Sülhməramlılar getdi, Putin gəlir... - Kreml lideri Bakıya portfelində nə gətirir?

18-08-2024, 09:47   






Pandemiya başlayandan Rusiya lideri xarici səfərlərə az gedir. Ukraynadakı işğalçı əməliyyatlar başlayandan isə Kreml liderinin səfərləri minimuma enib. Hətta son illərə qədər ölkəsini tərk etmirdi. Haaqa məhkəməsinin Vladimir Putin haqda çıxardığı həbs orderi isə Rusiya prezidentinin səfər trayektoriyasını xeyli dərəcədə məhdudlaşdırıb. Hətta Ermənistana da getmir. Son il yarım ərzində onun Türkiyəyə səfəri reallaşmalı olsa da, hər dəfə bir səbəb göstərilir və Putin Ərdoğanla görüşə getmir. Yəni Azərbaycana səfərini dəqiqləşdirə bilir, amma Ankaraya getməsi iki ilə yaxındır ki, baş tutmur. Demək ki, qrafiklə bağlı deyil, siyasi səbəblər var...
Putinin son səfərləri isə Belarus, Özbəkistan, Çin, Şimali Koreya və Vyetnam olub. Və gözlənilmədən Rusiya lideri Bakıya gəlir. İndi hamı soruşur - nə üçün gəlir?
Əvvəlcə xatırlatmaq lazımdır ki, Rusiya prezidenti ən azı son 5 ildə Azərbaycana gəlməyib. Hətta daha çox demək olar. Azərbaycan Prezidenti İlham Əliyevlə onun görüşləri isə indiyədək Şanxay Əməkdaşlıq Təşkilatının zirvəsi toplantısı çərçivəsində, Avrasiya İqtisadi Birliyinin yubiley toplantısına Əliyevin qonaq kimi dəvəti müstəvisində, bir sözlə, ayrı-ayrı platformalarda müzakirələr olub. Ən əsası isə üçtərəfli bəyanat imzalandıqdan sonra iki il əvvələ qədər Moskvada, Soçidə liderlərin görüşü olardı. Amma son iki ilə yaxın müddətdə Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparılmır. Nə Əliyev, nə Paşinyan Moskvada görüşürlər. Hazırda ikitərəfli sülh danışıqları aparılır. Beləliklə, əvvəlcə görüşlər haqda xronologiya Putinin bugünkü Bakı səfəri barədə aydın təsəvvürlər yaradır. İndisə keçid alaq səfərin siyasi konyukturasına və Putini ilin-günün bu vaxtında Azərbaycana gətirən səbəblərə. Xüsusən də ölkəsinin üç vilayətində antiterror rejimi vəziyyəti tətbiq edilib, Kursk vilayətinin bir hissəsi Ukrayna ordusunun nəzarətindədir, Belqoroda giriş bağlanıb, döyüşlər gedən ərazilərdən əhali təxliyə edilir, ilhaq olubmuş Krımda fövqəladə vəziyyət elan olunub və belə bir şəraitdə Putin Bakıya səfər edir. 
İlk növbədə onu demək lazımdır ki, Rusiya lideri Kursk müharibəsində torpaq itkilərinə görə çox pərtdir. Onun imici darmadağın olunub. Bu baxımdan Bakı səfərində Putinin Əliyevlə müharibə müzakirə edəcəyi şəkk-şübhə doğurmur. Hətta istisna deyil ki, onun vasitəçilik imkanlarından istifadəsini xahiş etsin. Yəni Azərbaycan Ukrayna-ABŞ-AB koalisiyasının Rusiya ilə danışıqlarında vasitəçi ola bilər. 
Başqa bir məsələ isə Rusiya-Azərbaycan münasibətlərində yeni bir səhifənin açılmasıdır. Putin elə vaxtda gəlir ki, az əvvəl onun hərbi kontingenti Qarabağı vaxtından tez tərk edib. Mümkündür ki, Kreml başçısı azad edilən ərazilərə baş çəksin. Bu, tarixi hadisə olardı. Münaqişənin yaranması, torpaqları işğalı Rusiyanın Yeltsin iqtidarının ayağına yazılmalıdırsa, ikinci savaşda Rusiyanın neytrallığı, sülhməramlı qüvvələrin çıxması, Bakı-Moskva yaxınlaşmasında ciddi irəliləyiş, müttəfiqlik dekorasiyasının imzalanması Putin hakimiyyətinin dövrünə aiddir. Ümumiyyətlə, Ermənistanın Rusiyadan üz çevirdiyi bir zamanda, Moskva tərəfdaşları və dostları ilə əlaqələrinə yenidən baxmalı olur. Ukrayna müharibəsi isə onun strateji mövqeyini zəiflətməkdə olduğu üçün Putin münasibətləri təkrar nəzərdən keçirir, Şərq blokunu gücləndirməyə çalışır, Avrasiya qitəsində Avropaya qarşı bir qütb yaratmağa çalışır. Azərbaycan bu prosesdə yer almasa da, Bakı Çin, Rusiya ilə iqtisadi əlaqələrini gücləndirir, Pekinlə imzalanan son strateji sənəd də bunu özündə əks etdirir. Bu baxımdan Putinin Bakı səfərində verəcəyi mesaj ondan ibarətdir ki, Rusiya hansı dövlətlərlə münasibətlərini möhkəmləndirir. Eyni zamanda, onun hansı ölkələrə ehtiyacının yaranması hiss etdirilir.  Onu da qeyd etmək lazımdır ki, Bakıda sənədlər imzalanmalıdır və bununla müttəfiqliyin güclənməsi nəzərdə tutulur. Çünki Qarabağda suverenliyin tam bərpası və rus qoşunlarının gedişi ilə Moskva Bakı ilə istər-istəməz daha da yaxınlaşdı. Səfər həm də o zamana təsadüf edir ki, Zəngəzur dəhlizinin açılması sülh sənədindən çıxarıldı və Orta koridorun işi sonraya saxlandı. Halbuki bu logistika Rusiyaya hava-su kimi lazımdır və dəhlizə nəzarətin də FTX-da olması razılaşdırılmışdı. Ancaq Ermənistan anlaşmanı pozdu və bu, Rusiyaya növbəti "əlcək atmaq"dır. Nəqliyyat kommunikasiyalarının açılmasının sonrakı dövrə saxlanması Rusiyanın heç xoşuna gəlmədi. Bu, Ermənistanın rusları ölkədən çıxarmaq istiqamətində siyasətidir. Üstəlik, Makron da İrəvana gəlir. Paşinyan öz siyasi səmtini açıq şəkildə nümayiş etdirir. İstisna deyil ki, Rusiya lideri Azərbaycandan Ermənistanın cəzalandırılmasını istəyə bilər. Son günlər ermənilərin Naxçıvan istiqamətində təxribatı da şübhələr yaradır ki, düşmən ordusunda yer almış rus kolonu atəş açılmasında iştirak edə bilər. Hərgah, Azərbaycan Rusiyanın diqtəsi ilə hərəkət etməyəcək və COP29 ərəfəsində bu mümkün deyil. Hətta ondan sonra da Rusiyanın Azərbaycanın əli ilə Ermənistanı şapalaqlaması mümkün deyil. Əlbəttə, Putin istəyərdi ki, Paşinyanı bizim əlimizlə cəzalandırsın, lakin Azərbaycan sülh danışıqlarının tərəfdarıdır. 
Bir sözlə, Putinin portfelində - Ukrayna böhranı, Zəngəzur dəhlizi kimi siyasi mövzularla yanaşı Azərbaycanla iqtisadi əlaqələri artırmaq, investisiyalar, müttəfiqliyin müxtəlif sahələrdə gücləndirilməsi kimi planlar var. Həmçinin, rus qazının Avropa bazarına nəqlinin həcmini artırmaq da müzakirə masasında ola bilər. Habelə, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin sürətləndirilməsi Moskva üçün strateji əhəmiyyət kəsb edən digər bir mövzudur. Azərbaycandan keçən bu layihənin işə salınması Rusiyanın Fars körfəzi və Cənub-Şərqi Asiya ilə ticarət əlaqələrini və imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.
Lakin bütün hallarda bu səfər Qərbin nəzərində Azərbaycan haqda mənfi imic yaradır: dünya Putinə qarşıdır, işğalçı ölkə lideri Bakıya gəlir. Azərbaycan Kiyevə humanitar yardım edir, Avropa da bunu görür, amma Kreml lideri hadisələrin pik dövründə gəlməklə özünü bizim dostumuz kimi təqdim edir. Axı gündəmdə Türkiyə səfəri də var, ora 1 ildir getmə, şəhərlərin Ukrayna əsgərinin əlinə keçdiyi vaxtda Azərbaycana gəl... Qəribə deyilmi?! Azərbaycan Qərbə nümayiş etdirir ki, biz Rusiyanı dəstəkləmirik, Putin isə bu səfərlə bizi dünya siyasi səhnəsində sanki şantaj edir. Çinə, Şimali Koreyaya, Vyetnama get, sonra Azərbaycana gəl - bunun adı "mən kiminləyəm" eyhamı vurmaqdır...




Azər Talıbov 
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar