Şahin Cəfərli: “Hər hansı inzibati status olmayacaq”
Sentyabrın 19-da Qarabağda başlanan hərbi əməliyyatlar bir gün sonra, sentyabrın 20-də Rusiya sülhməramlılarının vasitəçiliyi ilə dayandırılıb.
Azərbaycan Prezident Adminstrasiyasının yaydığı məlumata görə, sentyabrın 21-də Yevlax şəhərində tərəflər arasında görüş olacaq.
Razılaşmaya görə, görüşdə yerli erməni əhalisinin nümayəndələri ilə Azərbaycan rəsmiləri iştirak edəcəklər.
Bildirilir ki, Ermənistan silahlı birləşmələrinin sülhməramlı kontingentin yerləşdiyi ərazilərdən çıxarılması, habelə silahlı dəstələrin buraxılması və tam tərksilah edilməsi haqqında razılıq əldə edilib.
Həmçinin ağır texnika və silahların tezliklə məhv edilməsi məqsədilə Qarabağ ərazisindən çıxarılması da bu razılaşmaya daxildir.
Məlumata görə, Azərbaycan tərəfinin reinteqrasiya ilə bağlı təklifləri, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Konstitusiyası çərçivəsində qaldırılan məsələlər sonrakı görüşlərdə müzakirə ediləcək.
Bəs bundan sonra nələr gözlənilir, hadisələrin gedişi necə olacaq?
Yevlax görüşünü Meydan TV-yə şərh edən siyasi şərhçi Şahin Cəfərlinin ilkin gözləntisi odur ki, “Dağlıq Qarabağ Respublikası” adlanan qurum buraxılacaq.
Onun sözlərinə görə, separatçı administrasiya bundan sonrakı mərhələdə mövcud olmayacaq:
“Sülhməramlıların məsuliyyət zonasına Azərbaycanın dövlət orqanlarının qayıtması məsələsi bu görüşlərdə bütün detallarıyla müzakirə olunacaq. Yəni bu görüşlər davamlı olacaq. Yerli ermənilərin də ərazilərdə Azərbaycan qanunlarına uyğun formalaşdırılacaq orqanlarda təmsil olunması məsələləri də bu görüşlərdə gündəmə gələcək və böyük ehtimalla razılaşdırılacaq”.
Siyasi şərhçi Rauf Mirqədirov isə hesab edir ki, Azərbaycan ilk növbədə bölgədəki qeyri-qanuni hərbi birləşmələrin tərksilah olunmasını müzakirə etməlidir:
“Yəqin ki, belə də olacaq. İkinci, silahların kimə təhvil verilməsi müzakirə mövzusu olacaq, yəni silahların hara aparılması və onların üzərində nəzarət Bakı üçün çox ciddi müzakirə predmetidir”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, görüşə qatılan və erməniləri təmsil edən şəxslər bu səlahiyyətə müvəqqəti sahibdirlər:
“Çünki onlar işğalçı administrasiyanın nümayəndələridir, sonra bu adamlar da səlahiyyətlərini təhvil verəcəklər. Amma texniki məsələləri həll etmək üçün hələlik onlarla görüş mümkündür”.
Sabiq nazir də düşünür ki, əsas müzakirə predmeti silahların təhvili və hərbçilərin Azərbaycan ərazisindən çıxarılması olacaq.
Qarabağın statusu məsələsinə gəlincə, Şahin Cəfərli hər hansı inzibati statusun olmayacağı qənaətindədir:
“Qarabağ ermənilərinə Azərbaycan ərazilərində hər hansı statusun verilməsi gözlənilmir. Sadəcə, onların yerli idarəçilikdə necə təmsil olunacaqları müzakirə ediləcək. Tutaq ki, Xankəndi İcra Hakimiyyəti yaradılacaq, Prezidentin sərəncamı ilə oraya yerli ermənilərdən biri icra başçısı təyin ediləcək. Bu, gözləniləndir. Yaxud da Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi orada yaradılacaq, Bakıdan bir nümayəndə göndəriləcək. Həmçinin yerli bələdiyyələr yaradılacaq və yerli ermənilər bələdiyyələrdə təmsil olunacaq”.
“Aydın olan budur ki, Azərbaycana qarşı müharibə cinayətlərində əli olmayan və barələrində hər hansı bir cinayət işi açılmayan adekvat ermənilər yerli hakimiyyət orqanlarında təmsil olunacaqlar. Şübhəsiz ki, Azərbaycan rəhbərliyi buna şərait yaradacaq. Yəni Azərbaycan Konstutusiyası çərçivəsində Qarabağ ermənilərinin təmsiliçiyinə şərait yaradılacaq”.
Rauf Mirqədirov deyir ki, görüşdə statusdan yox, reinteqrasiyadan danışılacaq:
“Amma anlamalıyıq ki, bu, bir günlük yox, mərhələli prosesdir. Burada sosial, iqtisadi, insani inteqrasiyadan söhbət gedir və yəqin ki, bunun mərhələləri müəyyənləşdirilə bilər. Əslində, reinteqrasiya prosesinin gedişi və nəticələri başqa bir problemlə bağlıdır. Status məsələsi isə reinteqrasiya prosesi çərçivəsində həll olunur və hazırkı mərhələdə ikinci dərəcəlidir”.
