Moskvanın ABŞ-ı və dünyanı qarışdırmaq üçün məxfi ‘konsepsiyası’ - Qərb mediası

18-04-2024, 08:34   


Rusiya Xarici İşlər Nazirliyi Moskvanın ABŞ da daxil Qərb düşmənlərini zəiflətmək, Ukrayna müharibəsindən istifadə edərək onun təbirincə deyilərsə, “Amerikanın hegemonluğundan azad qlobal qayda yaratmaq planları var”.

Bunu Rusiya XIN-nin məxfi sənədinə istinadla The Washington Post qəzeti yazır.

Məqalədə deyilir ki, burada söhbət ictimaiyyət üçün açıq olan “Rusiya Federasiyasının Xarici Siyasət Konsepsiyası” adlı sənədə məxfi əlavədən söhbət gedir.

Avropa kəşfiyyat xidmətlərindən biri tərəfindən qəzetə verilmiş həmin sənəddə deyilir ki, Moskva dost olmayan ölkələrə yanaşmasının dəyişdirilməsini davam etdirməli, Rusiya düşmənlərini zəiflətmək üçün onların zəif yerlərini aşkar etməlidir.



Məxfi əlavədə daha kəskin ritorika

Qəzet yazır ki, burada söhbət əslində Moskva elitasının çoxdan bəri hibrid müharibə adlandırdığı konsepsiyanın rəsmi təsdiqindən gedir.

Məqalədə deyilir ki, Rusiya Qərbin Ukraynaya yardımlarını əngəlləməyə, ABŞ və Aİ ölkələrinin daxili siyasətlərini özünü təcridetməni və ekstremizmi təbliğ edən kampaniyaları ilə pozmağa çalışır.

Bu da qeyd olunur ki, Rusiya hazırkı qüvvələr balansını dəyişmək məqsədilə Çin, İran və Cənubi Koreya ilə daha sıx yaxınlaşmaq istəyir.

The Washington Post qeyd edir ki, Moskva ictimaiyyət üçün açıq olan başqa sənədlərdən fərqli olaraq 11 aprel 2023-cü il tarixli bu sənəddə daha açıq ritorikadan istifadə edir.

Rusiya ümid etdiyini bildirir ki, “Qərb özünün qarşıdurma siyasətinin və hegemonçuluq ambisiyalarının gələcəyi olmadığını anlamalıdır”.

Rusiya XİN qəzetin bu sənədlə bağlı sorğularını şərh etməkdən imtina edib.

Məqalədə deyilir ki, müxbir Rusiya diplomatlarına yaxın təhlilçilərdən biri ilə söhbət edib. Həmin politoloq deyib:

“Rusiya ABŞ üçün dünyanın ən müxtəlif regionlarında çətinliklər yarada bilər. Yəni Yaxın Şərqdə, şimal-şərqi Afrikada və hətta Latın Amerikasında”.



Pekinlə yaxınlaşmaq istəyi

Qəzet yazır ki, sözü gedən sənəd və ona məxfi əlavənin hazırlanmasından əvvəl Rusiya politoloqlarına təkliflər üçün müraciət edilmişdi.

Məsələn politoloq Vladimir Jarixin təklif edib ki, Moskva Amerikada sağ təmayüllü izolyasionist qüvvələrin hakimiyyətə gəlməsinə, Latın Amerikası ölkələrinin sabitsizləşdirilməsinə və Avropada isə ABŞ-ın siyasətlərindən narazı partiyalara dəstək verilməsinə çalışmalıdır.

Kremlə verilən təkliflərdən birində deyilir ki, Moskva Birləşmiş Ştatlar və Çin arasında Tayvana görə münaqişə qızışdırmalı və beləliklə də Pekinə daha sıx yaxınlaşmalıdır.

Jarixin öz təkliflərinə şərh verməsinə dair The Washington Post qəzetinin ricasını rədd edib.

Amma politoloq qəzetə bundan əvvəl verdiyi müsahibədə demişdi:

“Düşünürəm ki, ABŞ Rusiya ilə münaqişədə bütün dünyanın – Şimalın və Cənubun onu dəstəkləyəcəyindən əmin idi, amma bunun belə olmadığı üzə çıxdı. Bu onu nümayiş etdirir ki, təkqütblü dünya daha yoxdur. ABŞ bu həqiqətlə barışa bilmir”.



“Amerikalıar elə bilirlər ki...”

Prezident Vladimir Putinin qatı tənqidçisi, 10 il Rusiya zindanında cəza çəkmiş, işadamı Mixail Xodorkovski qəzetə müsahibəsində deyib:

“ABŞ-a maksimum sayda problemlər yaratmaq Putin üçün təbii istəkdir. Məqsəd ABŞ-ı oyundan çıxarmaq, daha sonra isə NATO-nu dağıtmaqdır”.

Xodorkovski deyib ki, Konqresdə Ukraynaya hərbi yardımlar məsələsinin düyünə düşməsi Rusiyanın Vaşinqtonun qlobal gücünə meydan oxumasını asanlaşdırır:

“Amerikalılar hesab edirlər ki, indiyədək Ukrayna müharibəsində birbaşa iştirak etməyiblər və burada hər hansı məğlubiyyət onların məğlubiyyəti olmayacaq. Bu, tamamilə yanlış düşüncədir. Bu o deməkdir ki, indi çoxları ABŞ-a meydan oxumaqdan çəkinməyəcəklər və bu, Birləşmiş Ştatlara baha oturacaq”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.