“Soyqırım” qətnaməsi: Türkiyə Almaniyadan səfirini geri çağırdı

2-06-2016, 16:01   

Türkiyə XİN Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” qətnaməsini qəbul etməsinə cavab olaraq bu ölkədən səfirini geri çağırıb.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, səfir Hüseyn Avni Karslıoğlu (əvvəl Bakıda səfir olub) bu gün axşam saatlarında İstanbula gələcək. Onun “məsləhətləşmələr üçün” geri çağırıldığı bildirilir. Hələlik Türkiyə prezidenti Ərdoğanın və hökumətin Bundestaqın qərarına reaksiyası məlum deyil. Bununla belə AKP sözçüsü Yasin Aktay Almaniya parlamentindəki səsvermənin iki ölkə münasibətlərinə ciddi zərər verdiyini deyib.

* * *15:03

Virtualaz.org xəbər verir ki, qondarma “soyqırım” qətnaməsinə həm Xristian-Demokratlar, həm müxalifətdə olan Yaşıllar partiyasından olan deputatlar səs verib. Cəmi bir deputat qətnamənin əleyhinə çıxıb. Qətnamədə Osmanlı imperiyasının təkcə ermənilərə deyil, bütün xristianlara qarşı “soyqırım” törətdiyi iddia olunub. Bildirilir ki, 1915-1916-cı il hadisələrindən ermənilərlə yanaşı assuriyalılar, süryanilər, keldanilər kimi xristian azlıqlar da zərər görüb.



Səsverməyə kansler Angela Merkel, vitse-kansler Sigmar Gabriel və xaici işlər naziri Frank-Valter Ştaynmayer qatılmayıblar. Qətnamənin mətnində Osmanlı imperiyasının müttəfiqi olan Almaniya İmperiyasının da yaşananlardakı roluna görə “utanc hissi” ifadə olunur. Bildirilir ki, Almaniya o vaxt “erməni soyqırımı”nı dayandırmaq üçün addım atmayıb. Qətnamədə Almaniya hökumətindən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını təşviq etmək istənilir.

Türkiyə hökumətinin səsvermənin nəticələrinə dair mövqeyi az sonra açıqlanacaq.



* * *14:46

Bu gün Bundestaqın üzvləri səsvermə nəticəsində 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınması barədə qətnaməni təsdiqləyiblər.

Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, “Ermənilərin və digər xristian azlıqların soyqırımının 101-ci xatirə ili” adlı qətnamə parlamentə hakim çoxluq tərəfindən təqdim edilmişdi. Bu çoxluğa kansler Angela Merkelin rəhbərlik etdiyi koalisiya və Almaniya Sosial-Demokrat Partiyası, həmçinin “Yaşıllar” partiyası daxildir.

Qətnamədə həmçinin AFR hökuməti tərəfindən tarixi hadisələrə görə məsuliyyətin bir hissəsi qəbul edilir və “1915-ci ilin faciəvi hadisələri – ermənilərin deportasiyası və qətliamı – soyqırım kimi tanınır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar