Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan iki od arasında

19-05-2014, 11:12   

Amerika səfirinin sərt danışmasının səbəbi üzə çıxır; Qərblə Rusiya arasında başlamış “soyuq müharibə” Azərbaycanın sərhədlərini keçdi; Vaşinqton Bakı ilə Kremlin isti münasibətlərdən bərk qıcıqlanıb; neftin qiymətinin salınması isə Azərbaycanı narazı salıb; Ariel Koen niyə “Putin gəldi, Amerika getdi” ifadəsini işlətmişdi?..

Krımın ilhaqından sonra Qərblə Rusiya arasında başlamış “soyuq müharibə” Azərbaycanın sərhədlərini də aşdı. Bu savaşı az qala şərəf məsələsinə çevirən hər iki qütb - Qərb və Rusiya indi kimin kimin yanında olmasını da saf-çürük edərək siyasətlərini ona uyğun qururlar. Bu proses artıq o qədər açıq şəkil alıb ki, bunu gizlətmək belə mümkün deyil.

Məsələn, Somada baş verən mədən faciəsindən üç gün sonra ABŞ prezidenti Barak Obamanın vaxtilə ən yaxın adamı hesab olunan Rəcəb Tayyib Ərdoğana deyil (Ərdoğana isə başsağlığı üçün Putin zəng etmişdi), Abdulla Gülə telefon açması Qərbin sanksiyalarına hələ ki, barmaqarası baxan, üstəlik bəzi məlumatlara görə, Kremllə gizli anlaşmada olan Türkiyə hökumətinə soyuq münasibəti kimi dəyərləndirilir. Ukrayna hadisələri ilə başlayan bu bölünmədə önəmi daha da artan Azərbaycanın da kimin tərəfində olması indi az qala elə Qarabağın taleyi qədər önəmlidir.

Hələ bir müddət əvvəl də bu mövzuda yazarkən “soyuq savaşda” bitərəf qalmağın Azərbaycanı ciddi risklərə soxacağını, Qərbə doğru seçimin isə ölkəmizin “başının üstündəki” Rusiya qılıncı ilə üz-üzə qoyacağının qeyd etmişdik. ABŞ səfiri Riçard Morninqstarın aprelin sonunda Vaşinqtonda keçirilən tədbirdə hakimiyyətə yönəlik tənqidlərini ötən həftəsonu Bakıda “Azadlıq” radiosuna müsahibəsində daha da sərtləşdirməsi Qərb-Rusiya qarşıdurmasında Azərbaycanın hansı tərəfdə yer aldığına Ağ Evin açıq işarəsidir.
Azərbaycanda siyasi vəziyyət Morninqstar hələ ABŞ-ın Xəzər dənizi üzrə enerji məsələlərinə dair xüsusi nümayəndəsi olandan üzü bəri (Morninqstar 2011-ci ilədək bu vəzifədə çalışıb) ciddi dəyişməyib, yəni səfirin indi açıq dilə gətirdiyi demokratiya problemləri o zaman da vardı, indi də. Amma səfirin indi bu cür sərt danışması, hətta Azərbaycan hakimiyyəti ilə ABŞ-ın bir çox məsələlərdə anlaşa bilmədiyini açıq etiraf etməsi, təbii ki, dünyada baş verən qütbləşmə ilə birbaşa bağlıdır.

Azərbaycan hakimiyyətinin Rusiya ilə gizli anlaşdığı barədə xəbərlər hələ Ukrayna krizisindən əvvəl də vardı. Ötən ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən sonra belə xəbərlər yayılmışdı ki, hər iki ölkə hakimiyyəti önəmli razılaşmalar əldə edib. Bu razılaşmanın ən mühüm bəndinin, əlbəttə ki, Rusiyanın Azərbaycandakı sabitliyə təhlükə törətməyəcəyi ilə bağlı olduğu iddia edilirdi.

Maraqlıdır ki, Putinin səfərindən sonra ABŞ mətbuatında Bakıda gizli anlaşmalar olduğundan narahatlıq ifadə olunurdu, hətta Avrasiya araşdırmaları və beynəlxalq energetika üzrə tanınmış ABŞ eksperti Ariel Koen “Putin Azərbaycana gəldi, Amerika getdi” kimi ifadə də işlətmişdi. Putinin səfərindən sonra ABŞ-la Bakı hakimiyyəti arasında münasibətlər yenidən soyudu və seçkinin nəticələrinə Dövlət Departamenti sərt bəyanatla qiymət verdi. Bundan sonra hakimiyyət təmsilçiləri Amerikanı az qala Azərbaycanda dövlət çevrilişi hazırlamaqda günahlandırdı.

ABŞ-ın narahatlığına Azərbaycan hakimiyyətinin Rusiya ilə anlaşmasının səbəb olduğunu səfirin iqtidar daxilində Qərb əleyhdarı olan qüvvələrdən (yəni Rusiyayönümlülər - Red) danışması da təsdiq edir. Cənab səfir: “Hökumətdə elələri var ki, ABŞ-Azərbaycan münasibətlərinə ziyan vurmaq istəyir, ona görə də Qərb təşkilatlarının işini çətinləşdirməyə, yaxud Birləşmiş Ştatları, Avropanı nədəsə günahlandırmağa çalışırlar”, deyərək, iqtidardakı Rusiya xəttinə açıq eyham vurub.

Azərbaycan hakimiyyətinin hər addımını ABŞ-ın hətta xüsusi kəşfiyyatının izlədiyi və Rusiya ilə ilişgilərə dair mətbuatdan yüz dəfə çox bilgi əldə etdiyini nəzərə alsaq, səfirin bəyanatlarının daha ciddi səbəbləri olduğu aydınlaşar. Məsələn, hələ Azərbaycan müxalifətinin belə ciddi reaksiya vermədiyi bir proje haqda ABŞ artıq məlumat əldə edib və Dövlət Departamenti səviyyəsində etiraz bildirib.

Söhbət İranın elektroenergetika şəbəkəsini Azərbaycan vasitəsilə Rusiyanın elektroenergetika şəbəkəsinə birləşdirilməsi layihəsindən gedir. Son aylar üç ölkənin (Azərbaycan, Rusiya, İran) enerji yetkililəri bu istiqamətdə ciddi müzakirələrə başlayıblar. Üç ölkənin elektrik enerjisi şəbəkəsinin birləşdirilməsindən sonra Rusiya Azərbaycan üzərindən İrana elektrik enerjisi ixrac edə biləcək. Rəsmi Bakı artıq rəsmən bəyan edib ki, bu təklifi qəbul ediblər. Yəni Azərbaycan öz enerji sistemini Rusiya və İranın enerji sistemləri ilə sinxronlaşdırmağa texniki baxımdan hazırdır. Rusiyanın küncə sıxışdırıldığı bir vaxtda rəsmi Bakının Qərbin iki “boynuyoğun” və təhlükəli düşməni ilə enerji şəbəkəsinin birləşdirilməsi qərarı Vaşinqtonda bomba partlaması effekti verib. Vaşinqton rəsmən bəyan edib ki, üçtərəfli enerji əməkdaşlığı ABŞ-ın xoşuna gəlmir və Vaşinqton enerji sahəsində Tehrana qarşı tətbiq edilmiş sanksiyaların Azərbaycana görə təsirinin zəifləyəcəyindən narahatdır.

Başqa bir məlumata görə, Azərbaycan ABŞ-ın neftlə bağlı hazırladığı strategiyadan narazıdır və Qərblə bu səbəbdən anlaşa bilmir. Məlumdur ki, Amerika Rusiya iqtisadiyyatını çökdürmək üçün neftin qiymətinin aşağı salınması istiqamətində ciddi hərəkətə keçib. Dünyanın ən zəngin neft ixracçısı olan ölkələrdən biri Səudiyyə Ərəbistanı artıq neftin bir barelini 100 dollara (ABŞ daha da aşağı qiymətə satılmasını istəyir) satmağa razılaşıb. Azərbaycan neftini hazırda dünya bazarında 120 dollara satır. Neft 100 dollara (və ya daha aşağı) düşərsə, bu, Azərbaycana da ciddi təsir edəcək. Yəni Azərbaycanın Qərbə doğru seçim etməməsi üçün maddi əsasları da var...

Qərb Rusiyaya qarşı sanksiyaları sərtləşdirdikcə, Azərbaycan Kremlə sanki daha çox yaxınlaşır. Rusiya ilə qarşılıqlı səfərlər son günlər daha da intensivləşib. Müdafiə Nazirliyi rəhbərliyində Rusiyaya bağlı olduğu iddia edilən generallar “ön cəbhəyə” çıxarılır. Azərbaycan nümayəndə heyəti Avropa Şurasında Rusiyanın səsvermə hüququndan məhrum edilməsi ilə bağlı səsvermədə bitərəf qaldı. “Eurovision”da Avropanın boykot etdiyi Rusiya təmsilçisinə ən yüksək xal (12) verildi. Bundan əlavə, Azərbaycanın hakimiyyət təmsilçiləri hər mümkün məqamda Qərbi və ABŞ-ı sərt tənqid edərək, sanki Kremlin rəğbətini qazanmağa çalışırlar. Maraqlıdır ki, balanslı siyasətə üstünlük verən Azərbaycan iqtidarı Rusiyanın hədəfdə olduğu bir vaxtda özünü qorumaq deyil, sanki atəşin içinə atmağa çalışır. Səfirin bu cür sərt mövqeyi Azərbaycan hakimiyyətinə tuşlanmış hələ ilk atəşdir, bunun mütləq davamı da olacaq...

Ukraynada baş verənlərdən sonra “ac ayı” kimi ətraf ölkələrə də saldıracağı gözlənilən Rusiyanı gözardı edib, Qərbə üz tutmaq Azərbaycan üçün çox qorxuludur. 2008-ci ildə Gürcüstan, 2014-cü ildə isə Ukrayna hadisələri göstərdi ki, Amerika okeanı keçib köməyə gəlincə, Rusiya hərbi gücünə arxalanaraq istədiyini edir. Bu səbəbdən də “soyuq müharibə” dövründə Azərbaycanın yaxın və ən əsası, təhlükəli qonşusu olan Rusiya ilə yaxınlaşması üçün kifayət qədər əsasları da var. Bu yaxınlıq prosesi ötən yazılarımızda da qeyd etdiyimiz kimi, hələ ki Azərbaycan xalqının da maraqlı çərçivəsində davam edir. Amma “Rusiya-Qərb savaşında Kremlin yanında yer almaqla Azərbaycanın itirəcəkləri, yoxsa qazandıqları daha çox olacaq” sualına indilikdə birmənalı cavab vermək də çətindir. Unutmaq olmaz ki, “soyuq müharibə” hələ uzun müddət davam edəcək. Rusiyanı qıcıqlandırmamaq hələ ki ölkəmizin təhlükəsizliyi baxımından vacibdir. Bəs, Qərb bu yaxınlaşma prosesini yalnız bəyanatlarlamı durdurmağa çalışacaq? Bilinən odur ki, Azərbaycan təhlükəli bir mərhələyə qədəm qoyub. Təəssüf ki, iki od arasında qalmaq yaxşı heç nə vəd etmir.

Tanrı Azərbaycanı qorusun...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar