Azərbaycan cərimə batalyonuna oxşayır. Deyəsən, "Böyük qayıdış" bu imiş - yüksək məbləğdə cərimələrlə xalqın üzərinə qayıdış...
Parlamentin təyin olunan üzvləri də qəflət yuxusundan ayılıb bəh-bəhlə, ürəklə düyməni basmağa hazır imişlər. Elə bil xalqı yox, düşməni cəzalandırırlar. Bu nə hirs, bu nə qəzəb, bu nə aqressiya? Sanki Azərbaycan xalqından qisas alırlar. Elə böyük entuziazmla əhalini cərimələməyə - əslində, cəzalandırmağa dair qərarları qəbul edirlər ki, illərdir bu günü gözləyirmişlər. Halbuki cərimələnməli biri varsa, əksəriyyəti saxta seçkilərlə təyin olunan deputatlardır. Təəccüblü deyil, millətdən səs almayanlar milləti cərimələmək üçün sıraya süzülüb. Ən absurdizm budur ki, süpürgəçiyə 250 manat maaş verilən ölkədə yerə zibil atılmasına görə cərimə 300 manatdan 7000 manata qaldırıldı. Yerə zibil atmaq! Bu, birmənalıdır. Küçəni zibilləməzlər, şəhəri təmiz saxlayarlar. Amma heç bir cəmiyyət tam sivilləşməyib və bu problem həmişə var. Problem sübh tezdən yaşı 65-i keçən analara 250-300 manat maaşa küçə təmizləməkdir. Və yekəqarın "JEK" müdirləri əli cibində buna tamaşa edirlər. Avropada küçələri təmizləyən texnikalar, elektron süpürgələr var, bizsə əsrin əvvəlində qalmışıq, yaşlı qadınlara küçə süpürdüb 300 manat dilənçi payı veririk, hələ bir cəriməni 7 min manata qaldırırıq. Sanki ölkədə orta aylıq əmək haqqı 5 min manatdır. Parlament küçə süpürənin maaşını artırmaq təşəbbüsü irəli sürmək əvəzinə, yerə zibil atmağın cərimə məbləğini artırmağa qərar verir. Dünyanın heç bir ölkəsində belə müəştəbeh, özündənrazı hökumət yoxdur.
Eyni zamanda, yeri siqaret kötüyü atanların cəriməsi 50 manatdan 300 manata qaldırılıb. Bəli, siqareti də yerə atmaq olmaz. Siqareti ictimai yerdə çəkmək də doğru deyil. Amma Amerikasından Yaponiyasına qədər küçədə siqaret də çəkilir, yerə də atılır, cərimə də olunur. Amma cərimə məbləği əhalinin əmək haqlarına uyğunlaşdırılır. Ölkədə minimum əmək haqqı 345 manat olduğu halda, sən 300 manat cərimə nəzərdə tutursan. Xalqa hansı yüksək ödənişlər, maaş verilir ki, hələ bir yüksək cərimələr də tətbiq olunur?
Və təkcə zibil, siqaret atılması deyil, ümumiyyətlə, ölkəni cərimə dövlətinə çeviriblər: şəxsi maşınla avtobus zolağına çıxmağını görürsən - 100 manat, hərçənd, yol tıxac, alternativ yox, heç nə təklif etmədən olmayan yolların bor zolağını da avtobusa ayırıblar. Bu da azmış kimi, parklanma problemi faciəvidir, normal bir infrastruktur qurulmayıb, amma AYNA -nın qoçuları sürücüləri harada gəldi cərimələyir. Bunun dayanma-durması, radarı, kamerası... Sanki böyük bir gestapo rejimindəsən və ən adi azadlıqların belə əlindən alınıb. Biz hələ demirik ki, Bakının mərkəzinə daxil olmaq məşəqqətə çevrilib, biz hələ demirik ki, dayanacaqlar zəbt olunub, parklama yerləri məhduddur, qiymətlər yuxarıdır... Yəni əhali bir burulğan içərisindədir, bir boğanaq havadadır. Bütün nəfəsliklər qapadılıb və vətəndaş dövlətdən dəstək yerinə, zopa görməkdədir. İndi hamının psixoloji gərginliyi və məişət qayğılarından yaranan stressi içində hər addımda düşündüyü bir məsələ var - aldığı maaş cəriməyə getməsin. Vətəndaşlar hər addımında o düşüncə ilə hərəkət edirlər ki, bu dəqiqə məni nəyəsə görə cərimə edəcəklər. Bu, psixoloji və iqtisadi basqıdır. Xalqa gülərüz göstərərlər, zəhmli və cəzalardan ibarət münasibət yox!
Bu mövzuda REAL partiyasının sədri Natiq Cəfərli tənqidlərində haqlı idi. Sitat: Bəzi qurumların cərimələrdən özlərinə maaş və ya mükafatlandırılma üçün istifadə yanlışdı. Elə bil, sənə deyirlər ki, sən nə qədər cərimə etsən, bir o qədər də çox sənin maaşın artacaq. Avtomatik olaraq sən nə edəcəksən, "qılıncı götürüb" düşəcəksən ortalığa".
Yəni qurumlar xalqı "qaz"lamaq yolunu seçir. Əhaliyə belə yanaşmazlar. Dövlət xalqı cəzalandırmaq yox, qayğısına qalmaqla sevgisini qazana bilər. Özü də qalib xalq. Şəhidlər vermiş xalq. Ordusu düşməni məhv etmiş xalq. Belə xalqı cərimə-cəza təzyiqi altında saxlamaq ayıbdır, rüsvayçılıqdır!!!
Çünki sən xalqa əvəzində heç nə də vermirsən - veteran pulu 80 manat, uşaq pulu yox, inflyasiya kəllə-çarxa qalxıb, qiymətlər "od tutub yanır", gəlirlər aşağı, xərclər çox, hər şey bahalaşıb, hətta keyfiyyətsiz internetin qiyməti də qalxdı, bazarlarda ərzaq məhsulları günbəgün bahalaşır, əhalinin maaşı qalxmır, işıq, qaz limiti ləğv olunmayıb, Aİ 92 benzin baha, dizel baha, insanlar maaşını bu aydan o aya güclə çatdırır, quru sərhədlər qapalı və... Sən xalq üçün bütün nəfəslikııri bağlayıb hələ bir yüksək məbləğdə cərimələr qoy. No comment!
Azər Talıbov
Anaxeber.info