Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan böyük savaşda: Arxamızda kim var?

13-08-2016, 14:18   


Sərdar Cəlaloğlu: “Qərb Azərbaycana qarşı ikili oyun oynayır”
Elman Fəttah: “Avropada dəstəkçilərimiz də az deyil”
Rauf Mirqədirov: “Azərbaycan o qədər böyük dövlət deyil ki, Qərbdə müttəfiqləri olsun”

Azərbaycan elə bir regionda yerləşir ki, burada hərbi-siyasi vəziyyət istənilən an qarışa bilər. Yaxın Şərqdə davam edən savaşların xaotik dönəmə girməsi, İŞİD, “Hizbullah”, “ən-Nüsra” kimi terror təşkilatlarına ölkə vətəndaşları arasında qoşulanların çoxalması, əlbəttə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün həssas vəziyyət yaradıb. Paralel olaraq, Rusiya və İranın ölkəmizi öz təsir dairələrinə salmaq təşəbbüsləri də bu qəbildəndir.

Nəzərə alsaq ki, Gürcüstandakı bir sıra siyasi dairələrdə son illərdə Azərbaycana qarşı ərazi iddiaları qaldırılır, demək ki, ölkəmizin öz milli və siyasi təhlükəsizliyini qorumaqda yardım edəcək müttəfiqlərə, dəstək verəcək dövlətlərə ehtiyacı var. Analitiklər bir sıra qonşu dövlətlərin Azərbaycana münasibətdə pozucu mövqedə dayanmaları faktorunu nəzərə alaraq bildirirlər ki, dəstəkçilər və müttəfiqlər Qərbdə axtarılmalıdır.

Qərbdə Azərbaycana müttəfiq sayılacaq, yaxud dəstək verən ölkələr

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 dövlətdən ABŞ, Fransa və Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğal olunması faktını təsdiqləyir. Düzdür, İngiltərə və ABŞ indi də işğalçını öz adıyla çağırmasa da, iqtisadi və enerji maraqları baxımından Azərbaycanın suverenliyini dəstəkləyirlər. Fransa isə məsələyə ikili standartlarla yanaşır, yürütdüyü siyasətdə ermənipərəst mövqe sərgiləyir, lakin enerji maraqları baxımından Azərbaycana gəldikcə, özünü bitərəf göstərir. Amerika qitəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanın işğalçılıq siyasətini pisləyən yeganə dövlətlər arasında Meksikanın adı var. Meksika Senatı Xocalı Soyqırımını da tanıyıb. Rəsmiləri arasında görüşlər keçiriləndə Braziliyadan da Azərbaycana dəstəkçilər tapılır. Türkiyənin siyasi baxımdan Qərb dövləti olmasını nəzərə alsaq, qardaş ölkə Qərbdə Azərbaycanın yeganə müttəfiqidir. Təkcə o fakta istinad kifayətdir ki, Türkiyə torpaqlarımızın işğal etməsinə görə sərhədlərini Ermənistanın üzünə bağlayıb. Avropada Azərbaycanın dəstəkçilərindən biri Almaniyadır. Almaniya Bundestaqı dəfələrlə qəbul etdiyi sənədlərdə Azərbaycan ərazilərinin işğalı faktını təsdiqləyib və torpaqlarımızın boşaldılması üçün Ermənistana çağırışlar edib.

Skandinaviya dövlətləri olan Finlandiya və İsveç ATƏT-in Minsk qrupunun 11 üzvü arasındadır. Hər iki dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ukrayna da Ermənistanı işğalçı tərəf kimi qəbul edir. Avropa ölkələri arasında Ermənistanla soyuq əlaqələri olan Macarıstanın da Azərbaycana qarşı isti müasibətləri var. Bolqarıstan, Albaniya, Monetenqro, Rumıniya, Belarus və Serbiya ilə də hökumətlərarası səviyyədə isti münasibətlər mövcuddur. Hətta Belarus prezidenti Aleksandr Lukaşenko Qarabağla bağlı son çıxışında KTMT daxilində müttəfiqi olan Ermənistanın narazılığına səbəb olan bəyanat verərək, Azərbaycanın yanında olduqlarını bildirdi. Bosniya - Herseqovina, Makedoniya, Moldova və Maltada da Azərbaycana qarşı xoş münasibətlər var. Separatçılıqdan əziyyət çəkən Moldova və Ukrayna, o cümlədən, soyqırıma məruz qalmış Bosniya - Herseqovina birmənalı şəkildə Azərbaycanı dəstəkləyir.



“Azərbaycan hansı şıltaqlığı etsə belə...”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə deyib ki, siyasətdə əbədi dost yox, əbədi maraqlar var. S.Cəlaloğlunun sözlərinə görə, bir sıra Qərb dövlətləri var ki, Azərbaycanla maraqları üst-üstə düşməyəndə bizə dəstək vermirlər: “Əgər söhbət Dağlıq Qarabağ münaqişəsinin həllindən gedirsə, Qərbdə Azərbaycana birmənalı dəstək verən dövlət yoxdur. Nə ATƏT-in üzvü olan dövlətlər, nə də ABŞ bu dəstəyi verir. İqtisadi məsələlərə gəldikdə, burada Qərbin bütün iqtisadi-siyasi dairələri Azərbaycanı dəstəkləyirlər. Amma demək olmaz ki, Azərbaycan nə oyundan çıxsa belə, onu dəstəkləyən əbədi dostları var. Yalnız Türkiyə bu məsələdə istisnadır ki, Azərbaycan hansı şıltaqlığı etsə də belə, qardaş ölkə həmişə bizim yanımızdadır və olacaq da. Amma Türkiyədən başqa Azərbaycanı birmənalı dəstəkləyən dövlət yoxdur”.



“Hakimiyyət ölkənin taleyini qaranlığa aparır”

Müsavat Partiyası başqanının müavini Elman Fəttah “Cümhuriyət”ə bildirib ki, Qərbdə Azərbaycana müttəfiq sayılacaq və dəstək verən dövlətlər var. E.Fəttah xatırladıb ki, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti, o cümlədən, Almaniya Bundestaqı dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması faktını təsdiqləyib: “Avropadan olan bu güclər Azərbaycan ərazilərinin boşaldılmasıyla bağlı qətnamələr qəbul ediblər. Digər yandan Avropa Liberal Alyansı dəfələrlə öz rəsmi sənədlərində Azərbaycanın maraqlarına uyğun mövqe sərgiləyib, həmişə Azərbaycanda insan haqları mövzusunu gündəmdə saxlayıb. Azərbaycanın demokratik ölkəyə çevrilməsi yönündə fəaliyyət göstərib, hakimiyyətin atdığı anti-demokratik addımları kəskin tənqid edib. Məhz bu cür davranışlar, mövqe Azərbaycanın milli maraqlarına uyğundur.
Çünki ölkənin taleyini qaranlığa aparan Azərbaycan hakimiyyəti ölkəmiz üçün böyük təhlükədir. Azərbaycan hakimiyyətinin dövlətçiliyimizə, o cümlədən, insan haqlarına qarşı yürütdüyü avtoritar siyasəti dövlət maraqlarımıza ziddir ki, bunun da əleyhinə Avropada ciddi sənədlər qəbul olunub”.



“Rusiya və İran Azərbaycan üçün təhlükədir”

Politoloq Rauf Mirqədirov “Cümhuriyət”ə deyib ki, Qərbdə Azərbaycanın müttəfiqi yoxdur. Müttəfiq anlayışının qeyri-müəyyən olduğunu vurğulayan R.Mirqədirovun sözlərinə görə, söhbət maraqlardan getməlidir: “Sözsüz ki, Qərbin Azərbaycanın yerləşdiyi regionda maraqları var. Söhbət ondan getməlidir ki, burada Azərbaycanın maraqları Qərbin maraqları ilə nə dərəcədə uzlaşır. Azərbaycan o qədər böyük dövlət deyil ki, onun Qərbdə müttəfiqləri olsun. Lakin Avropa İttifaqı və ABŞ-ın regionda maraqları var. Bu iki sahə ilə bağlıdır: regional təhlükəsizlik və enerji təhlükəsizliyi. Orta Asiya və Cənubi Qafqazın enerji təhlükəsizliyinə Qərb xüsusi önəm verir. Bu, iki sahə üzərində Qərblə münasibətlərimizi qura bilərik. Əgər biz iqtisadi və enerji təhlükəsizliyimizi istəyiriksə, Rusiyadan kənar həm özümüzün, həm də Orta Asiyanın enerji resurslarının Qərb bazarlarına çıxarılmasında maraqlı olmalıyıq. Bu baxımdan ABŞ və Avropa İttifaqının Azərbaycanla maraqları üst-üstə düşür”.

Rauf Mirqədirov bildirib ki, Azərbaycan çox mürəkkəb bir regionda yerləşir: “Söhbət qlobal hərbi-siyasi təhlükəsizliklə bağlıdır. Qarabağ münaqişəsini kənara qoyaq, biz iki imperiya arasında yerləşirik: İran və Rusiya arasında. İran daha böyük tarixi ənənəni, Rusiya isə 200 illik amilləri əsas götürərək Cənubi Qafqazda öz maraqlarını təmin etmək istəyir. Hər iki ölkə Azərbaycan üçün təhlükədir. Öz təhlükəsizliyimizi təmin etmək üçün biz Qərbdə öz müttəfiqlərimizi tapa bilərik. Yəni Qərbi Azərbaycana yaxınlaşdıracaq faktorlar var”.

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar