və danışıqlara çağırır, amma Qərbin yanaşması anlaşılan deyil. Kiminlə dialoq ? Qondarma - marionet rejimlə? Terrorçu ilə ? Əraziləri minalayan xunta ilə?
ABŞ dövlət katibi Blinkendə Bakıdan antiterror tədbirlərin dayandırılmasını istəyib. Əliyev də ona başa salıb ki, tədbirlər yalnız terrorçular təslim olduğu və tərki-silah edildiyi halda dayandırılacaq.
Azərbaycan dəfələrlə separatçılara reiteqrasiya prosesini müzakirə etmək, mövcud reallığı qəbul edərək, özlərini buraxmaq çağırışı edib, lakin buna əməl etməyiblər. Bakıdan dayanmağını istəyənlər də bu istiqamətdə heç bir addım atmayıb. Problemi həll etmək üçün Azərbaycan əsgəri yenə kazarmalardan çıxmalı oldu. Artıq son sözü də nə Vaşinqton, nə də digərləri yox, Bakı deyəcək.
Ən vacib məsələ - Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi Azərbaycana dəstəyini davam etdirir. Bu, Rusiya və İranı Azərbaycana qarşı hər hansı təxribatdan çəkindirməli olan əsas amildir. Moskva və Tehran “Şuşa bəyannaməsini”nin mövcudluğunu da nəzərə almaq məcburiyyətindədirlər. Türkiyənin aparıcı televiziya kanallarında İkinci Qarabağ müharibəsində olduğu kimi yenə də bizim məsələni hərtərəfli müzakirə edirlər. Türkiyə dünyadakı ermənipərəst mərkəzlərin və təşkilatların Azərbaycana təzyiqini neytrallaşdırmaqda da bizə dəstəyini əsirgəməyəcək. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan BMT Baş Assembleyasında çıxışa hazırlaşır. Ərdoğan son hadisələr fonunda böyük ehtimalla Azərbaycanın qanuni anti-terror əməliyyatı barədə də fikirlərini səsləndirəcək, o da mümkündür ki, Türkiyə Cumhurbaşqanı Nyu-Yorka səfərini bitirdikdən sonra Azərbaycana gəlsin.
Putin başda olmaqla Rusiyanın bütün hakimiyyət rəsmiləri demək istəyirlər ki, Qarabağda baş verənlərin əsas günahkarı Pasinyadir, daha doğrusu onun Qərbə meyillənib Rusiyaya arxa çevirməsidir.
Açıq şəkildə deyirlər ki, əgər Paşinyan Qərbə meyillənib Rusiyaya arxa çevirməsəydi ermənilərin başına bunlar gəlməyəcəkdi.
Rusiya bizi dəstəkləmir, sadəcə Paşinyanın cəzalanmasini istədiyi üçün neytral görünməyə çalışır. Əslində isə bu prosesin sonunda Paşinyanı devirməyi hədəfləyir.
Amma hər bir halda bu situasiya bizə sərf edir. Azərbaycan 100 ilin fürsətini yaxalayıb. Və onu dəyərləndirir.
Azər Talıbov
Anaxeber.info