Zülfüqarov da sabahkı görüşdə status məsələsinin nəzərdə tutulmadığını qeyd edib:
“Çünki bu məsələ o şəkildə öz həllini tapır ki, ermənilər Azərbaycan Konstitusiyası çərçivəsində hüquqlara malik olacaqlar”.
O, hələlik ermənilərin təhlükəsizliyini təmin edən tədbirlərin nəzərdə tutulacağını düşünür:
“İstisna etmirəm ki, bölgədə hansısa hərbi komendaturalar təşkil ediləcək və bu prosesdə sülhməramlıların iştirakı da məntiqli olacaq. Digər ölkələrin təcrübəsini nəzərə alsaq, polis missiyasının daha çox aktuallaşdığını görürük. Balkanları misal çəkə bilərəm. Vaxtilə polislərimiz Balkanlara gedib və orada təcrübə toplayıb. Bəli, sülhməramlılar da təhlükəsizlik tədbirlərində iştirak edəcək, amma Azərbaycan polislərinin iştirakıyla. Digər tərəfdən, Türkiyə də bizə kömək edə bilər”.
“Bu şərtlər müzakirə olunub razılıq əldə ediləcəksə, sülməramlıların taleyi necə olacaq?” sualına isə reaksiyalar bir qədər fərqlidir.
Məsələn, Şahin Cəfərli deyir ki, Azərbaycanın keçirdiyi bir günlük hərbi əməliyyat böyük ehtimalla Rusiya ilə qabaqcadan razılaşdırılıb:
“Həmin müzakirələrdə şübhə yoxdur ki, sülhməramlıların taleyi də gündəmə gəlib. 10 noyabr 2020-ci il bəyanatına əsasən, sülhməramlıların 5 illik, yəni 2025-ci ilin 10 noyabrına qədər mandatı var. Amma aydındır ki, Rusiya Qarabağdan çıxmaq niyyətində deyil. Ehtimal ki, belə bir razılaşmayla Rusiya daha 5 il sülhməramlıların səlahiyyət müddətini artırılmasını istəyə bilər”.
“Azərbaycanın Rusiya ilə apardığı müzakirələrdə buna müsbət yanaşması ehtimalı var. Yəqin ki, ermənilərin də reinteqrasiya prosesi danışılıb və sülhməramlıların yerli ermənilərin təhlükəsizlik təminatı kimi daha bir müddət bu ərazidə qalması razılaşdırılıb. Bu cür də təqdim oluna bilər ki, Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası müddətində onlara təhlükəsizlik təminatı kimi Rusiya sülhməramlılarının bölgədə qalması vacibdir. Məncə, bu şəkildə razılaşmanın olması ehtimalı yüksəkdir”.
Rauf Mirqədirov isə hesab edir ki, Rusiya sülhməramlılarının taleyi yeni statusla müəyyən olunacaq:
“Əldə olunan razılıqlara görə erməni hərbi birləşmələri tamamilə tərksilah edilirlər, Ermənistan vətəndaşları ölkədən çıxarılırlar. Bu halda regionda vəziyyət tamamilə dəyişir. Yəni indiyə qədər üçtərəfli bəyanata görə Rusiya sülhməramlılarının iki əsas vəzifəsi vardı: birincisi, təmas xəttində atəşkəsə riayət olunmasını təmin etmək idi. Əgər hərbi birləşmələr tərksilah olunur, Ermənistan vətəndaşları Azərbaycandan çıxarılırsa, bu halda ikinci funksiyaları Laçın dəhlizindən yüklərin təhlükəsiz keçidini təmin etməkdir. Deməli, tərksilah baş verirsə, sülhməramlılar əsas funksiyalarından birini itirir. Yəni onların təmas xəttində yerləşdirilməsi funksiyası olmayacaq”.
“Əgər sülhməramlılar qalacaqsa, bir müddət üçün yeni status qazanmağa çalışacaqlar. Artıq dinc əhalinin təhlükəsizliyini təmin edən sülhməramlı missiya kimi fəaliyyətə başlayacaqlar. Bu halda Rusiya sülhməramlıları onu qazanmağa çalışacaqlar, o zaman özlərini Qarabağ ermənilərinin təmsilçisi kimi aparmağa başlayacaqlar. Belə olanda, Rusiya sülhməramlıları növbəti mərhələdə, xüsusilə Ermənistandakı proseslərin inkişafından asılı olaraq öz planlarını həyata keçirə, Azərbaycan üçün ciddi maneəyə çevrilə bilərlər”.
Amma sabiq xarici işlər naziri Tofiq Zülfüqarov əmindir ki, sabitləşmə prosesi daha sürətlə gedəcək və hərbi müqavimət olmayacaq.
Onun fikrincə, sabitləşmə prosesi getsə, sülhməramlıların vəzifəsi yerinə yetirilmiş kimi görünür və onların yeni variantda yalnız polis missiyasında qalması mümkündür.
“Amma 2025-ci ilə qədər sülhməramlıların bölgəni tərk etməsi, məndə heç bir şübhə doğurmur”, – deyə Zülfüqarov fikrini tamamlayıb.
Əməliyyatların başlanmasında məqsəd nədir?
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.
Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.
Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.