formula1Yarış yaxınlaşdıqca beynəlxalq aləmin Azərbaycandakı repressiyalara diqqəti də artır
«Bild»: «Formula-1» maşınlarının keçəcəyi ərazilərdə yerləşən elə binalar var ki, orada insanlara işgəncə verirlər»
Avropa Oyunları ərəfəsində olduğu kimi, Bakıda “Formula-1″ yarışlarının keçirilməsi də turnir yaxınlaşdıqca Azərbaycan dünya mediasının hədəfinə çevrilir. Nüfuzlu media orqanları xüsusən yarışın keçirildiyi ölkədə əhalinin yaşayışı, insan haqlarının vəziyyətinə diqqət yetirirlər. Almaniyanın ən tirajlı qəzeti olan ”Bild” də “Formula-1″ fonunda Azərbaycan hakimiyyətinin repressiyalarından bəhs edən geniş bir material yayımlayıb.
“Sən niyə despotlar üçün oxuyursan?” başlıqlı məqalədə bildirilir ki, “Formula-1″ yarışları dünyanın azad olmayan ölkələrindən birində keçirilir: ”Iyunun 17-19-da Xəzərin sahilində yerləşən Bakı şəhərində “Formula-1″ Qran-Pri yarışları keçiriləcək. Tədbirin açılışında Farrel Uilyams, Kris Braun və Enriki Iqlesiasın çıxışları gözlənilir. Beynəlxalq hüquq-müdafiə təşkilatları məşhur müğənnilərə Bakıda çıxış etməmələri üçün çağırış ediblər. Əks halda, bu, avtoritar və korrupsioner bir hökumətin təbliği kimi qiymətləndiriləcək”.
Müəllif yazır ki, beynəlxalq ictimaiyyətin çox ciddi təzyiqlərindən sonra bütün dünyada tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayıl həbsdən azad edildi. Buna baxmayaraq, hələ də xeyli sayda demokratik fəallar və jurnalistlər həbsxanadadır.
“Farrel Uilyamsın Bakıda çıxışa razılıq verməsi çoxlarını təəccübləndirdi. Məsələ burasındadır ki, onun sonuncu mahnısı ”Azadlıq” adlanır və azadlıq əleyhinə olanlara qarşıdır. Son illərdə Azərbaycan hakimiyyəti özünə yaxşı imic düzəltmək üçün böyük beynəlxalq tədbirlər həyata keçirir”, – deyə məqalədə qeyd olunur.
ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı, “Insan hüquqları üçün idman!” kampaniyasının rəhbəri Rebekka Vinsent “Bild”ə deyib ki, belə tədbirlərin keçirilməsində, tanınmış müğənnilərin açılışda iştirakında məqsəd insan hüquqları sahəsindəki dəhşətli vəziyyətdən diqqəti yayındırmaqdır.
“Meydan TV”nin rəhbəri Emin Milli də “Bild”ə Azərbaycandakı vəziyyətdən danışıb. Deyib ki, “Formula-1″ maşınlarının keçəcəyi ərazilərdə yerləşən elə binalar var ki, o binalarda insanlara işgəncə verirlər: ”Tədbiri açılışında iştirak edən müğənnilər bilməlidilər ki, onlara qulaq asanlar arasında işgəncələrə görə birbaşa məsuliyyət daşıyan şəxslər var”.
Məqalədə qeyd olunur ki, neftin qiyməti yüksək olanda ölkəyə çox böyük pullar gəlib. Bu da “Formula-1″ kimi böyük tədbirlər keçirməyə həvəs yaradır: ”Neftin qiyməti kəskin düşəndən sonra ölkə çox ağır sosial iqtisadi problemlərlə üzləşib. Manat dəfələrlə devalvasiyaya uğrayıb. Qiymətlər artıb, əhalinin gəlirləri azalıb. Belə bir şəraitdə “Formula-1″ yarışları ölkədə ciddi narahatlıq yaradıb. Adamlar haqlı olaraq soruşurlar ki, belə yarışlara milyonlarla vəsaitin xərclənməsi nəyə lazımdır?!”
Məqalədə müstəqil mediaya təzyiqlərdən də bəhs olunur: “Müstəqil səsləri boğmaq üçün hakimiyyət ən sərt üsullardan belə çəkinmir. Iş o həddə çatıb ki, ”facebook” istifadəçiləri hakimiyyətə qarşı tənqidi çıxışlarına görə narkotiklə ittiham edilərək, həbs olunurlar. Mətbuat Azadlığı Indeksində Azərbaycan 180 ölkə içində 163-cü yeri tutub. Tənqidçi jurnalistlər saxta ittihamlarla uzun müddətə azadlıqdan məhrum edilirlər. Son aylarda bəzi siyasi məhbuslar azad edilsə də, hələ də müxalifətçi şəxslər həbsxana həyatı yaşamaqda davam edir. Həbsdə olanlar arasında Ilqar Məmmədov və Seymur Həzi kimi görkəmli müxalifət nümayəndələri də var. “Harlem Şeyk” videosunu internetdə yerləşdirmiş şəxs də hələ həbsxanadadır. Müxalifətçilərə qarşı tez-tez xuliqanlıq və narkotik ittihamları irəli sürülür. Belə saxta ittihamlar onların uzun müddətə azadlıqdan məhrum edilməsilə nəticələnir”.