(Milli ordumuzun şəhid polkovnik-leytenantı Axundov Sənan Tahir oğlunun məktəbli övladları Tahirlə Nəzrin “Biz atamızla fəxr edirik!” – deyir)
...Nə qədər amansız, qara bir xəbər!
Sellənsin gözümdə yaşım ağlasın.
Tıxansın köksümə hıçqırıq, qəhər,
Od tutsun kipriyim, qaşım ağlasın.
Xəlil Rza Ulutürkün bir dost övladının itkisinə üzüldüyü hisslər, qəhər və göz yaşlarına qənşər çıxdıq. 18 aprel 2016 cı il tarixdə o üzücü xəbər hakim kəsildi qəlbimizə. İlahi bu nə xəbər idi?! Axundovlar nəslinin əbədiyyətə qovuşduğu o ünvana – Beyləqan rayonu ərazisində yerləşən, İbadətgahımız olan Həzrəti Cərciz Peyğəmbərə üz tutduq. Azərbaycanın bütövlüyü , onun istiqlaliyyəti uğrunda sevgi ilə həyata göz açmış, doğulduğu Füzuliyə və ümumən Qarabağ torpaqlarına məhəbbətlə boy atmış, müharibə və hərb tarixini mükəmməl bilən bir mütəxəssis kimi haqsızlığa, ədalətsizliyə dözməyən milli ordumuzun polkovnik-leytenantı Axundov Sənan Tahir oğlunun vəzifə tapşırıqlarını icra edərkən şəhidlik zirvəsinə yüksəldiyi toplantıya - izdihama qatıldıq. 29 sentyabr 1979-cu il tarixdə Füzuli rayonunda dünyaya göz açmış, ana nəslimin ən istəkli nümayəndəsi olan Sənan! Ailənin tək oğul övladı, hamımız üçün əziz olan Sənan!
...İzdihamda qəlbim , vücudum titrəyirdi. İlahi, görəsən 36 yaşlı Sənanın məktəbli övladları - Tahirlə Nəzrin bu itkiyə, bu faciəyə necə tab gətirəcəklər?! Müdafiə Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatları, Füzuli, Beyləqan və Xocavənd rayonlarının İcra Hakimiyyətinin başçıları və zabitin çiyindaşları onun həyat və fəaliyyətini əks etdirən nitqlər söylədilər. Şəhid polkovnik-leytenantın övladları – Tahirlə Nəzrin atalarının portreti və qırmızı lövhədə döyüş yolunu əks etdirən orden, medallar asılmış tablonun önündə qürurla dayanmışdılar. Bu dayanış, bu duruş Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini özündə əks etdirən anlar idi. Ata faciəsi ilə üzləşən məktəblilərin vida mərasimindəki o günkü siması, dözümü və dəyanəti gözlərimdə bitib. Allah onları qorusun! Allah onlara səbr versin!
... Şəhid polkovnik-leytenantın VIII sinifdə oxuyan məktəbli oğlu Tahir Axundovun nitqinin elə məqamları oldu ki, o böyük itkini, o böyük üzüntünü, o böyük faciəni qürur mənbəyi, qəhrəmanlıq tarixi kimi yaşadıq. Bəli, əslində elə bu bir tarixdir! Yüksək rütbəli o şəhidin övladlarının “Biz atamızla fəxr edirik!” sözləri inamımızın, qələbəmizin, idioloji müharbəmizin təntənəsidir. Qəlbimə hakim kəsilmiş, gözlərimdən şəkili getməyən o anların duyğularını unuda bilmirəm.
Əzizimiz Tahir və Nəzrin! Sizin atanız qəhrəmanlıq nümunəsidir. Onun həyat yolu, qısa və şərəfli ömrü unudulmaz anlarla doludur. O, hərbiçi olmaq peşəsini şərəflə seçmişdi. Bakı Ali Hərbi Məktəbi, Almaniyada Hərbi Akademiya təhsili, üstəlik qiyabi yolla BDU-nun hüquq fakultəsini bitirmək onun ömrünün təhsil illəridir. Sənanın öz ideyaları, öz arzuları var idi. İçində olan vətən sevgisi, qəhrəmanlıq eşqi şəhidlik zirvəsində tamamlandı. Vətən yolunda şəhid olanlar ölmür! Onların adı və ünvanı hər zaman tarixin yaddaşında fəxarət ünvanı kimi qalır. “Biz atamızla fəxr edirik!” dediniz. Bəli , fəxarət ünvanı olan atanız Azərbaycan xalqının, onun hərb tarixinin fəxarətidir. Qəhrəmanlıq bir yana, sücaət bir yana, sizin düşüncəniz, yetkinliyiniz bu gün ədəbiyyata gəlməli, vətənə olan bu ilahi sevginiz yaşıdlarınıza və hər kəsə çatdırılmalıdır.
O ağrılı günlərimizdə Tahirlə söhbətləşdim.
-- İki aydır görüşmürük, eləmi?
-- Kitabını oxuyuram – dedi. – “Ana fəryadı” povestində “Qardaş dağı” bölümü çox təsirlidir.
Onu fikirdən ayırmaq üçün yenidən sual etdim.
--Hansı peşəni seçəcəksən?
--Həkim peşəsini – dedi. Və əlavə etdi:
--Atamla razılaşmışdım. Hərbdə həkim olmaq arzusunu
Nə gözəl... Arzuların çin olsun, Tahir!
Qırx gündür ki, Sənan Axundov vətən torpağının şəhidlik zirvəsində, ailə üzvlərinin , hərbçi yoldaşlarının , qohum-əqrəbalarının və bütün tanıyanlarının məhəbbət dastanına çevrilib. Bu dastanda torpağa məhəbbət, vətən sevgisi, qəhrəmanlıq notları ilə bərabər düşmənə nifrət hissləri də yaşanır. Bu dastanın ömrü milli ordumuzun zabitinin ömrü kimi 36 il olmayacaq. Sənan Axundovun ömür dastanı əsrlərlə yaşayacaq, yaşandıqca oxunacaq, oxunduqca da seviləcək. Gənclərimizə vətənpərvərlik, şücaət, qəhrəmanlıq önəmi gətirəcək. Adı, ünvanı fəxarət yeri olan, torpağa şah damardan qan verən şəhidin övladları – Tahirlə Nəzrin hər zaman başını dik tutacaq. Atalarının qəhrəmanlıq yolu , şəhidlik zirvəsi onların yoluna işıq salacaq
Səxavət Tağlar
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
yazıçı-publisist