Sənin adın Xədicə!

26-05-2016, 09:31   
Sənin adın Xədicə!
Apreldə Qarabağda savaş oldu. Ağır artilleriyadan, toplardan açılan atəşlər o yanı yandırdı, bu yanı yaxdı. Dağ kimi oğullarımız getdi o döyüşlərdə. Biri tanışdı, hər gün evdə “Vətən üçün vuruşmaq, vuruşub ölmək şərəfdir” deyirmiş. Aprel döyüşlərində şəhid olan zabitlərimizin hamısı dövlətinə güvənərək Vətən, Torpaq, Qarabağ uğrunda ölməyə hazır olanlardı. “Həmişə hazır” olduqlarını sübuta yetirdilər. Bunu hər gün yalan-yapalaq “vətənpərvərlik şousu” yaradan AzTV dedirtmir, bunu onları tanıyan hər kəs deyir. Vətən üçün ölmək hər nə qədər şərəfli olsa da, Vətən üçün yaşamaq, çarpışmaq qat-qat üstündür. Hərə öz səngərində vətənin əsgəri ola bilərsə…

Nə yaxşı, sən çarpışma yoluna qayıda bildin, Xədicə! Axı sən jurnalistikamızın ağır artilleriyasısan! Nişangaha düz alırsan, tətiyi zamanında çəkirsən, hədəfi doğru vurursan. Sənin adın Xədicə!

Sən, çöhrəndən silinməyən təbəssümünə, ayna kimi gözlərinə, çəhrayı yanaqlarına baxan kəs yaşını 20-dən o yana aldırmaz. Üzün uşaq üzü kimi. Amma çiynində daşıdığın yükün bir ton ağırlığı var. Sən onu elə ustalıqla idarə edirsən; qəddin əyilmir, dizin bükülmür, əllərin əsmir. Çünki gözün qorxmur, ürəyin ürəklidir, gerçəyin üzünə düz baxa bilirsən, baxıb da tank kimi qarşına çıxanı tapdayıb, yolunu kəsmək istəyəni əzib də keçirsən. Sənin adın Xədicə!

Çox xanımlar-qadınlar, qızlar yazır. Yaza bilən də yazır, yaza bilməyən də yazmış olur. Kimi dolanışıq üçün yazır, kimi ad üçün. Kimi yazmadan yaşaya bilmir yazır, kimiyə yazdırırlar yazır, amma səndən savayı kimsə yandırıb da yazmır. Yazıb da yandırmır, yaza-yaza yanmır. Sən Azərbaycanın qadın jurnalistləri arasında ən cəsarətlisi və döyüşkənisən. Hələ uzun illər belə qalacaq, əminəm. Sənin adın Janna D’ark da ola bilərdi, Ancela Devis də, Fatmanisə də. Amma sənin adın Xədicə. Jurnalistika tarixində qalacaq bir ad.

Sən qalib gəldin, Xədicə! Bilirsənmi nəyə? Əfvlərə, amnistiyalara. Sındırılmalara, heykəllərə baş əymələrə, haqqı saytlara satmalara, qoyub qaçmalara. Ölümün özünə! Sənin adın Xədicə!

Istədim yazmayam, olmadı. Sən tutulmazdan qabaq, gözümü deşib ürəyimi yandıran şantaj videosunun at oynatdığı günlərdə bir yol yuxuda məzarına gül qoymağa getmişdim. Adsız baş daşının üstündə gülən gözlü, yaraşıqlı şəklin vardı. Sağında Elmar Hüseynov, solunda Rafiq Tağı. Şəklinə baxır, amma adını heç cür yadıma sala bilmirdim. Bilmədim də. Adının daş üzərinə yazımadığına sevindim. Xeyirli əlamətdir-dedim. Amma indi adını bilirəm. Sənin adın Xədicə! Sənin yerin bizim yanımız, bizdən azacıq öndə. Nə qədər sınıq-salxaq, tökülüb-dağılmış, yorulub-bezmiş olsaq da gəlirik. Sən onsuz da heç zaman arxadan gələnləri gözləməmisən. Olsun, get, sadəcə səni sevənlərə güvən. Onları sınadın, yanında olduqlarını gördün. Xalqına, millətinə güvənlə yaşa.

Sənin yaşamağa haqqın var! Yazmağa olduğundan bir qədər azacıq olsa belə.

Azadə
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar