Azərbaycanda vətəndaşların ən çox şikayətçi olduqları müəssələrdən biri də banklardır. Vətəndaşlar bəzi bankların onlara fırıldaq gəlməsindən, əmlaklarını mənimsəməsindən, bank faizlərinin yüksək həddə olmasından şikayətçidirlər
Politika.Az xəbər verir ki, ölkədə ən çox şikayət edilən banklardan biri də vaxtilə Eldar Mahmudov- Akif Çovdarov cinayətkar cütlüyünün "çirkli pulları" yuma şəbəkəsinin əsas üzvlərindən sayılan "Dəmir Bank"dır. Məsələ çox sadə idi. “Dəmir Bank”ın İdarə Heyətinin sədri Eldar Mahmudovun “kassiri”, ləğv edilən MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun qudası Roman Əmircanov idi. Roman Əmircanovun oğlu Rəşad Əmircanov hazırda həbsdə olan Akif Çovdarovun kürəkənidir. Rəşad Əmircanov mafoz qaynatasının köməkliyi ilə keçmiş MTN-də şöbə rəisi vəzifəsinə təyin olunmuşdu. Prezident İlham Əliyevin ölkə ictimaiyyəti tərəfindən təqdirlə qarşılanan, Mahmudovçu cinayətkar dəstəni məhv etməsindən sonra "Dəmir Bank"ın da fəaliyyəti gündəmə gəldi.
Roman Əmircanovun "Dəmir Bank"a rəhbərlik etdiyi dövrlərdə Mahmudov-Çovdarov qruplaşmasının "qara pulları"nın adı çəkilən bank vasitəsi ilə "yuyulması" haqda mətbuatda silsilə yazılar yazıldı. Çovdarovun zərəsizləşdirilməsindən sonra havada qalan Roman Əmircanov da "Dəmir Bank"ın İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırıldı. Gözləmək olardı ki, imici korlanmış, Mahmudov-Çovdarov qruplaşmasının ruporuna çevrilmiş bu bank cinayətkarların girovundan xilas olduqdan sonra mükəmməl fəaliyyəti ilə gündəmə gələcək.
Lakin müraciət edən vətəndaşların şikayətlərindən belə başa düşmək olar ki, bank köhnə vərdişi "çirkli pulların" yuyulması "takrikasından" əl çəksə də, yeni problemlər üzə çıxıb. Daxil olan şikayət məktublarında göstərilir ki, "Dəmir Bank"a əmanətlərini etibar edən vətəndaşlar pullarını geri ala bilmirlər.
Hətta əllərində rəsmi müqavilələr, pulların mədaxil orderləri, baş ofis tərəfindən xüsusi nəzarətlə verilən əmanət kitabçaları, həmin məbləğin veriləcəyi haqqında möhürlü rəsmi zəmanət məktubu və çoxlu digər tutarlı dəlillər olsa da...
Məlumata görə, "Dəmir Bank"ın yeni rəhbərliyi əmanətlərin köhnə rəhbərlik tərəfindən qəbul edildiyini əsas gətirərək, vətəndaşların pullarını geri qaytarmaqdan imtina edirlər. Şikayət məktublarından birində deyilir:
"DəmirBank rəhbərləri on nəfərdən çox vətəndaşın külli miqdarda pullarını mənimsəmiş, indi həmin pulları geri istəyəndə isə özlərini kənarda tutmağa çalışır və susurlar. Lakin rəhbərlik çox yaxşı bildyi və qanunda da açıq yazılmış bir həqiqəti unutmağa çalışır ki, bu müqavilələrin hansısa filialda və onların səlahiyyət verdikləri hansı şəxs tərəfindən bağlanmasına, kimlər tərəfindən mənimsənilməsindən asılı olmayaraq, hüquqi şəxs olaraq əmanətçilər, qanun qarşısında baş idarə (onlara bu səlahiyyətləri verən) cavabdehdir və bu pulu ödəməlidirlər", - deyə şikayət məktubunda qeyd olunur.
Qeyd edək ki, əmanətləri qaytarılmayan şəxslərin içində ölkənin tanınmış şəxslərinin də adı çəkilir. Bunların içində Milli Qəhrəmanların ailə üzvlər, xalq şairləri və sairə var.(avropa.info)
Qeyd: Məsələylə bağlı "Dəmir Bank" rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.
Politika.Az