Bu il Türkiyənin digər ölkələrlə münasibətləri heç də rəvan olmayıb. Vaşinqtonun “İŞİD”-lə mübarizədə Suriya kürdlərini dəstəkləməsi türk hökumətini bərk qəzəbləndirib. Ankara hesab edir ki, Suriyadakı silahlı kürd qrupları Türkiyədə terror aktları törədiblər.
Ankaranın Moskva ilə olan münasibəti, Türkiyə sərhəddini pozduğuna görə, türklər tərəfindən Rusiya təyyarəsinin vurulmasından sonra kəskin korlanıb. Bundan başqa prezident Rəcəb Tayyib Ərdoğan Almaniya televiziyasının onu məsxərəyə qoymasından əsəbləşərək, komediya ustası Yan Bemermanı məhkəməyə verib.
Bu gərgin və xoşagələməz vəziyyətə 1915-ci ildə Osmanlı imperiyasının ermənilərə qarşı soyqırım törətməsinin Almaniya Bundestaqı tərəfindən böyük səs çoxluğu ilə qəbul edilməsi əlavə olunub. Ərdoğan hökuməti belə bir aktın digər ölkələrdə, o cümlədən ABŞ-da baş tutmamasına çalışır. ABŞ prezidenti Barak Obama 2008-ci il prezident seçkiləri yarışında söz verməsinə baxmayaraq, “genosid” sözünü işlətməyib.
Bundestaqın qərarına cavab olaraq, Ankara Berlindəki səfirini geri çağırıb. Ərdoğan deyib ki, erməni genosidinin tanınması haqqında qətnamə Türkiyə ilə Almaniya arasındakı münasibətlərə ciddi təsir göstərəcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə özünün “Twitter”dəki bloqunda alman nasizminə eyham vuran sözlər yazıb: “Məsuliyyətsiz və əssasız qərarlarla, başqa ölkələrin tarixini qaralamaq, onların öz tarixlərinin qara səhifəsini qapatmaq üsuludur”.
Birinci Dünya Müharibəsi zamanı 1,5 milyon erməni öldürüldüyü bildirilir, lakin Türkiyə bəyan edir ki, bu rəqəmlər şişirdilib və ölənlər əsasən vətəndaş müharibəsinin qurbanlarıdır.
Alman deputatları çox mürəkkəb bir vaxtda qərar qəbul ediblər. Avropa Birliyi Türkiyə vətəndaşları üçün AB ölkələrinə vizasız gediş əvəzinə, Ankaranın əlavə sayda qaçqınları qəbul edəcəyi kimi onsuz da şübhəli görünən bir proqramı dəstəkləməyə cəhd göstərir. Ankara ümid bəsləyib ki, AB ölkələrinə sadələşmiş gediş-gəliş, Türkiyənin Avropa Birliyinə gələcəkdə qəbul olmasının əsasını təşkil edə bilər. Özünün əsas ticarət tərəfdaşı və qaçqınlar proqramı ilə bağlı vizasız rejimin təşəbbüskarı olan bir ölkədən Türkiyənin öz səfirini geri çağırması AB yolunda heç də ən uğurlu addım deyil.
“Foreign Policy” nəşri ilə apardığı telefon söhbəti zamanı “Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi” (Centr for Strategic and Internatinal Studies) türk layihəsinin qurucusu və direktoru Bülənt Əlirza deyib ki, ümumi yekunda bu səsvermənin iki ölkə arasındakı uzunmüddətli münasibətlərə nə dərəcədə təsir göstərəcəyi barəsində danışmaq hələ çox tezdir.
Bülənt Əlirza deyib: ”Türkiyə xarici siyasətinin çətin günlər keçirdiyi bir vaxtda, Almaniya yeganə ölkə idi ki, Türkiyə ona anlayış və dəstək məsələsində ümid bəsləyə bilərdi. Düşünürəm ki, bu yəqin Almaniya–Türkiyə münasibətlərinə təsir göstərəcək. Lakin əsas məsələ səfirin geri çağırılması ilə parlamentin cavab tədbirləri arasındakı vaxt ərzində nələrin baş verəcəyidir”.
Merkel Almaniyada yaşayan 3,5 milyon nəfərlik çoxsaylı türk icmasının bundestaqın qərarına necə reaksiya verəcəyindən bərk narahatdır. Almaniya kansleri deyib: ”Mən türk kökləri olan insanlara demək istəyirəm ki, biz sizin burada olmağınızdan nəinki razıyıq, həmçinin siz bu ölkənin bir parçasısınız”.
Hər necə olsa da, görünür ki, Ərdoğan da həmçinin, Almaniya ilə münasibətlərin tamamilə kəsilməsinə hazır deyil. Əlirzanın sözlərinə görə, hətta son illər müxtəlif dövlətlərin nümayəndələri tərəfindən Ərdoğanın ünvanına daha çox tənqidi fikirlər səslənsə də, Türkiyə hakimiyyəti əvvəllər özünün yaxın müttəfiqi hesab etdiyi bir çox ölkələrlə korlanmış əlaqələri yaxşılaşdırmağa can atır.
Əlirza bildirib: ”Buna Türkiyənin xarici dünya ilə münasibətlərinin pisləşməsinin davam etməsi kontekstindən baxmaq lazımdır. Məsələyə vəziyyətin yaxşılaşacağı və pisləşəcəyi tərəfdən baxılmalıdır. Nəzərə almaq azımdır ki, Almaniya indiyədək daima Türkiyəni müdafiə edirdi və bu gün isə vəziyyət bu cür gərginləşib. Ona görə də məsələ açıq qalır”.
(Foreign Policy-ABŞ)